Ana səhifə / Araşdırma / Məhkəmə Fərman Kərimzadənin həbsdəki oğluna vaxt verib – borc məsələsi

Məhkəmə Fərman Kərimzadənin həbsdəki oğluna vaxt verib – borc məsələsi

Tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu dəfə də məhkəmə Ə.Kərimzadəyə vaxt verib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə uzun müddətdir məhkəməyə gəlməsi gözlənilən İlahə Əliyeva da iştirak edib.

İ.Əliyeva zərərçəkmiş şəxsdir. O, Ə.Kərimzadəyə 30 min manat pul verdiyini iddia edir.

Ancaq Ə.Kərimzadə deyir ki, zərərçəkmiş İlahə Əliyevanın oğlu Kamran Əlizadə şahid kimi ifadə verməlidir: “Anası ifadəsində gah 20, gah 25, gah da 30 min manat zərər çəkdiyini deyir. Onun ifadəsi yalandır. Əgər oğlu ifadə versə, dindirilsə, yalan dediyi üzə çıxacaq. Ona görə də məhkəmədən xahiş edirəm ki, Kamran məhkəməyə gətirilsin”.

Məhkəmədə ifadə verən İlahə Əliyeva bildirib ki, oğlu Türkiyədə təhsil aldığı üçün məhkəmyə gələ bilmir: “Bir həftəyə yaxındır ki, Türkiyəyə gedib”.

Hakim Rahib Salmanov: “Biz bir neçə aydır ki, oğlunuzun məhkəməyə gəlməsi üçün çağırış göndəririk. İndi isə deyirsiniz ki, bir həftədir Türkiyəyə gedib. Bu müddət ərzində niyə gəlmirdi?”.

İ.Əliyeva: “Oğlum istintaqa ifadə verib”.

Hakim: “İstintaq başqa orqandır. Bura məhkəmədir. Gəlməlidir və ifadə verməlidir. Siz bizə oğlunuzun tələbə vəsiqəsinin ən azından fotosunu göndərin. Biz artıq prosesi uzada bilmərik”.

Zərərçəkmiş İlahə Əliyeva ifadəsinin davamımda deyib ki, o, dəymiş zərərin ödənilməsini istəyir: “Borcum banka artıq 70 min olub. Əzizin bacısı hərdən maraqlanırdı. Sonra mən onlardan istədim ki, heç olmasa bankın borcunu ödəsinlər. Ancaq ödəmədilər”.

Əziz Kərimzadə isə yenə də məhkəmədən möhlət istəyib və zərərin ödəniləcəyini deyib: “Xahiş edirəm ki, mənə möhlət verin. Həll etməyə, zərəri ödəməyə çalışırıq”.

Hakim isə artıq işin çox uzadığını deyib: “Artıq aylardır iş gedir. Sizə atanız üçün hörmət edirik. Rəhmətlik kişi respublikada tanınmış, ziyalı insandır. İnsanlar onun sənətinə baxıb ləzzət alır. Amma biz bu qədərdən artıq hörmət edə bilmərik. Son olaraq sizə bir neçə gün vaxt veririk. Digər şahid Kamran Əlizadənin də məhkəməyə gətirilməsinə çalışacağıq. Siz də bu vaxta qədər nə edirsinizsə, edin”.

Prokuror Orxan Kəngərli isə bildirib ki, bu iş üzrə bir nəfər zərərçəkmiş yoxdur, əlavə 7 epizod var və bir epizoda görə işin uzadılması düzgün deyil.

Məhkəmədə məlum olub ki, 7 zərərçəkmişdən 3 ilə barışıq əldə edilib.

Növbəti məhkəmə prosesi martın 3-nə təyin edilib.

Qeyd edək ki, Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın