Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Məhkəmə 860 minlik dələduzluq edən şəxsi azadlığa buraxdı

Məhkəmə 860 minlik dələduzluq edən şəxsi azadlığa buraxdı

Bakı Apelyasiya Məhkəməsində Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi və “Badi-Kübə” mənzil-tikinti kooperativinin direktor müavini Asif Əsədullazadənin məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, Asif Əsədullazadə “Badi-Kübə” MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev təklif edib. O, alıcılarla müqavilə də bağlayıb. Lakin binanı tikməyib və ümumilikdə 29 nəfərin pulunu mənimsəyib. A.Əsədullazadə 29 vətəndaşa 31 ev satmaqla 860 min 90 manat mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Əsədullazadə 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Asif Əsədullazadənin həbs edilməsini tələb edib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Asif Əsədullazadənin işi üzrə qərar açıqlanıb. Qərara görə, Baş Prokurorluğun şikayəti qismən təmin edilib. Məhkəmə Asif Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə cəza təyin edib. O, məhkəmə zalındaca həbs edilib.

Həmin qərardan narazı qalan Baş Prokurorluq kasasiya protesti verərək Asif Əsədullazadənin həbs edilməsini istəyib. Ali Məhkəmədə işə baxan hakimlər Asif Əsədullazadənin işi üzrə çıxarılan qərarı ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması təklif edilib.

Bu dəfə Asif Əsədullazadənin apellyasiya şikayəti üzrə prosesə Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə prokurorluğun şikayəti üzrə qərar elan edilib. Qərara görə, Asif Əsədullazadənin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric edilib. Məhkəmənin Asif Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş cəza əvvəllər həbsdə olduğu müddətə hesablanıb və buna görə də o, məhkəmə zalından azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Asif Əsədullazadənin oğlu Türkel 2012-ci il iyunun 5-də, saat 15.00-da Yeni Günəşli qəsəbəsində yerləşən “Badi-Kübə” Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb, MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə yaralayıb. Cinayətin baş verməsinə səbəb Ədalət Qəmbərovla Asif Əsədullazadənin arasında olan mülk mübahisəsi olub. Bu qanlı cinayət hadisəsi baş verəndən sonra MTK-da külli miqdarda dələduzluq faktı aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Türkel Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti və protest verilsə də, qərar qüvvədə saxlanılıb. Türkel Əsədullazadənin işinə Ali Məhkəmədə də baxılıb və şikayət təmin edilməyib. Asif Əsədullazadənin işindən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badi-Kübə” MTK-nın təsisçisi Zaur Cabbarovun cinayəti ayrıca icraata götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsib Əliyev 13 il, Zaur Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs hökmdən narazı qalıb. Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində Nəsib Əliyev və Zaur Cabbarovun şikayətinə baxılıb və təmin edilməyib. Amma Ali Məhkəmə həmin qərarı ləğv edərək işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Hazırda hər iki şəxsin şikayəti üzrə məhkəmə prosesi davam edir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın