Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Məni 620 min manatla dolu torba ilə götürüb apardılar nazirliyə…”

“Məni 620 min manatla dolu torba ilə götürüb apardılar nazirliyə…”

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bugünkü iclasda beş zərərçəkmiş və iki şahid məhkəmə qarşısında ifadə verdi.

 “50 min manata öyrəşmişdim, bu dəfə 100 min istədilər”

Zərərçəkmiş Ələddin İbadov ifadəsində bildirdi ki, “Nur Avto” MMC-nin direktorudur və vaxtilə avtomobil ehtiyatlarının təchizatı ilə məşğul olub. Ə.İbadovun sözlərinə görə, 2014-cü ilin dekabr ayında MTN-ə dəvət olunub və təqsirləndirilənlər Füzuli Əliyevlə Natiq Alıyevin müşayiəti ilə nazirliyin həyətindəki “Sultan” kafesinə aparılıb. Burada MTN əməkdaşları ondan 100 min manat ödənilməsini tələb ediblər.

“Məndən çox yerdən çox pul istəyiblər, sahibkar adamam. Hər dəfə də 50 min manat vermişəm və bu məbləğə öyrəşmişəm, amma bu dəfə tələb olunan məbləğ bir az çox oldu”, – zərərçəkmiş deyib.

Dövlət ittihamçısının “Bu pulu sizdən nəyə görə istədilər?” sualına zərərçəkmiş belə cavab verdi: “Dedilər ki, gərək pul yazdırasan, MTN-ə kömək etməlisən. İndiyə qədər niyə gəlməmisən?”

Ə.İbadov ertəsi gün 127 min dollar xırdalayaraq, 100 min manat pulu gətirib MTN əməkdaşı Natiq Alıyevə verdiyini deyib. “Bu pulu kimdən və hansı müddətdə topladınız?” – prokurorun bu sualına zərərçəkmiş cavab verdi: “Nə pul idi ki? Elə iki adamdan verdiyim malın pulunu aldım, gətirib verdim”.

Vəkil Adil İsmayılovun zərərçəkmişə verdiyi suallardan və izahatdan məlum oldu ki, Ələddin İbadovun pulu verdiyini iddia etdiyi gün və vaxt, mobil operatorlardan alınmış arayışlara görə, təqsirləndirilən Natiq Aliyev ümumiyyətlə, MTN ərazisində olmayıb. Bu məsələyə aydınlıq gətirən təqsirləndirilən Füzuli Əliyev əlavə etdi ki, həmin gün o özü də MTN-də işə gəlməyib və tamamilə başqa ərazidə olub. O, dediklərinin mobil operatorların verdiyi arayışla da təsdiqləndiyini dedi.

Daha sonra Füzuli Əliyev söz alaraq zərərçəkmişə müraciət etdi: “Vergilər Nazirliyi verdiyimiz sorğuya cavab olaraq bildirib ki, Ələddin İbadov adlı şəxs vergi ödəyicisi deyil və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Bunu necə izah edə bilərsiniz?”

Bu suala cavab oaraq zərərçəkmiş dedi ki, növbəti iclasa ödədiyi vergilər barədə arayışları gətirə bilər.

Milandan gətirilən qızıl və iddiasız zərərçəkmiş

Zərərçəkmiş Yəhya Hüseynov ifadəsində bildirdi ki, 2014-cü ilin may ayında İtaliyadan qızıl-zinət əşyaları gətirdiyi vaxt hava limanında MTN əməkdaşları tərəfindən saxlanılıb.

Y.Hüseynov qeyd edib ki, təqsirləndirilən Füzuli Əliyevlə birlikdə MTN-ə gedib və bir müddətdən sonra sərbəst buraxılıb. Zərərçəkmiş təqsirləndirilənlərə qarşı heç bir iddiasının olmadığını əlavə etdi.

Vəkil Adil İsmayılov zərərçəkmişə sual verib: “Cinayət işinin materiallarında yazılır ki, MTN-də sizi qızıl əşyalarının qaçaqmalçılığında ittiham ediblər. Belə bir hal olub?”

“Xeyr, məni heç bir qeyri-qanuni əməldə ittiham etməyiblər, belə bir hal olmayıb”, – Yəhya Hüseynov bildirib.

 

620 min manat: pul olub, ya olmayıb?

Zərərçəkmiş Zaur Abiyev ifadəsində bildirib ki, “Elnur-2” şirkətində direktor vəzifəsində çalışır. 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.

Z.Abıyev əlavə edib ki, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

Sübahir Qurbanov

Vəkillərin zərərçəkmişlə sorğu-sualından məlum oldu ki, “Elnur-2” şirkəti təmir-tikinti işləri ilə məşğul olur və müxtəlif tenderlərdə qalib gələrək müəyyən işləri görüb. Misal üçün, bu hadisələr baş verən vaxt Saatlı Olimpiya kompleksinin tikintisini həyata keçiriblər. Belə ki, “İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün “Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.

Vəkil Adil İsmayılov bildirdi ki, həmin gün bu bankda Zaur Abıyevin adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub. Bir qədər irəli gedərək qeyd edək ki, müdafiəçinin bu iddiası başqa şahid ifadələrində özünü doğrultdu.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyevanın şahid qismində verdiyi ifadə isə bəzi mətləblərə aydınlıq gətirdi.

Onun sözlərinə görə, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb. Şahid əlavə edib ki, sözügedən gün şirkətin ofisinə 3 nəfər MTN əməkdaşı gəlib və o zamankı direktor Əlizadə Abduləliyevlə görüşüblər. Mühasib şirkətdə 40-50 nəfər əməkdaşın çalışdığını sözlərinə əlavə etdi.

Füzuli Əliyev

Təqsirləndirilən Zaur Məmmədov neçə nəfərdir?

Şahid Əlizadə Abduləliyev ifadəsində dedi ki, orta təhsilli olmasına baxmayaraq, 2005-ci ildən 2015-ci ilədək “Elnur-2” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, şirkətdə 100 nəfərə yaxın əməkdaş işləyib və əməkhaqqı alıb. Yeri gəlmişkən, vəkil Adil İsmayılov sonradan sənədlərlə göstərdi ki, şirkətdə fəhlə kimi qeydiyyatda olan şəxslərin aylıq maaşı 90 manata bərabər olub. Ən yüksək maaş alan direktorun aylır məvacibi isə 450 manat imiş.

Əlizadə Abduəliyevin sözlərinə görə, ofisə gələn MTN əməkdaşları arasında Zaur Məmmədovu xatırlayır və təqsirləndirilən vəsiqəsini göstərərək, özünü təqdim də edib.

Maraqlıdır ki, zərərçəkmiş Zaur Abiyev də iddia edir ki, həmin saatlarda MTN-də saxlanılıb və nazirlikdə olduğu bütün vaxt ərzində təqsirləndirilən Zaur Məmmədov onunla bir otaqda olub. İfadələrdəki bu uyğunsuzluğu “Elnur-2” şirkətinin əməkdaşları izah edə bilmədilər.

 “Mən 191 min 800 manat pulumu tələb edirəm”

Zərərçəkmiş Gündüz Əliyev məhkəmədə ifadə verərək bildirdi ki, Sumqayıtda mebel sexi var və fiziki şəxs kimi mebel istehsalı və mebel sexinin daxilindəki tikiş sexində uniformaların hazırlanması ilə məşğul olub.

G.Əliyev digər zərərçəkmiş Arif Kərimovun vasitəsilə tender qaliblərindən subpodrat sifarişlərini qəbul etdiyini və bunu müqabilində qazanılan pullardan 3%-ni vasitəçi kimi A.Kərimova ödədiyini deyib.

2015-ci ildə yerinə yetirilmiş bir işin ödənişi kimi 191 min 800 manat məbləğdə pulu “Buta” çay evində Arif Kərimovdan aldığını deyən zərərçəkmiş sözlərinə davam edib: “Kafedən çıxmaq istəyərkən bizə 3-4 nəfər yaxınlaşıb MTN-ə getmək lazım olduğunu bildirdilər. Mən Füzuli Əliyevlə bir maşında Bakıya – MTN-in binasına getdim. Orada bir müddət saxlanıldıqdan sonra pulumu əlimdən alıb, özümü sərbəst buraxdılar. İndi mən həmin 191 min 800 manat pulumnu tələb edirəm. Məni talayıblar”.

Vəkillərin sorğu-sualının gedişində təqsirləndirilən Sübahir Qurbanovun müdafiəçisi Adil İsmayılov cinayət işinin materiallarına daxil olan sənədə əsasən bildirib ki, əslində, zərərçəkmiş heç bir məhsul istehsal etməyib və sifarişçiyə təchiz edilən mallar müxtəlif ölkələrdə istehsal edilmiş məhsullar olub. Bir fakt da üzə çıxdı ki, həmin malların təhvil-təslim aktı MTN əməkdaşları tərəfindən saxlanılmaya xeyli vaxt qalmış rəsmiləşdirilib.

Təqsirləndirilən Füzuli Əliyev yerindən replika ataraq, zərərçəkmiş Gündüz Əliyevin böyük məbləğdə vəsaitlərin nağdlaşdırılması üzrə “ixtisaslaşdığını” və bu barədə ifadəsində məlumat verəcəyini dedi.

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının cümə axşamı, aprelin 13-də keçiriləcəyini elan etdi.

musavat.com

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın