Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Məhkum həbsxananın həkimlərindən şikayət etdi

Məhkum həbsxananın həkimlərindən şikayət etdi

“Dəfələrlə bu həkimlərin ayaqlarına düşüb, yalvarıb-ağlayıb məni müalicə etmələrini xahiş etsəm də, heç bir xeyri olmayıb”

Ədliyyə Nazirliyinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Həsənov Tahir Şəmməd oğlu “Yeni Müsavat” qəzetinə məktub yollayıb. O yazır:“Mən dustağam, törətdiyim əməlimə görə 12 il cəza almışam. 3 ildən artıqdır ki, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinin insanlıqdan, həkimlikdən xəbəri belə olmayan həkimlərinin işgəncələri nəticəsində dözülməz durumdayam. Yuxusuzluq, əsəb, stress, ürək ağrısı, mədə-bağırsaq ağrısına dözə bilmirəm. Gücsüz, taqətsiz durumdayam.
Müalicə almaq üçün 6 saylı müəssisədən Ədliyyə Nzirliyinin müalicə müəssisəsinə göndərilsəm də, 3 il ərzində bu günə kimi məni orada müalicə etmirlər. Xəstəxanadakı müayinə-müalicələrin heç biri düzgün aparılmır. Dövlət tərəfindən ayrılan iynə-dərmanlar xəstələrə verilmir. Xəstə, imkansız dustaqlar ağır vəziyyətdədirlər. Yemək də keyfiyyətli deyil. Xəstəxanada hər şey pulladır. Pulun yoxdursa, yıxıl öl. Heç həkimin vecinə deyil. Həkim xəstəyə şəfa verməlidir. Burada hər şey tərsinədir. Həkimdən müalicə tələb etdikdə, pulun yoxdursa, deyir ki, sən cinayət eləmisən, bizdən müalicə tələb etmək  haqqın yoxdur. Pulun yoxdursa, biz nə edək, özünü öldür.
Mən dəfələrlə bu həkimlərin ayaqlarına düşüb, yalvarıb-ağlayıb məni müalicə etmələrini xahiş etsəm də, heç bir xeyri olmayıb. Məni hər dəfə xəstəxanada xəstə olduğum halda, əllərimə qandal vurub sürüyüb maşına qoyub geriyə – cəza çəkdiyim 6 saylı müəssisəyə göndərirlər. Məni it yerinə qoymurlar. Burda mənim kimi xəstələr çoxdur. Hamımız bu vəziyyətdəyik. Yiyən, pulun yoxdursa, mənim kimi işgəncəylə ölməlisən. Kimin yiyəsi varsa, gəlib həkimə pul verir. İynə-dərmanı özü alıb gətirir. Lazımdırsa, öz pullarıyla savadlı həkim də gətirirlər. Yeməkləri də çöldən gəlir. 
Məni isə nə müalicə edirlər, nə yemək verirlər. Burada pulsuz heç nə yoxdur. Həkimdən müalicə tələb etdikdə çox vaxt məni döyürlər. Sürüyüb bayıra atırlar. Baxmırlar xəstəyəm. Səadət Əzizova, Məhərrəm, Hafis, Anar, Feruz, Mehman Qədirov, Akşin, Bəhruz – adlarını qeyd etdiyim həkimlər bizə əzab verirlər. Mən başıma gələnlər barədə hər yerə şikayət etmişəm, heç kim baxmır. Prezidentə, Mehriban xanıma, ombudsmana, dəfələrlə Ədliyyə Nazirliyinin tibb baş idarəsinə yazmışam. Baş idarədən İftixar Qurbanov və Samir adlı inspektor gəlib mənə hədə-qorxu gəlirlər. Xəstəxananın həkimlərinin cinayət əməllərinə göz yumurlar. Mənim Allahdan başqa heç kimim yoxdur. Dalımca gələnim yoxdur. Burda yiyəsiz oldunsa, mənim kimi ölməlisən. Yalvarıram mənə kömək edin, imkan verməyin məni öldürsünlər. Mən dustağam, mən axı pulu hardan gətirim bunlara verim? Mən intihar həddindəyəm, məcburam özümü öldürüm, daha dözə bilmirəm”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın