Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Məhkəmə “8-ci kilometr bazarı”nın üzərinə həbs qoydu – ticarətçi bazardan çıxarılır?

Məhkəmə “8-ci kilometr bazarı”nın üzərinə həbs qoydu – ticarətçi bazardan çıxarılır?

“Təkcə Akif Çovdarovun yox, onun qohum-əqrəbasının da əmlakına həbs qoyulub. Ancaq belə bir sübut yoxdur ki, onlara məxsus olan əmlakı Akif Çovdarov və ya ailə üzvləri deyildiyi kimi, hədə-qorxu yolu ilə əldə etdiyi pulla qazanıb və ya evini bununla tikib”. Bunu musavat.com-a açıqlamasında ləğv edilmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib.

Vəkilin sözlərindən aydın olub ki, həbsdəki generalın bütün varidatına həbs qoyulub. Hətta Çovdarovun nəvələrinin planşetləri və oyun diskləri belə müstəntiqlər tərəfindən müsadirə edilib. Çərxi-fələyin tərsinə dövran etməsi nəticəsində Çovdarovun ailə üzvlərinə – qızlarının, oğlunun, kürəkənlərinin və həyat yoldaşının adına olan əmlaklara həbs qoyulub. Həbs qoyulan əmlaklar arasında Nizami rayonunda yerləşən “vosmoy bazarı” da var.

Bu həmin o bazardır ki, Eldar Mahmudovun “vuran əli” hesab olunan Akif Çovdarov və sabiq nazirin müavini Hilal Əsədov tərəfindən hələ 2005-ci ildə sahiblərindən – Səfərov qardaşlarından alınıb. Bir müddət əvvəl “Yeni Müsavat” bazarın Səfərovlardan alınmasının detallarını təqdim etmişdi. “MTN generallarının ”vosmoy bazarı” əməliyyatı”nın yeni şok detalları” http://musavat.com/mobile/olke/mtn-generallarinin-vosmoy-bazari-emeliyyatinin-yeni-shok-detallari-qarshi-terefden-ilginc-achiqlamalar_384679.html sərlövhəli yazıda bu haqda geniş məlumat verilib deyə, qısa olaraq qeyd edirik ki, bazar Səfərovlardan zorla alınıb və iki hissəyə bölünüb. Bazarın 50 faizi Akif Çovdarovun qızının adına, yerdə qalan 50 faizi isə Hilal Əsədovun qayınatasının adına rəsmiləşdirilib. İndi A.Çovdarovun vəkilinin açıqlamasından məlum olur ki, bazarın üzərinə həbs qoyulub.

Bazarın üzərinə həbs qoyulması orada çalışan xırda ticarətçilərin gələcək işgüzar taleyini şübhə altına alırmı? Onlar məhkəmə qərarından asılı olaraq iş yerlərini itirə bilərlərmi? Bazarın üzərinə həbs qoyulması bazarda işin dayandırılması deməkdirmi? Məhkəmə qərar versə ki, bazar Akif Çovdarovun qızından və Hilal Əsədovun qayınatasından alınıb qanuni sahiblərinə keçsin, bu halda xırda ticarətçilərin durumu necə olacaq?

Bu suallarla hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimə müraciət etdik. Hüquqşünas dedi ki, ticarət mərkəzinin üzərinə həbsin qoyulması orada çalışan xırda ticarətçilərə gələcəkdə hər hansı bir problem yaratmamalıdır. Amma məsələnin bu tərəfi də var ki, ticarət mərkəzinin sahiblərinə qaytarılması hazırkı sahiblərlə bağlanmış müqavilələrin yenilənməsini zəruri edir: “Orada xırda ticarətçilərin böyük əksəriyyəti piştaxtaları kirayələyib alver edir. Yəni bu adamlar bazarın hazırkı sahibləri ilə müqavilə bağlayıb alver edirlər. Ona görə ”8-ci kilometr bazarı”nın üzərinə həbsin qoyulması orada ticarətin ümumiyyətlə dayandırılmasına səbəb ola bilməz. Ancaq gələcəkdə məhkəmənin qərarı ilə bazar əvvəlki sahiblərinə qaytarılsa, sözsüz ki, yeni sahib orada ticarətlə məşğul olan insanlarla yeni icarə müqaviləsi bağlaya bilər. Amma əvvəlki müqavilələrin müddəti bitənə qədər gözləyə də bilərlər”.

Hüquqşünas xırda ticarətçilərin işinə azərbaycansayağı müdaxilələrin ola biləcəyini də istisna etməyib: “Bura Azərbaycandır, burada hüquqi müstəvidə konkret nəsə söyləmək, proqnoz vermək çox çətindir. Çünki bu ölkədə çox vaxt qanunun şahlığı az ömürlü olur”.

V.Əyyub deyir ki, məhkəmə bazarın sahiblərindən alınmasını təsdiqləyərsə, bu halda sahiblərinə əllərindən çıxmış faydaya görə kompensasiya ödənilə biləcəyini də bildirib: “Məhkəmə hökm çıxarsa ki, Çovdarovla Hilal Əsədov bazarı sahiblərindən zorla alıblar, bu halda bazarın əsl sahibləri onlardan kompensasiya tələb edə bilərlər. Bazarı 11 il işlədib pul qazanıblar, həmin illər ərzində qazanılan pulları hər iki generaldan müştərək qaydada tutub bazarın qanuni sahiblərinə verməlidirlər. Bunun üçün bazarın sahibləri məhkəməyə mülki iddia ilə müraciət etməlidirlər”.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın