Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Araşdırma / “Lexus”da öldürülən qardaşların anası da “tikə-tikə doğranmaqla” hədələnir

“Lexus”da öldürülən qardaşların anası da “tikə-tikə doğranmaqla” hədələnir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Cahid və Cavid Rəhimov qardaşlarını qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Proses başlamamışdan öncə təqsirləndirilən Zaur Tərlanovla mərhum Rəhimovların anası Nigar Rəhimovanın qısa mübahisəsi yarandı.

Zaur Tərlanovun zala gətirildiyini görən Nigar Rəhimova özünü saxlaya bilmədi: “Niyə balalarımı öldürdün? Mən onları səndən ötrümü həyata gətirmişdim? Bir əxlaqsıza görə niyə evimi yıxdın? Kişi deyildinmi, bu hadisədən sonra niyə özünü öldürmədin? Adamın düşməni olanda da şərəfli düşmən olar”.

Təqsirləndirilən Zaur Tərlanov isə cavabında zərərçəkmişi hədələdi:“Mən kişiyəm, sən sələmçisən, 500 ev yıxmısan, səni camaatın ahı tutub. Reket idiniz? 4 ay mənə zülm verdilər. Qanı qanla yumaq istəyirsinizsə, yuyarıq. Mənim çöldə adamlarım var, səni tikə-tikə doğratdırarıq!”

Tərəflər arasında yaranmış mübahisə sakitləşdiriləndən sonra məhkəmə prosesi başlandı. Hakim Mayıl Bayramov ötən məhkəmə prosesində 14 nəfər əlavə şahidin dəvət olunması ilə bağlı müdafiə tərəfinin qaldırdığı vəsatətin qismən təmin olunduğunu bildirdi.

Daha sonra zərərçəkmişin nümayəndəsi, vəkil Ceyhun Yusifov Qaradağ Rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün polis nəfərləri Elşad Əliyev və Rauf Əsədullayevin şahid qismində məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırdı.

Vəkil təqsirləndirilən şəxsin polisə könüllü təslim olması ilə bağlı protokolda saxtakarlığa yol verildiyini bildirdi: “Hadisədən dərhal sonra Elşad Əliyev və Rauf Əsədullayev yazdıqları raportda qeyd ediblər ki, 8 yanvar, 2015-ci il tarixində Sahil qəsəbəsinin inzibati ərazisində xidmətdə olduqları zaman saat 16:45  radələrində qəsəbənin çıxışından Dərin Özüllər Zavoduna gedən yolda iki avtomobilin dayandığını uzaqdan görüblər və atəş səsləri gəldiyini eşidiblər. Onlara yaxınlaşanda silahlı bir nəfərin “Lexus” markalı avtomobilin salonuna bir neçə dəfə atəş açdığını görüblər.

Bundan sonra polislər ondan silahı yerə atmasını tələb ediblər. “Lexus”un içində adam olduğunu görüncə havaya xəbərdarlıq atəşi açıblar. Bu zaman Zaur Tərlanov avtomobilə minib qaçmaq istəyərkən ikinci xəbərdarlıq atəşi açaraq dayanmasını tələb ediblər və bundan sonra ona yaxınlaşaraq tərksilah ediblər.

Göründüyü kimi, Zaur Tərlanovun təslim olmaq kimi bir niyyəti olmayıb. İş materiallarına əlavə olunmuş protokol (könüllü gəlmə protokolu) saxtadır və heç bir faktı müəyyən etmir. Xahiş edirəm, saxtalaşdırılmış protokol sübutlar siyahısından çıxarılsın”.

Məhkəmə zərərçəkmiş tərəfin qaldırdığı vəsatəti qismən təmin etdi.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan etdi.

İttihama görə, Zaur Tərlanov 8 yanvar, 2015-ci ildə Qaradağ rayonu, Sahil qəsəbəsindəki “Dəniz” kafesində dostu Anar Xəlilovla birlikdə olarkən həmin kafeyə qeyri-rəsmi nikahda olduğu Xanım Aslanova ilə hələ 2014-cü ilin avqust-sentyabr aylarında münasibətdə olması səbəbindən aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisəsi düşmüş Cavid Rəhimov və qardaşı Cahid Rəhimov gəliblər.

Hər ikisi onun paltarından dartaraq kafedən bayıra çıxmağa məcbur ediblər. Z.Tərlanov bayıra çıxan zaman ondan dəniz kənarına getməyi və Xanım Aslanovaya görə yaranmış mübahisəni davam etdirmək istədiklərini bildiriblər. Z.Tərlanov əvvəlcə imtina etsə də sonradan onlarla getməyə razılaşıb və özünə məxsus “Mercedes c300” markalı avtomobilə əyləşib.

Rəhimov qardaşları isə “Lexus” markalı avtomobilə əyləşiblər. Sahil qəsəbəsinin çıxışında Cahid Rəhimov maşını saxlayıb və Z.Tərlanovdan dəniz kənarına sürməsini tələb edib. Z.Tərlanov dəniz kənarına sürməyəcəyini deyib. Bu zaman o, Cavid Rəhimovun üzərində bıçaq olduğunu görərək onu öldürəcəklərini güman edib. Bu səbəbdən də hər iki qardaşı öldürmək qərarına gəlib. Şübhə doğurmamaq üçün onlarla getməsinə razı olduğunu bildirib. Rəhimov qardaşları avtomobilə əyləşəndən sonra Z.Tərlanov öz avtomobilinin arxa oturacağında olan “Vinçester” markalı odlu silahı götürüb. O, əvvəlcə Cavid Rəhimova, sonrasa qardaşı Cahid Rəhimova atəş açıb.

Hakim təqsirləndirilən şəxsdən ona elan olunmuş ittihamla özünü təqsirli bilib-bilməməsini soruşdu.

Təqsirləndirilən Z.Tərlanov özünü təqsirli bilmədiyini,  ifadəsində həm özünə, həm də ailəsinə qarşı çoxsaylı təzyiqlərin olduğunu, hadisənin də məhz bu səbəbdən baş verdiyini dedi: “Mən 4 ay bu adamların təzyiqinə məruz qalmışam. Döydürüblər, evimə giriblər, ailə üzvlərimin qarşısını kəsiblər, hədə-qorxu gəliblər. Hadisə də bu səbəbdən baş verib.

Həmin gün dostum Anarla çayxanada oturmuşdum. Mənim Cavidlə münasibətim olub. Toylarında iştirak etmişəm. Elə şeylər var ki, onları danışmaq olmur. O vaxtlar mən bankda mütəxəssis işləyirdim. Nigar Rəhimovanı bankda işlədiyim vaxtdan tanıyırdım. Dəfələrlə bankdan kredit götürmüşdü, aramızda münasibət yaranmışdı. Mən Cavidi tanımışam, böyük qardaşı Cahidi tanımamışam. Heç tanımaq da istəmirəm. Çünki onun haqqında yaxşı şeylər eşitməmişdim”.

Zərərçəkmiş Nigar Rəhimova yerindən “Kaş mənim oğlanlarımı maşın vuraydı, mən belə şərəfsizlə üz-üzə oturmayaydım” dedi.

Onun bu replikasından sonra təqsirləndirilən şəxs ifadə vermək istəmədiyini bildirdi və hadisə ilə bağlı bəzi detalları unutduğunu dedi:“Çox şeylər yadımdan çıxıb, yadıma düşəndə bir-bir danışaram. Dörd ay idi ki, Ağsuda gizlənirdim. Hadisədən bir gün əvvəl rayondan gəlmişdim. Anar adlı dostum zəng vurdu ki, bankdan kredit götürmək istəyirəm. Həmin vaxt mən artıq bankda işləmirdim. Anarla çayxanada görüşdük. Çayxanada işləyənlər şahiddir, telefon yazıları da var. Hər iki qardaş çayxanaya gəlib məni təhqir etdilər, yaxamdan yapışıb onlarla getməyimi tələb etdilər. Özlərini kinolardakı reketlər kimi aparırdılar. Anarı gəlməyə qoymadılar, dedilər ki, sən gəlmə, yanarsan. Məcbur olub getdim”.

Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı ətrafda Post-Patrul Xidməti əməkdaşlarının maşını olduğunu, amma onların mübahisəsinə müdaxiə etmədiklərini dedi: “Qardaşlar həmişə yüksək vəzifəli məmurların adlarını çəkirdilər, onların adlarından istifadə edirdilər.

Dəniz qırağına çatanda maşından düşdülər, yaxınlaşdılar, məni maşından düşürdülər. Yaxınlıqda Post-Patrul Xidməti maşını olsa da polislər müdaxilə etmədilər. Birində silah, digərində bıçaq var idi. Hədə-qorxu gəldilər. Mənə elə sözlər dedilər ki, o sözləri burada işlədə bilmirəm. Mən onları öldürmək yox, qorxutmaq istəmişəm. Post-Patrul Xidməti maşınında olanlara dedim ki, kömək eləyin. Maşına oturub sürüb gedə bilərdim, amma getmədim”.

Dövlət ittihamçısının suallarını cavablandıran Z.Tərlanov özünə məxsus silahı hadisədən bir müddət əvvəl “Ovçular” mağazasından aldığını bildirib.

Dövlət ittihamçısı:

-Təqib olunmağınız barədə niyə hüquq-mühafizə orqanlarına müraciət etmirdiniz?

Z.Tərlanov:

-Bu adamların qeyri-qanuni işləri çox olub, 5-6 ölüm işləri var. Ona görə də inamım yox idi ki, nəsə tədbir görsünlər.

Vəkil Ceyhun Yusifov:

-“Lexus”la sizin aranızda nə qədər məsafə var idi?

Z.Tərlanov:

-Xatırlamıram.

Vəkil:

-Maşınla polis bölməsinin qarşısından keçəndə niyə bölməyə getmədiniz?

Z.Tərlanov:

-O qədər qeyri-qanuni işlərini ört-basdır ediblər ki, inanmırdım.

Vəkil:

-Əgər sizə qarşı real təhlükə var idisə, niyə maşını sürüb əks istiqamətə getmirdiniz?

Z.Tərlanov:

-Çox şeyi xatırlamıram, yadımda deyil.

Vəkil:

-Əgər doğrudan da niyyətiniz qorxutmaq olubsa, niyə iki güllə atmırdınız? Siz silahda olan 6 güllənin hamısından atəş açmısınız.

Z.Tərlanov:

-Məni dəniz qırağına aparırdılar. Özüm öz ölümümü gözləməli idim?

Vəkil:

-İstintaq zamanı sizə təzyiq olubmu?

Z.Tərlanov:

-Bəli. İstintaq zamanı onlarda silah olduğunu demişəm, müstəntiq silahı qeyd etməyib. Bu işin hamısını eləyən anasıdır. Oğlanları məni döymüşdülər, niyə gəlib qapımı döymürdü?

Zərərçəkmiş Nigar Rəhimova övladlarının planlı şəkildə qətlə yetirildiklərini dedi: “Bu işlərin hamısını o qızla birlikdə, planlı şəkildə qurmusuz. Sən bala qədri bilsəydin, mənim balalarımı öldürməzdin”.

Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.

Qeyd edək ki, hadisə bu il yanvarın 8-də baş vermişdi. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus” avtomobilində odlu silahla qətlə yetirmişdi.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Z.Tərlanov bank işçisi olub. Qətlə yetirilən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər.

 

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın