Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Lapşin Qarabağa qanunsuz səfərinin cəzasını aldı

Lapşin Qarabağa qanunsuz səfərinin cəzasını aldı

Politoloq: “Bundan sonra bloggerlərdən Dağlıq Qarabağa gedənlərin sayı azalacaq”

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a söyləyib ki, əsas məsələ Lapşinin cəzandırılmasıdır:

“Fakt odur ki, Lapşin cəzalandı. O, çox inadkar şəkildə anti-Azərbaycan aksiyası reallaşdırırdı. İndi bu əməllərinin cəzasını aldı. Lapşin hesab edirdi ki, cəzalandırılmayacaq, lakin belə olmadı. Cəzanın müddətinin aşağı olmasına gəlincə isə bu, artıq başqa məsələdir. Müəyyən mənada burada siyasət var. Bəllidir ki, Lapşin o adam deyil ki, ona görə Azərbaycanla İsrailin, eləcə də Rusiyanın hətta ayrıca sahə üzrə komitələrinin, nazirlərinin arasında gərginlik yaşansın. Biz istəyimizə nail olduq. Sabah cəzasını çəkdikdən sonra gedib haradasa nə deməyindən asılı olmayaraq, Lapşin burada öz səhvini etiraf etdi. Düşünürəm ki, Lapşinə cəza ona görə yüngül verildi ki, yeri gəlsə onun ekstradisiyası ilə qısa müddət ərzində məşğul olmaq mümkün olsun. Yəni cəza ilinin az olmasının əsas səbəblərindən də biri budur. Dəqiqdir ki, Lapşin Rusiyaya ekstradisiya ediləcək. Çünki bu ölkənin vətəndaşıdır. Eləcə də İsrail və digər dövlətlərdən daha çox Rusiya bu məsələdə canfəşanlıq edirdi. Həm də o da nəzərə alınmalıdır ki, Belarus Lapşini Azərbaycana verən zaman İnterpolun sənədlərini əsas gətirməmişdi. Çünki İnterpol Lapşini axtarışa verdi və dərhal geri götürdü. Belarus Lapşini Azərbaycana verdiyi zaman MDB dövlətləri arasında cinayətkarların ekstradisiya olunması müqaviləsini əsas götürmüşdü”.

Politoloq bildirib ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Lapşinin ekstradisiyasına əhəmiyyət verməməsi başadüşüləndir: “Çünki Kreml heç zaman Lapşin məsələsi ilə bağlı münasibət bildirməyib. Lapşin məsələsi ilə bağlı Rusiya adından danışan bu dövlətin xarici işlər naziri olub. Ona görə də bu, Kremlə aid məsələ deyil. Arzumuz odur ki, Rusiyanın vətəndaşlarını bu cür canfəşanlıqla müdafiə etməsi Dilqəm Əsgərova da şamil edilsin. Bir məqamı da qeyd edim ki, Lapşinə verilən cəza digərləri üçün də dərs olacaq. Rusiyanın blogger mühitində çox vacib adamlardan biri bu ay vəfat edən Anton Nosik idi. Onun ölümündən sonra aydın oldu ki, əslində bu adam alkoqol xəstəsi olub. Deməli, ermənilər bunu da hansısa adla aldadaraq, Dağlıq Qarabağa gətiriblər. Eyni zamanda məhkəmə prosesləri ərəfəsində aydın oldu ki, Lapşinin də müəyyən maliyyə problemləri olub və dövlət qanunlarını pozmaqla pul qazanırmış. Ermənilər də məhz bundan istifadə ediblər. Həm Lapşin hadisəsi, həm də Nosikin ölümündən sonra bəlli olanlar ermənilərin kimlərlə işlədiyini ortaya qoydu. Ona görə də Lapşinə verilən cəza hər kəsə dərs oldu. Düşünürəm ki, bundan sonra boggerlərdən Dağlıq Qarabağa gedənlərin sayı da azalacaq. Gedənlər də erməni tələsinə uyub, kəskin anti-Azərbaycan münasibəti bildirməyəcəklər”.

Məsələnin hüquqi tərəfləri barəsində “Yeni Müsavat”a danışan ekspert Fərhad Mehdiyev isə bildirib ki, Lapşinin ekstradisiyası indi istənilsə belə, o, hələ bir ilə yaxın burada qalacaq: “Bu, iki ölkə arasındakı ekstradisiya haqqında müqavilə ilə tənzimlənir. Rusiya ilə bizim aramızda da belə bir müqavilə mövcuddur. Rusiya ilə bizim aramızda olan müqaviləyə əsasən, sadəcə olaraq, məhkəmə qərarının qətiləşdirilməsi lazımdır. Yəni Azərbaycanda həbsxanada qalması nəzərdə tutulmur. Bu, məncə, birinci instansiya məhkəməsinin qərarıdır. İndi iş apelyasiyaya gedəcək və orada da kassasiya məhkəməsinin qərarları gözləniləcək. Onun ekstradisiyası Ali Məhkəmənin qərarına qədər gecikdiriləcək. Bu proseslər isə 1 ilə yaxın uzana bilər”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın