Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Kremllə Yerevan arasında “soyuq savaş”: Bakıdan hərbi güc kimi istifadə oluna bilərmi?..

Kremllə Yerevan arasında “soyuq savaş”: Bakıdan hərbi güc kimi istifadə oluna bilərmi?..

Son günlər Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskinləşməsi Bakının da ritorikasına təsirsiz ötüşməyib. Artıq Ermənistanın sülhlə bağlı çağırışlara cavab vermədiyi, Qərbin təzyiqi ilə yeni təxribatlar törətdiyi kimi iddialar səsləndirilir.

Hər şey Paşinyanın çıxışından sonra başladı…

Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 22-də “France 24” telekanalına müsahibəsində ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurduğunu ifadə etməsi Rusiya ilə münasibətləri kəskinləşdirib.

Nikol Paşinyan. Foto: Meydan TV

Paşinyan bəyan edib ki, KTMT  Ermənistanın üzləşdiyi “təhlükəsizliklə bağlı çətinliklərə” reaksiya verməyib.

Bu səbəbdən də Baş nazir ölkəsinin belə bir təşkilatda fəaliyyətini gərəksiz sayıb.

Paşinyan həmçinin bildirib ki, dəstək əvəzinə, Rusiya bir neçə ay əvvəl açıq şəkildə Ermənistan əhalisini hökuməti devirməyə çağırıb.

Peskov deyir ki, KTMT-nin sənədlərində üzvlüyün doldurulması anlayışı yoxdur…

Dmitri Peskov. Foto: Meydan TV

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov fevralın 26-da Nikol Paşinyanın çıxışını şərh edərkən deyib ki, KTMT-nin sənədlərində üzvlüyün dondurulması ilə bağlı hər hansı bir müddəa yoxdur.

“Erməni tərəfdaşlarla kifayət qədər tez-tez əlaqə saxlayırıq. Təbii ki, biz aydınlaşdıracağıq. Müvafiq sənədlərə əsasən, KTMT planında belə bir rejim yoxdur. Ünsiyyət quracağıq, öyrənəcəyik”, – Peskov jurnalistlərə belə deyib.

Simonyan KTMT-ni “özünü söndürmüş” qurum sayır…

Foto: “galatv.am”

Fevralın 27-də isə Ermənistanın Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərə deyib ki, o, Baş nazir Nikol Paşinyanın KTMT-də iştirakını dayandırması ilə bağlı bəyanatını bölüşür.

Simonyan həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti ölkə vətəndaşlarının hər birinin KTMT ilə bağlı qəzəbinə və münasibətinə şərikdir.

O, KTMT-ni “özü-özünü söndürmüş və fəaliyyətsiz” qurum adlandırıb.

Lukaşenko da narahatdır…

Aleksandr Lukaşenko. Foto: MeydanTV

Belarus Prezidenti Aleksandr Lukaşenko da Ermənistanın KTMT ilə münasibətlərinə toxunub.

O deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistansız dağılmayacaq.

Eyni zamanda, Lukaşenko Ermənistanı bu məsələdə tələsməməyə çağırıb.

Suslov Paşinyanı “Qərbi Azərbaycan”la hədələyir…

Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov isə Ermənistana açıq mesaj verib.

bildirib ki, əgər Yerevan KTMT-dən çıxsa və Rusiya bazalarının çıxarılmasına nail olsa, Ermənistanın ərazisində de-fakto və de-yure Qərbi Azərbaycan olacaq.

Ermənistanın KTMT sammitindən imtinası

Yeri gəlmişkən, Ermənistanla KTMT münasibətlərindəki ziddiyyətin əsası 2023-cü ilin sonlarında qoyulub.

Ermənistan hakimiyyəti 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsinə görə dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

2023-cü ilin noyabrında isə Baş nazir Nikol Paşinyan KTMT-nin Minsk sammitində iştirakdan imtina edib.

Bir neçə ay bundan əvvəl müdafiə naziri Suren Papikyan Belarusun paytaxtında keçirilən Müdafiə Nazirləri Şurasının iclasına qatılmayıb. Həmçinin ötən il Ermənistan hakimiyyəti KTMT sülhməramlı kontingentlərinin “Sarsılmaz qardaşlıq 2023” təlimlərinin respublika ərazisində keçirilməsini məqsədəuyğun saymayıb.

Bakının ritorikasına nələr müşahidə edilir?

Bakının ritorikasına gəlincə, artıq iki gündür ki, hökumətyönlü media agentliklərində Ermənistanla bağlı “Qərbin Cənubi Qafqazda yeni müharibə planı – Ermənistan fəlakətə sürüklənir”, “Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır” başlıqlı yazılar tirajlanır.

Zakir Həsənov
Foto: arxiv

Ötən gün isə Müdafiə naziri Zakir Həsənov Türkiyə Müdafiə nazirinin müavini ilə görüşüb, son günlər Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib.

Yeri gəlmişkən, bu arada Zəngəzur dəhlizi ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.

Azərbaycanlı ekspert lokal toqquşmaları istisna etmir…

Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilmişdi.

Müdafiə Nazirliyi Ermənistanı tez-tez atəşkəsi pozmaqda ittiham edir, həmçinin iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi məqsədilə Azərbaycan Ordusunun cavab tədbirləri görmədiyini də deyirdi.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli
Source: Meydan TV

Mövzunu Meydan TV-yə şərh edən hərbi ekspert Cəsur Məmmədov bildirmişdi ki, sərhəddə genişmiqyaslı olmasa da, lokal toqquşmalar baş verə bilər. O bunu Zəngəzur dəhlizinin açılması, Rusiyanın maraqları və həmçinin Ermənistanın intensiv silahlanması ilə əlaqələndirmişdi.

Bununla yanaşı, Ermənistan rəsmiləri də Azərbaycanın Ermənistana hücum edəcəyini iddia edirlər.

Nazirlərin Berlin görüşü və ABŞ-ın çağırışı…

Fevralın 28-də Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş baş tutub.

Ceyhun Bayramov və Ararat Mirzoyan. Berlin görüşü. Foto: Ermənistan XİN

Görüşdən öncə XİN-in yaydığı məlumatda bildirilirdi ki, işgüzar səfər çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

ABŞ Dövlət Departamenti isə tərəfləri uzunmüddətli razılığa gəlməyə çağırıb.

İlham Əliyev: “Bizdə Ermənistana hücum etmək planları yoxdur”

Fevralın 28-də isə İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını deyib.

İlham Əliyev. Foto: Meydan TV
İlham Əliyev. Foto: Meydan TV

O qeyd edib ki, Cozef Borrelin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib:

“Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”.

İlham Əliyev qeyd edib ki, bütün bunlar Fransa Prezidenti Makronun insinuasiyalarıdır.

Bəs Azərbaycan Ermənistana hərbi müdaxilə edə bilərmi?

Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə deyir ki, Azərbaycanın Ermənistana hücum etməsi üçün heç bir əsas görmür.

O, hökumətyönlü mediada yazılan və səsləndirilən iddiaları da əsassız sayır:

“Əgər Azərbaycan belə bir addım atarsa, bu, İlham Əliyevin hakimiyyətini zərbə altına qoya bilər. Çünki Qərb dünyası Ermənistana həmişə, hətta Azərbaycan torpaqlarını işğal etdiyi dönəmdə də rəğbətlə yanaşıb. İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistana müdaxilə etsə, Qərb Azərbaycanı əzə bilər”.

“Ortada Səddam Hüseyn və İraq nümunəsi var”

Yazar Zərdüşt Əlizadə
Source: Meydan.tv

“Səddam Hüseyni xatırlamaq yerinə düşür. Səddam Hüseyn Küveyti İraqın ərazisi sayanda ABŞ səfiri bunu onların daxili məsələsi adlandırmışdı. Sonra nə oldu? Səddam Küveytə girəndən sonra ABŞ onu sözün həqiqi mənasında cəzalandırdı”, – deyə Əlizadə vurğulayıb.

Onun sözlərinə görə, Əliyev belə bir addım atmaz:

“Mən inanmıram ki, Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə müdaxilə edib, Zəngəzur dəhlizini zorla açmağa cəhd etsin. Bu, ciddi təzyiqlərlə nəticələnəcək. İraq qonşu ölkəyə müdaxilənin ən acı nümunəsidir. Mən əminəm ki, İlham Əliyevin ən çox sevdiyi şey öz hakimiyyətidir. Ona görə də o hücum edib öz hakimiyyətini təzyiq altında qoymaz, hətta Rusiya xahiş etsə belə, Əliyev buna getməyəcək”.

Zərdüşt Əlizadə deyir ki, nazirlərin Berlin görüşü təmasların olması baxımdan vacibdir.

KTMT ilə bağlı Rusiyanın Ermənitana hər hansı bir təzyiqlər edə biləcəyinə gəlincə, siyasi şərhçi bu qurumu “ilğım” sayır:

“KTMT Turan və Türk Birliyi kimi mənasız bir qurumdur. Uzaqdan görünür, yaxınlaşanda məlum olur ki, ilğımdır. Ona görə də Rusiyanın bu aləti də boş və mənasız bir ritorikadan istifadə etmək üçündür”.

“Əliyev hakimiyyəti çıxılmaz vəziyyətdədir…”

Politoloq Azər Qasımlı isə Meydan TV-yə deyir ki, Rusiya Azərbaycan vasitəsilə Ermənistanın Qərbə inteqrasiyasını əngəlləməyə çalışır:

“Bu yeni situasiya deyil, II Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətdir. Ermənistan artıq “Rusiyanın forpostu” olmaq istəmir. Bunun üçün də həm KTMT-dən çıxmalı, həm də Avrasiya İttifaqından imtina etməlidir. Paşinyan hökuməti Putinin hədəflədiyi bütün regional, iqtisadi, siyasi, hərbi strukturlarından uzaqlaşmaq istəyir. Qərbin əlinə də çox gözəl fürsət düşüb ki, Cənubi Qafqazı Rusiyadan caynağından alsın. Çünki Cənubi Qafqaz postsovet məkanının ikinci əsas bölgələrindən biridir. Məsələn, Qərb Belarus istisna olmaqla, Ukrayna və Moldovanı demək olar ki, Rusiyadan tamamilə qoparıb. Bu iki ölkə artıq Avropa Birliyinə üzvlüyə namizəd statusu alıblar. Cənubi Qafqazda da Ermənistanı qopara bilsələr, bu o deməkdir ki, Gürcüstanla birgə bu iki ölkəni tamamilə Rusiyanın nəzarətindən çıxaracaqlar. Artıq Gürcüstan da Avropa Birliyinə namizəd statusu alıb. Düşünürəm ki, irəlidə Ermənistana da bu statusu verəcəklər”.

“İlham Əliyev demək istədi ki, Putinlə eyni gəmidəyik”

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Onun sözlərinə görə, bunu, təbii ki, Rusiya da bilir və çalışır ki, prosesin qarşısını alsın:

“Bu prosesin qarşısı almaq üçün də ya Ermənistandakı rusiyayönümlü müxalifət vasitəsilə Paşinyanı devirmək lazımdır. Hansı ki bunu son seçkidə bacarmadılar. Bundan sonra da yeganə varinat kimi 2020-ci ildə imzalanmış 10 noyabr bəyanatı qalır. Orada Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya məsələsi əksini tapıb. Putin bunu daha çox Əliyevin dili ilə ifadə edirdi, amma son günlər artıq Rusiya rəsmiləri də açıq ifadə etməyə başlayıblar. Ötən gün Suslov açıq şəkildə dedi ki, əgər Ermənistan KTMT-dən çıxsa və ya bazaları çıxarsa, Rusiya Azərbaycana Zəngəzura girmək üçün kart-blanş verəcək. Düzdür, Əliyev əvvəllər dəhlizin Rusiyanın nəzarətində olmasını demirdi, yerli mediaya son müsahibəsində isə bunu açıq şəkildə dedi. Demək istədi ki, biz Rusiya ilə eyni gəmidəyik”.

“Məsələ ondan ibarətdir ki, istər son hərbi əməliyyatlar və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpası, istər ermənilərin Qarabağdan kütləvi köçü, istərsə də, sərhəddə toqquşmalar Rusiyanın istəyi ilə baş verən hadisələrdir. Yəni Əliyev iqtidarı bununla bağlı Rusiyadan razılıq almaqdan addım atmaz. Görünən odur ki, Əliyev bunların müqabilində bölgədəki bütün kommunikasiyaların Rusiyanın nəzarətinə keçməsinə razılaşıb”, – deyə o bildirib.

“Putin işini görüb, indi Azərbaycan üzərinə düşəni etməlidir…”

Qasımlı deyir ki, Ermənistana hərbi müdaxilə Əliyev hakimiyyətinin maraqlarına uyğun deyil, amma məcburdur:

“Çünki Qarabağla bağlı artıq Azərbaycan Rusiyanın ssenarisi ilə hazırlanmış bir oyunun içinə girib. Yəni Putin müharibə dövründə qarışmamaqla Qarabağla bağlı işini görüb. İndi məsələnin ikinci hissəsi qalır: Azərbaycan üzərinə düşəni və öhdəliyini yerinə yetirməlidir. Bu, Azərbaycan hakimiyyətinin marağına uyğun deyil və bunu başa düşürlər, amma artıq oyunun içindədirlər, çıxılmaz bir vəziyyətdədirlər. Ona görə də mən hesab edirəm ki, müharibə ehtimalı var, amma situasiyadan asılı olaraq, olmaya da bilər. Bunun üçün ehtimal edirəm ki, müəyyən şərtlər olmalıdır, yəni Paşinyan devrilməli, ya Rusiya Ukraynada daha ciddi təzyiqlə üzləşməli, ya da dünyada daha böyük bir münaqişə ocağı yaranmalıdır ki, Azərbaycan vəziyyətdən çıxa bilsin, çünki hakimiyyətin başqa yolu yoxdur…”

Azər Qasımlı onu da qeyd edib ki, Azərbaycan Ermənistana hücum edərsə, ciddi beynəlxalq sanksiyalar və təzyiqlərlə üzləşə bilər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …