Çərşənbə , May 25 2022
Ana səhifə / Araşdırma / Koronavirusun yeni variantı yayılır – “Deltacron” haqqında nə bilirik?

Koronavirusun yeni variantı yayılır – “Deltacron” haqqında nə bilirik?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 9-da “Covid-19”-un yeni ştammının aşkar edildiyini açıqlayıb.

Azinforum.az “BBC Azərbaycan”a istinadən xəbər verir ki, rəsmi olaraq AY.4/BA.1 kimi qeydiyyatdan keçsə də, bu variant “Deltacron” olaraq tanınır, çünki “Delta” və “Omicron” ştammlarının birləşməsindən əmələ gəlib.

Hələ ki ÜST yeni ştammı “narahatedici” kateqoriyasına aid etməyib, çünki onun ictimai sağlamlıq üçün xüsusi təhlükə yaratmadığına inanır.

İndiyə qədər “Deltacron”-a yoluxma halları Avropa ölkələrində, ABŞ-da və Cənubi Amerikada müşahidə olunub.

Yeni ştammın yoluxuculuq dərəcəsi, peyvəndlərə qarşı müqaviməti və simptomlarının şiddəti barədə geniş məlumat yoxdur. Alimlər daha geniş araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Mənşəyi nədir?

“Deltacron”-a ilk yoluxma halları 2022-ci ilin yanvar ayında Fransada ortaya çıxıb. Sonra Belçika, Almaniya, Danimarka və Hollandiyada da müşahidə olunub. Müxtəlif ölkələrin həkim və tədqiqatçılarının koronavirus genetikası haqqında məlumatları paylaşdığı “Gisaid” saytında bu haqda daha geniş informasiya əldə etmək mümkündür. “Deltacron”-a son zamanlarda Britaniya, ABŞ və Braziliyada da rast gəlinir. Amma yoluxmaların sayı xeyli azdır. Martın 15-nə olan məlumata görə, “Gisaid”-də cəmi 47 belə hal barədə yazılıb, bunların 36-sı Fransaya aiddir. Yanvar-mart ayılarındakı vəziyyətə nəzərən demək olar ki, yeni ştamm “Delta” və “Omicron”-dan daha yoluxucu deyil.

Genetika məsələləri üzrə ixtisaslaşmış özəl “Helix” şirkətinin (ABŞ) əməkdaşlarının tezliklə ictimailəşdiriləcək araşdırması da bunu təsdiqləyir. Onlar 2021-ci ilin noyabr və 2022-ci ilin fevral ayları aralığında – həm “Delta”, həm də “Omicron” ştammlarının ABŞ-da geniş yayıldığı bir dövrdə qeydə alınmış 29.000 pozitiv “Covid-19” nümunəsini araşdırıblar.

Araşdırmaçılar yeni ştamma “nadirən rast gəlindiyini” və “Delta”-“Omicron” birləşməsinin hazırkı “Omicron”-dan daha yoluxucu olduğuna dair hər hansı sübuta rast gəlmədiklərini qeyd edirlər.

Ştammlar necə qarışır?

“Müxtəlif növ viruslardan yeni bir ştammın yaranması adi haldır. Viruslar daim təkamül edir. Yeni variantların ortaya çıxması normaldır və bu, heç də həmişə pis nəticə demək deyil. Pandemiyaya necə təsir edəcəyini isə araşdırıb öyrənməliyik,” – Braziliyanın aparıcı tibbi tədqiqat müəssisələrindən biri “FioCruz”-da çalışan virusoloq Felipe Naveca belə deyir.

Son zamanlarda bir çox ölkədə “Delta” və “Omicron”-a yoluxma halları xeyli artıb. Bəzi insanlar hər iki ştammla təmasda olublar.  Eyni hüceyrə eyni anda həm “Delta”ya, həm də “Omicron”-a yoluxarsa, həmin hüceyrədə yaranan yeni virusların genetik quruluşu hər iki variantın xüsusiyyətlərini daşıya bilər.

Məsələn, hesab olunur ki, “Deltacron” “Omicron”-un çıxıntılarını, “Deltan”ınsa gövdəsini götürüb. Bu qarışığın xəstəxanaya yerləşdirmə saylarını və ya ölüm hallarını artırmayacağına dair dəqiq sübutlar yoxdur. Əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslərin immunitetinin yeni ştamma nə dərəcədə dözmülü olması barədə də kifayət qədər məlumat yoxdur.

Narahatlığa əsas varmı?

Beynəlxalq səhiyyə qurumlarının rəsmiləri vəziyyətin təhlükəli olmadığını deyirlər. Həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) “Deltacron”-un “narahatedici ştamm olmadığını” bildirirlər. ÜST onu “müşahidə altında olan” ştamm adlandırır. ÜST rəsmisi Maria Van Kerkhove martın 9-da keçirdiyi mətbuat konfransında qeyd edib ki, yeni variantın epidemiologiyasında və ya yoluxuculuğunda heç bir dəyişiklik müşahidə olunmayıb. “Təəssüf ki, biz yeni virus komponentlərini görməyə davam edəcəyik, çünki bu patogenlər zamanla təkamül edir”, – Kerkhove belə deyib.

Həmçinin oxuyun

“Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… – FOTOLAR

O, iki “qanuni oğru”nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu …