Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Araşdırma / Koronavirusa yoluxma sayı artır: Səbəb COVID-19-dan ölənlərin nəzarətsiz dəfnidir? – AÇIQLAMA + FOTO

Koronavirusa yoluxma sayı artır: Səbəb COVID-19-dan ölənlərin nəzarətsiz dəfnidir? – AÇIQLAMA + FOTO

Koronavirusla bağlı vahimə doğuran məqamlar yenidən dünya gündəmini zəbt edib. Belə ki, “New York Times”ın köşə yazarı Apurva Mandavilli məqaləsində qeyd edib ki, daşıyıcısı öldükdən sonra belə, COVID-19 virusunun yayılma ehtimalı var. Ən çox risk altında olanlar isə yoluxmuşların meyitləri ilə təmasda olan patoloqlar və məhkəmə ekspertləridir.

Mandavilli məsələ ilə bağlı Yaponiyanın Çiba Universitetinin alimi Hisako Saitonun araşdırmasına diqqət çəkib. Elm adamının sözlərinə görə, hətta ölümdən 17 gün sonra belə, meyitdən koronavirusa yoluxmaq mümkündür. Belə ki, ölmüş şəxsdən götürülmüş nümunələrin altısında hətta 13 gündən sonra dayanıqlı virus aşkar edib. Pandemiyanın ilkin dövründə ölkədə koronavirusdan ölən şəxslərin dəfn prosesinin hansı şəkildə aparıldığını görmüşdük. COVID-19 virusundan ölən şəxsin meyiti yaxınlarına belə, verilmir, xüsusi qaydalarla dəfn edilirdi. Lakin bu gün bu proseslərə nəzarət mexanizmi sanki zəifləyib. Son dövrlərdə yoluxma sayının artımına təkan verən səbəb bu ola bilərmi?  Xüsusilə də meyitlərlə təmasda olan patoloqlar və məhkəmə ekspertləri təhlükəsizlik məqsədilə hansı prosedurlardan keçirlər? Onların sağlamlığı və virusun ətrafa yayılmasının qarşısını almaq üçün hansı normativlər həyata keçirilir? Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov bildirib ki, koronavirusa yoluxmuş insanın həyatını itirdikdən sonra belə, ətrafa virus yaymaq riski var:

“Xüsusilə patoloqların, məhkəmə ekspertlərinin, eləcə də ölən şəxslə təmasda olan şəxslərin yenidən virusa yoluxma riski var. Bu, yeni aşkarlanan bir durum deyil. Virus xəstəliklərində tarix boyu bilinən gerçəklikdir. Virusa yoluxan şəxslər öldükdən sonra, virusdan asılı olaraq, onların meyitlərində 7-14 gün ərzində virus hüceyrələri yaşayır. Canlı olan virus da yoluxma riski yarada bilir.  Hər kəsə məlumdur ki, karantin rejiminin tələblərinə uyğun olaraq əvvəlki illərdə koronavirusdan həyatını itirənlərin dəfni karantin normalarına uyğun şəkildə dövlət tərəfindən təşkil edilib. Biz bu məsələ ilə bağlı hər hansı ciddi fəsad yaşamamışıq. Bu gün də COVID-19-dan, eləcə də istənilən digər səbəbdən həyatını itirən insanların da dəfn prosesi başlamamış meyitlərindən analizlər götürülür. COVID-19 nəticəsi neqativ olduqda normal qaydada dəfninə izn verilir, əgər nəticə pozitiv olarsa, aidiyyəti üzrə məlumat verilir, icra strukturları normativlərə uyğun formada həmin dəfn prosesini həyata keçirirlər”. Millət vəkili onu da əlavə edib ki, koronavirus pandemiyası hələ də bütün dünyada öz aktuallığını itirməyib: “Xüsusilə payız aylarında xəstəliklərin artma tendensiyasını nəzərə alaraq hər kəs istər COVID-19, istərsə də digər infeksiyalardan özünü, ətrafını qorumağa çalışmalıdır. O ki qaldı koronavirusun əvvəl yaratdığı qorxu, həyati təhlükələr əvvəlki illərlə müqayisədə xeyli azalıb. Heç bir təşvişə, qorxuya düşmədən, sadəcə, bu günə qədər öyrəndiyimiz gigiyenik normalara ciddi riayət etməyi tövsiyə edirəm”.

Həmçinin oxuyun

Ziya Məmmədovun oğlunun daha bir şirkəti üzə çıxdı – FOTO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirkəti üzə çıxıb. Araşdırmaçı jurnalist …