Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / “Koroğlu” MMC öz işçilərini necə “kor” qoyur

“Koroğlu” MMC öz işçilərini necə “kor” qoyur

“Mağazalardan, bazar-dükanlardan yığılan yararsız şirniyyat zibilliyə atılmır, şirkət daxilindəki xüsusi anbarda yenidən qablaşdırılaraq, təzə mal adı ilə yenidən piştaxtalara qaytarılır…”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.

Redaksiyamıza müraciət edən Rauf Əliyevin nümayəndəsi Samir Zeynalov bildirib ki, müvəkkili ətrafında baş verənlər şirkət daxilində yeyintilərin olmasını üzə çıxarandan sonra cərəyan etməyə başlayıb.

R.Əliyev 5 il əvvəl – 2013ncü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. R.Əliyev rəsmi olaraq  əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

R.Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün “ayağına” yazıblar.

“Koroğlu” şirkətində işçilərə qarşı inanılmaz istismar

Rauf Əliyevin səlahiyyətli nümayəndəsi Samir Zeynalov növbəti dəfə “Koroğlu” MMC-də baş verən cinayətlər haqda “Yeni Müsavat” danışıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət edərək Rauf Əliyevin Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə qeyri-qanuni olaraq təqsirləndirildiyini diqqətə çatdırıb: “YAP üzvü olan Rauf Əliyev 1 ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-qanuni və əsassız olmaqla mühakimə olunur. O, ciddi hüquqi təminatsızlıqla üzləşib, həbs olunmaq təhlükəsi qarşısındadır. Uzun müddətdir reketçilik və qeyri-qanuni fəaliyyət əməlləri ilə nüfuz qazanmış ”Koroğlu” MMC rəhbərliyi bu gün növbəti qurbanı – əməlində cinayət tərkibinin mövcudluğu sübuta yetirilməmiş Rauf Əliyevə qarşı de-yure zərərçəkmiş şəxs statusunda tanınır.

məhkəmə ile ilgili görsel sonucu

Şirkətin rəhbəri Tahir Əliyevin birbaşa təşəbbüsü ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin İstintaq orqanına təqdim edilən qeyri-hüquqi sənədlər əslində birbaşa olaraq dövlətin vergi siyasətinə vurulan zərərin ümumi məcmusudur. Belə ki, hüquqi baxımdan mötəbər əsasa malik olmamaqla, cinayət prosessual qanunvericiliyi baxımından da fiksal cinayət işləri üzrə rolu bimənalı olaraq istisna edilən bu qeyri-hüquqi sənədlər şirkətin rəsmi satış dövriyyəsi üzrə hüquqi status qazanmayıb. Təqsirsizlik prezumsiyası pozularaq ittiham edilən Rauf Əliyevə qarşı iddia edilən 124 min manat dəyərində olan maliyyə kəsri 2108 ədəd qaimə-fakturaya əsaslanır. Həmin qaimələrin sadəcə 60-da Rauf Əliyevin imzası var. Rauf Əliyev satış dövriyyəsinin ilkin və müdaxilə edilməsi mümkün olan excel əməliyyatlarına dair qeyri-rəsmi sənədlərlə ittiham olunur. Belə bir məqam da diqqət çəkir ki, Rauf Əliyevə təqdim olunması iddia edilən 1 milyon 200 min vəsaitə dair “Koroğlu” MMC-in alqı-satqı münasibətlərində olduğu şirkətlər tərəfindən istintaq subyektlərinə məxaric ordenləri təqdim edilmir. Üstəlik həmin şirkətlər tərəfindən Rauf Əliyevin adına çalışdığı müddət ərzində həmin şirkətlərin maliyyə-kargüzarlıq arxivində heç bir sənədin olmadığı da məhkəməyə verilən sorğuya rəsmi cavab kimi təqdim olunur.  Rauf Əliyevin hüquqi-müdafiə mexanizminin təmsilçiləri tərəfindən məhkəməyə təqdim edilən və həyata keçirilməsi obyektiv məhkəmə araşdırması,  həmçinin qanuni mühakimə adına vacib olan məhkəmə-mühasibatlıq ekspertizası haqda vəsatətlər heç bir əsas olmadan təmin edilmir. Bununla da Rauf Əliyevə qarşı qərəzli dövlət ittihamının əsassızlığı aksioma çevrilir.  “Koroğlu” MMC-in fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olan ictimai-sosial gerçəkliklər də mövcuddur. Belə ki, 2013-cü ildə şirkətin iqtisadi mənafeyi naminə Rauf Əliyev tərəfindən şəxsən aşkara çıxan maliyyə kəsiri faktından təqribən 6 ay sonra “Koroğlu” MMC şirkətinin törəmə şirkət olaraq fəaliyyətə başlayan “Nur Retail MMC” şirkətinin direktorluq vəzifəsinə milyonlarla vəsait etibar olunmaqla bu gün qərəzli və qondarma şəkildə ittiham edilən Rauf Əliyev gətirilib. Təkcə qeyri-hüquqi kontekstdən yanaşmaya dair bu fakt kifayətdir ki, nümayəndəsi olduğum şəxsə qarşı ittiham iflasa uğramış olsun və o, əməlində cinayət tərkibi ümumi aspektlər baxımından sübuta yetirilmədiyi üçün bəraət alsın”.

məhkəmə ile ilgili görsel sonucu

Samir Zeynalov “Koroğlu” MMC-də hər gün vergidən yayınma hallarının baş verdiyini də açıqlayıb. Dövlət büdcəsindən milyonlarla manatın yayındırılması ehtimallarının araşdırılması üçün Vergilər Nazirliyinin rəhbərliyinə müraciət edib. Bundan başqa diqqətə çatdırıb ki, “Koroğlu” MMC ticarəti ilə məşğul olduğu malların tarixlərini saxtalaşdırmaqla məşğuldur: “Mağazalardan, bazar-dükanlardan yığışdırılan istifadə müddəti bitmiş şirniyyat və şokoladlar zibilliyə atılmır. Şirkət daxilindəki xüsusi anbarda yenidən qablaşdırılaraq, təzə mal adı ilə yenidən piştaxtalara qaytarılır. Hüquq mühafizə orqanlarını bu cinayətləri araşdırmağa çağırırıq”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …