Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / Komitənin sabiq məmuruna cinayət işi açıldı

Komitənin sabiq məmuruna cinayət işi açıldı

Bakı şəhər sakini Eynur Kərimovun 170 min dollarının mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.
Moderator.az-ın xəbərinə görə, fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq,  külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) cinayət işi qaldırılıb.
E.Kərimovun vəkili Kamandar Nəsibov açıqlamasında məlumatı təsdiqləyib.
Vəkilin sözlərinə görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş üzrə araşdırma aparılır: “Həmin işdə adı keçən şəxslərin dindirilməsinə başlanılıb, yaxın günlərdə üzləşmə də olacaq”.
Qeyd edək ki, vətəndaş Eynur Kərimov 170 min ABŞ dollar məbləğində vəsaiti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanova rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün verdiyini bildirib. S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nin Aparat rəhbəri vəzifəsindən azad edilib.
Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.
Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın