Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Kokain, MTN, fırıldaqçılar və həbslər… – MƏHKƏMƏ

Kokain, MTN, fırıldaqçılar və həbslər… – MƏHKƏMƏ

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Proses “Real” MTK-nın həmtəsisçisi, zərərçəkmiş İlham Qasımovun iddiası üzrə baxılan epizoda həsr olundu. Xatırladaq ki, zərərçəkən özü dələduzluğa görə 12 il müddətinə həbs olunub və məhkəməyə konvoy vasitəsilə gətirilir.

 

Zərərçəkmiş: “Ölkənin ən məşhur saytında barəmdə səhv yazılar gedir”

İclasın əvvəlində zərərçəkmiş İlham Qasımov prosesə sədrlik edən hakim Həbib Həsənova müraciət edərək, sözünün olduğunu bildirdi, özü ilə gətirdiyi kağızları da götürərək, xitabət kürsüsünə keçdi və dedi:

Zərərçəkmiş İlham Qasımov

“Mənim ötən iclasda burada dediklərimi və vəkillərin suallarına cavablarımı Azərbaycanın ən məşhur saytları olan virtualaz.org və haqqiz.az dərc edib. Bunlar səhvdir. Yazıblar ki, guya mənim yarım milyard pulum var. Məndən soruşmuşdular ki, bu 250 min dolları haradan tapıb aparıb vermişəm, mən də cavab vermişdim ki, 500 milyonluq mal-mülkü olan adam üçün bu pulu tapmaq çətin iş deyil.

Sonra yazıblar ki, həbsxanada telefonum var. Bəli, mənim xəbərim var ki, Akif Mustafayev Moskvadadır, orada yaşayır. Bunu vəkillər bəzəyib veriblər sayta”.

Məhkəmədə baş verənlər saytımızda tam obyektiv şəkildə işıqlandırılır və bütün ifadələr olduğu kimi oxuculara çatdırılır.

 

Vəkillə zərərçəkmiş söz davasına çıxdılar

Məktubu oxuduqdan və dövlət ittihamçısının sualına cavab verdikdən sonra İlham Qasımov vəkillərin suallarına cavab vermək fikrində olmadığını bildirdi:

“Xəstə adamam, bunlara cavab vermək istəmirəm. Bu vəkillər mənim pulumu yeyirlər. Mən pulu vermişəm Çovdarova, o da bunlara”.

Bu vaxt təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə təqsirləndirilənlərin müdafiəçilərinə ünvanlanmış tikanlı sözlərə dözmədi və İlham Qasımovla yüksək tonlarda mübahisə etdi:

Vəkil: Nə danışırsan sən?

İ.Qasımov: Ə, düz danışıram.

Vəkil: Mən “ə” deyiləm.

İ.Qasımov: Sən elə “ə”sən.

Vəkil: “Moşennik” gəlib indi burda bizimlə söz güləşdirir.

İ.Qasımov: Mən pulumu tələb edirəm, sən kimsən?

Hakim Həbib Həsənov məsələyə qarışaraq, aranı sakitləşdirdi.

Vəkil Sadiq Rəsulov əvvəlki məhkəmə iclasında ifadə vermiş şahid ifadələri ilə bağlı suallar verdi.

Vəkil: Keçən məhkəmə iclasında bacınız oğlu Kənan Səmədli şahid qismində dindirildi və sizin dediklərinizi təqzib edərək, toyun kasetinin onda olduğunu, heç kimin kaseti onun əlindən almadığını, hətta videoçəklişə bir neçə dəfə baxdığını, ancaq baş verən hadisələrin çəkilişə düşmədiyini dedi. Siz isə keçən proses toyun çəkilişinin MTN əməkdaşları tərəfindən götürüldüyünü bildirdiniz. Bu ziddiyyəti nə ilə izah edə bilərsiniz?

İ.Qasımov: Bilmirəm. Mənə dedilər ki, MTN-in işçiləri toyun səhəri günü gəlib özlərinə aid şeylərin hamısın götürüblər.

Vəkil: Keçən məhkəmə iclasında şahid qismində sizin mühafizəçinin Aqil Cəfərov dindirildi. O, qardaşınız MTN-ə aparıldığı günü sizinlə özünün MTK-nın inzibati binasında olduğunu və hətta MTN əməkdaşları qardaşınız İslamı aparan zaman müdaxilə etmək istədiyini, lakin sizin ona icazə vermədiyinizi bildirdi. Siz isə ifadənizdə qardaşınız MTN-ə aparılan zaman başqa yerdə olduğunuzu, bu barədə sizə zəng edən adamdan öyrəndiyinizi dediniz.

İ.Qasımov: Mən indi heç nəyi xatırlamıram.

Vəkil: Siz keçən məhkəmə iclasında MTN-ə hər dəfəsində mühafizəçiniz Aqil Cəfərovla və sürücünüz Elşən Məmmədovla getdiyinizi bildirdiniz. Qardaşınız MTN-ə aparılan zaman pulu sizə şərikiniz Mürşüdün gətirdiyini bildirdiniz, ancaq şahidlər Aqil Cəfərovla Elşən Məmmədov şərikiniz Mürşüd Cəfərovu orada görmədiklərini bildirdilər.

İ.Qasımov: Xatırlamıram.

Vəkil: Siz öz epizodunuz üzrə 4 dəfə getdiyinizi və hər dəfəsində sürücünüz Elşənlə getdiyinizi bildirmisiniz. Sürücünüz isə məhkəmədə sizi MTN-ə 2 dəfə apardığını bildirdi.

İ.Qasımov: Mən nə deyirəm, düz deyirəm. Ola bilsin, başqa adamla getmişəm.

 

“Proqram Namiq” ifadə verdi

Məhkəmədə ifadə verən zərərçəkmiş Namiq Orucov bildirdi ki, uzun illər Binəqədi Rayon Polis İdarəsində narkotiklərlə mübarizə şöbəsinin müdiri vəzifəsində çalışıb, hazırda işsizdir.

Onun sözlərinə görə, bir gün dostluq etdiyi İlham Qasımov ona zəng edərək, MTN tərəfindən oğlunun tutulduğunu deyib. “Məndən soruşdu ki, Vüqar Muxtarovu tanıyırsan? Mən də cavab verdim ki, tanıyıram, şərəfsizin biridir, pul almayana qədər əl çəkməyəcək. Sən demə, telefonlarımızı dinləyirmişlər və məni dediyim o sözə görə təqib etməyə başlayıblar.

2015-ci ilin sentyabr ayının 15-də İlhamın bacısı oğlunun toyu idi. 4-cü mikrorayonda “Sofiya” şadlıq evində 10-15 nəfər maskalı MTN işçisi məni tutub apardılar. MTN-də məni kokain alverində ittiham etməyə başladılar. Dedim ki, mən heç siqaret çəkmirəm, kokain nədir? Akif Çovdarovun otağına apardılar, orada general sinəmə bir yumruq vurdu. Daha sonra Səlim Məmmədovla görüşdüm. Sağ olsun, qabağıma çay da qoydu, dedi ki, bilirsən, mənlik deyil, amma 100 min manat ver, canını qurtar”, – zərərçəkmiş bildirib.

Bundan sonra Namiq Orucov qardaşına xəbər verdiyini və qardaşı 100 min manatı gətirib Vüqar Muxtarova verdikdən sonra azad olunduğunu deyib.

Təqsirləndirilən Səlim Məmmədov Namiq Orucova müraciət etdi: “Sizə nəyə görə “Proqram Namiq deyirlər?”

Bu suala zərərçəkmiş belə cavab verdi: “Çünki mənim incəsənət aləmində xeyli tanışım var və hər hansı məclisdə tez bir zamanda bir neçə xalq artistini toplayaraq, şənlik təşkil etməyi xoşlayıram, proqram yaradıram”.

Səlim Məmmədov isə öz versiyasını irəli sürdü: “Amma bizdə olan məlumata görə, siz imkanlı adamlar üçün narkotik və yüngül əxlaqlı qadınların iştirakı ilə kef məclisləri təşkil etdiyinizə görə bu ləqəbi almısınız”.

 

Səlim Məmmədov zərərçəkmişi kokain alverində ittiham etdi

Təqsirləndirilən Səlim Məmmədov üzünü zərərçəkmiş Namiq Orucova tutaraq soruşdu:

– Namiq Orucov, siz toya gedərkən, kiminləsə görüşməyi planlaşdırmışdınız?

– Xeyr.

– Söhbət bilirsiniz, hansı görüşdən gedir? Kokainlə bağlı görüşdən.

– Xeyr.

– Həmin kokainə əl vurmuşdunuz?

– Xeyr.

Təqsirləndirilən Səlim Məmmədov

Qısa sorğu-sualdan sonra təqsirləndirilən Səlim Məmmədov məsələ ilə bağlı izahat verdi: “Tək mən yox, ölkədə bir sıra adamlar bilir ki, Namiq Orucov hansı işlə məşğuldur. Məhz buna görə də, MTN-dən buraxılandan bir gün sonra o, Türkiyəyə qaçdı. Niyə? Çünki ətrafı ondan şübhələnməyə başlamışdı ki, kokain alveri ilə bağlı ağzından söz qaçırıb”.

S.Məmmədov: Biz sizinlə söhbət edəndə siz nə dediniz?

N.Orucov: Mən heç nə demədim. Siz mənə bildirdiniz ki, 3 variantın var: ya Məhərrəmi bizə verməlisən, ya Tofiqi, ya da 1 milyon dollar ver, çıx. Mən də dedim ki, bunların heç biri mənlik deyil.

S.Məmmədov: Başqa heç nə demədiniz? Amma siz bizimlə söhbətdə ən çox ondan qorxurdunuz ki, adınız çıxmasın, biabır olmayasınız. Əsas xahişiniz də o idi ki, mənim adım hallanmasın. Sonra da əlavə etdiniz ki, mən sizə kömək edəcəyəm. Kokain kanalı ilə bağlı.

N.Orucov: Onu mən demişəmsə, sağ-salamat evə çatmayım.

S.Məmmədov: Bəs kokain əlinizə dəyməyib? Ona da and içəcəksiniz?

N.Orucov: Bəli, əgər əlimə dəyibsə, köpəkoğluyam.

Bu dialoqdan sonra Səlim Məmmədov izahatını davam etdirdi: “Bu insan haqqında bizə məlumat daxil olmuşdu. Səbail Rayon Məhkəməsi onunla bağlı təqib işlərinin aparılması barədə qərar qəbul etdi. Yəni bizim onu izləməyimiz və telefon danışıqlarını dinləməyimiz tam qanuni idi.

Həmin gün kokaini Fuad adlı adamdan almalı idilər. Sadəcə olaraq, narkotikin kimin vasitəsilə gətirilməsi bizə aydın deyildi. Buna görə də, heç kimin gedib toyda elə hərəkət etmək fikri yox idi. Hamımız azərbaycanlıyıq, balalarımız var. Əgər bir narahatlıq olubsa, üzr istəyirəm.

Həmin gün şadlıq evinin qabağında əməliyyat qrupunun üzvləri Namiqə yaxınlaşan kimi Gülağa adlı şəxs onların qarşısını kəsib və Namiqə qaçmağa şərait yaradıb. Bu vaxt Namiq içəri qaçıb və əlindəki kokaini atıb. O bütün bunları gözəl bilir. Amma boynuna almadı.

İndi özlərini elə aparırlar ki, guya zərər çəkiblər. Xeyr, zərəri xalqımız çəkir ki, bunlar narkotiki əldə edib paylayırlar. Deyir ki, siqaret çəkmirəm. Mənim heç elə bir iddiam da yoxdur. Narkotik satan narkotik istifadəçisi olmur ki. Onun başı həmişə ayıq olmalıdır ki, bu işi görə bilsin.

Biz bəzi insanlarla söhbət edirdik. Çünki yerdə qalanlar barədə məlumat toplayıb, onları üzə çıxarmaq lazım idi. Bunun üçünsə xəbəri ötürəcək mənbə lazımdır. Namiq Orucovu da ona görə sərbəst buraxdıq ki, kokain kanalı barədə bizi məlumatlandırmağa söz vermişdi”.

Səlim Məmmədovun izahatından sonra vəkil Şahin Rəfiyev zərərçəkmiş Namiq Orucovdan adları çəkilən və təhvil verilməli olan Tofiqlə Məhərrəmin kim olmasını soruşdu. Zərərçəkmişin cavabı qısa oldu: “Azərbaycanın qeyrətli oğulları”.

Şahid əməliyyatın təfərrüatlarını açıqladı

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, fasilədən sonra Namiq Orucovun tutulması əməliyyatına bilavasitə rəhbərlik etmiş MTN-in keçmiş şöbə rəisi Vüqar Muxtarov şahid qismində ifadə verdi.

V.Muxtarovun sözlərinə görə, 2015-ci ilin iyun ayında nazirliyə zərərçəkmişin kokain alveri ilə məşğul olması barədə məlumat daxil olub. “Bundan sonra kokainin Azərbaycana gətirilməsi kanalı müəyyən edildi və bildirildi ki, 2015-ci il sentyabrın 15-də Namiq bir qrup şəxslə “Sofiya” şadlıq sarayında olacaq və kokain sifariş edəcək. Həmin gün Namiq Orucov Ağa adlı şəxsə 1500 dollar pul verərək, 5 qram kokain sifariş etdi. Ağa isə Fuadla görüşərək, narkotiki alaraq, Namiqə təhvil verən zaman əməliyyat qrupu Namiq Orucovu yaxaladı”, – şahid deyib.

Vüqar Muxtarov kokainin Bakıya Almaniyadan Fuad adlı şəxs tərəfindən gətirildiyini bildirdi. Ertəsi gün Fuad Nəcəf evinin qarşısında saxlanılıb və üzərində kokain aşkar edilib. Ona qarşı qaldırılımış cinayət işi prokurorluğa və daha sonra polis idarəsinə göndərilib.

Daha sonra məhkəmə iclasında şahid Vüqar Muxtarovun dindirilməsi vəkillərin vəsatəti ilə qapalı keçirilib.

 

Mədəniyyət Nazirliyinin eksperti və 100 min manat

Şahid qismində ifadə verən Şahin Orucov bildirdi ki, o, zərərçəkmiş Namiq Orucovun qardaşıdır və hazırda Mədəniyyət Nazirliyinin ekspert komissiyasının üzvüdür.

Ş.Orucovun sözlərinə görə, qardaşı ona zəng edərək, MTN əməkdaşları tərəfindən saxlanıldığını və 100 min manat verməli olduğunu deyib. Lazım olan məbləği 3 saat ərzində toplamış şahid avtomobilində MTN-in yaxınlığına gəlib və orada Vüqar Muxtarovla görüşərək, pulu MTN-in şöbə rəisinə təhvil verib. 2 saatdan sonra isə qardaşı azadlığa çıxıb.

Daha sonra sabiq MTN əməkdaşı Əfqan Səfərov şahid qismində dindirildi. Şahid “Sofiya” şadlıq evində keçirilən əməliyyatda iştirak etdiyini, həmin vaxt Gülağa Quliyevin qolundan tutaraq saxladığını, foyedə Namiq Orucovun saxlanmasında iştirak etmədiyini və əməliyyat zamanı üzərində silah olmadığını bildirdi. Şahid Namiq Orucovun saxlanılan zaman MTN əməkdaşları tərəfindən döyülmədiyini, zərərsizləşdirmək üçün yerə yıxdıqlarını bildirdi.

Məhkəmə iclasında maraqlı şahid isə Rauf Məmmədov oldu. Şahid ifadəsində prokurorluqda ifadə verdiyini, ondan guya onunla İlham Qasımov arasında maşın satışı ilə bağlı məsə ilə əlaqədar sonuncunun MTN-nə çağırılması barədə soruşduqlarını bildirdi.

Şahid: Mən nə İlham Qasımovu, nə Eldar Mahmudovu, nə də Akif Çovdarovu tanıyıram. Heç vaxt MTN-də olmamışam, heç maşın alveri ilə də məşğul olmuram. Əvvəllər “OBXSS”də işlədiyimə görə salıblar bura. Ancaq istintaqdada dedim ki, DİN-də məndən başqada bir neçə Məmmədov Rauf işləyib.

Haşiyə çıxaraq bildirək ki, zərərçəkmiş İlham Qasımov ifadəsində bildirib ki, 2009-cu ilin payız ayında MTN əməkdaşları onu Akif Çovdarovun yanına aparıblar. Akif Çovdarov ona Raufa 150 min ABŞ dolları pul atdığını, həmin şəxsin nazir Eldar Mahmudovun dostu olduğunu deyib və onu həbs edəcəyi ilə hədələyib. O, isə Raufu tanımadığını, cəmi bir dəfə maşın alverçisi Ənvərin avtomaşın salonunda təsadüfən gördüyünü deyib. Raufu tanımadığını və Ənvərlə ortaqlığının olmadığını desə də, Akif Çovdarovun təzyiqlərinə dözməyərək, 150 min ABŞ dolları Raufun pulunu və 100 min dollar da Akif Çovdarova verib.

Məhkəmə prosesində gedən danışıqlardan məlum oldu ki, istintaq zamanı İlham Qasımovun dediyi Raufun kimliyi müəyyən edilməyib.

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə günü, aprelin 12-də keçiriləcəyimni elan etdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın