Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / “Kim təminat verə bilər ki, o ermənilər Qarabağa səfər etmirlər?” – İş adamı

“Kim təminat verə bilər ki, o ermənilər Qarabağa səfər etmirlər?” – İş adamı

“Kim qarantiya verə bilər ki, Aslan İsmayılovun hüquqlarını müdafiə etdiyi erməni iş adamları Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan Dağlıq Qarabağa səfər etmirlər? Və ya onların bizim ölkədən qazandıqları milyonlarla dollarlıq vəsait erməni separatçılarının əlində silaha çevrilib Azərbaycan əsgərlərinə qarşı atılmayıb, neçə-neçə oğullarımızı şəhid etməyib?”

Ovqat.com xəbər verir ki, bunu tanınmış iş adamı Mürvət Həsənli Azərbaycan Baş Prokurorluğunun 4 türkiyəli məşhur haqqında açdığı cinayət işini şərh edərkən bildirib.

İş adamının fikrincə, Azərbaycan Baş Prokurorluğunun cinayət əməllərində günahlandırdığı həmin adamlar məşhur şəxs olduqlarından diqqəti cəlb edib:“Bəlkə də Dağlıq Qarabağa hər gün mətbuatın gözündən yayınan yüzlərlə iş adamı gedir və orada iqtisadi fəaliyyətlə məşğul olur. “Emre Piliç”in erməni ortaqları da, böyük ehtimalla, Azərbaycanın dövlət maraqlarını heçə sayan həmin bədxahlardandır”.

Öz fikirlərini ermənilərin tarixən formalaşmış mafiya tipli iqtisadi təşkilatlanmaları ilə əsaslandıran Mürvət Həsənli bunun ən bariz nümunəsini sovet hakimiyyəti illərində yaşayan hər kəsin gördüyünü deyir: “Məlumdur ki, hətta “dəmir pərdə”lərlə özünü bütün dünyadan təcrid edən, heç bir ideoloji cərəyanların post-sovet məkanına girməsinə imkan verməyən SSRİ dövründə belə, Daşnak-sütyun təşkilatı bədxah qonşularımız arasında fəaliyyət göstərir, ən xırda işçidən tutmuş ən vəzifəli dövlət rəhbərlərinə qədər hər kəsdən vergi alırdı. Daşnak-sütyuna vergi verməyən heç bir erməni öz vəzifəsini qoruya bilmir, müxtəlif təzyiqlərlə cəmiyyətdən təcrid olunurdu. Bir çox kiçik millətlərin özünüqoruma instiktinə çevrilən bu metod bütün dünya ermənilərinin də ən mühüm silahı olub və Türkiyədə yaşayanlar da bu cür təşkilatlanmalardan kənarda deyillər. Fəqət sözügedən təşkilatlanma kifayət qədər gizli həyata keçirildiyindən bir çox hallarda gözdən yayına bilir. Odur ki, Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan kimi iş adamlarının erməni “davası”na verdiyi xidmətləri bu gün təsbit etmək asan deyil. Bununla belə, bir müddət əvvəl həmin iş adamlarının Brazilyadakı erməni mədəniyyət ocaqlarına külli miqdarda pul yatırdıqları ortaya çıxmışdı”.

Bütün separatçı-terrorçu qurumların öz qanunazidd əməllərini mədəniyyət ocaqları pərdəsi altında gizlətdiklərini xatırladan iş adamı “Emre Piliç”in erməni ortaqlarının “xeyriyyəçi” fəaliyyətinin də bu qəbildən olduğuna inanır və Azərbaycan ictimaiyyətini, o cümlədən tanınmış vəkil Aslan İsmayılovu da diqqətli olmağa çağırır: “Biz bir-birimizə qarşı nə qədər amansız mübarizə aparsaq da, eyni torpağın insanlarıyıq. İstəsək də, istəməsək də bu torpaq üzərində oynanan məkrli oyunların ortaq qədərini, taleyini yaşamağa məhkumuq. Tale ortaqlığı öz iradəmizdən asılı olmayaraq, bizi bəlkə də eyni səngərin əsgərlərinə çevirəcək. Buna görə də sabah eyni səngərdə bir-birimizin üzünə şəstlə baxa bilmək üçün düşmən süfrəsinə dikilən tamahımızı öldürməyə çalışmalıyıq. Mən bir azərbaycanlı kimi Aslan İsmayılovun erməniləri bu dərəcədə sidq-ürəklə müdafiə etdiyini anlaya bilmirəm”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …