Ana səhifə / Araşdırma / “Kim günahkar bilinəcəksə ondan 200 min tələb edəcəyəm” – MƏHKƏMƏ

“Kim günahkar bilinəcəksə ondan 200 min tələb edəcəyəm” – MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

“Alov binanı bürümüşdü, tüstüdən xilas olmaq çətin idi”

Prosesdə 11 nəfər zərərçəkmiş dindirilib. Zərərçəkmiş qismində yanan binanın 10-cu mənzilində yaşayan İdris Xəlilov ifadəsində təqsirləndirilən şəxslərdən yalnız 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovu tanıdığını göstərib: “Biz altıncı mərtəbədə yaşayırıq. Hadisə baş verən gün, saat 11 radələrində “Günəbaxan” verilişinə baxırdım. Pəncərədən baxanda görüdüm ki, binanın ikinci-üçüncü mərtəbəsi yanır, alov yuxarıya doğru qalxır. Tüstüdən xilas olmaq çox çətin idi.Binanı alov bürümüşdü”.

İstintaq zamanı zərərçəkmiş şəxsə 45 min manat zərər dəyməsi müəyyənləşdirilib, amma indiyə qədər həmin məbləğ ödənilməyib: “Dövlət tərəfindən mənə 20 min manat kompensasiya ödənilib. Mənzil təmir olunub, əşyalarla təchiz edilib. Təqsirləndirilən şəxsləri tanımıram, onlardan heç bir şikayətim yoxdur”.

“Qardaşımla bacımın yanğında ölməsi ürəyimə dammışdı”

Zərərçəkmiş şəxs qismində dindirilən Feyzulla Bağırov ifadəsində ona həm maddi, həm də mənəvi ziyan dəydiyini, yanğın zamanı həmin binada yaşayan qardaşı ilə bacısının dünyasını dəyişdiklərini bildirib: “Mən qonşuluqda yaşayıram. Zəng vurub qardaşımgil yaşayan binada yanğın olduğunu dedilər. Dərhal qardaşıma, bacıma zəng vurdum, cavab vermədilər. Oraya çatanda bina qara tüstüyə bələnmişdi, evi görmək mümkün deyildi. Yuxarı qalxmaq istədim, binaya buraxmadılar. Ürəyimə dammışdı ki, hər ikisi ölüb. Morqda meyitləri görəndə tanıdım, qardaşımın çiyni, bacımın ayaqları yanmışdı. Hər ikisini ertəsi gün dəfn etdik”.

Mərhumların qardaşı 200 min manat təzminat tələb edib

Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası olmadığını desə də, ona dəymiş maddi ziyana görə 200 min manat təzminat tələb edib: “Bu şəxslərin nə dərəcədə təqsirkar olduqlarını bilmirəm. Ona görə də, onlara qarşı iddiam və tələbim yoxdur. Əgər günahkarlar müəyyən edilərsə, bu işdə kim təqsirkar bilinərsə həmin şəxsdən bacım və qardaşım üçün 200 min manat təzminat tələb edəcəyəm”.

“Uşağın qışqırığına yuxudan oyandım”

Yanmış binanın 12-ci mərtəbəsində yaşayan Adilə Zeynalova yanğın zamanı yuxudan uşağın səsinə ayıldığını deyib: “Yatmışdım, birdən gördüm ki, uşaq qışqırır. Pəncərədən tüstü görünürdü, alov balkonu bürümüşdü. Evdən çıxmaq istədim, nəfəsim çatmırdı. 6-cı mərtəbəyə qədər birtəhər düşdüm, ordan o yana kimlərsə kömək edib çıxartdılar”.

Zərərçəkmiş mənzili yeni təmir etdirdiklərini, 50 min manata kimi təmirə pul xərclədiklərini bildirib: “Binanın yanmasında gələcəkdə kim günahkar bilinəcəksə, ondan 50 min manat təmirin pulunu tələb edirəm”.

“Alov on dəqiqə içərisində 16-cı mərtəbəyə qalxmışdı”

Binanın 10-cu mərtəbəsində yaşayan Xanım Məmmədəliyeva yanğın zamanı özü işdə olsa da, ailə üzvləri evdə olub. O, binanın yandığını eşidincə dərhal evə gəlib: “Hər tərəf alova qərq olmuşdu, helikopterlər alovu söndürmək üçün yuxarıdan su tökürdülər. Alov 10 dəqəqə ərzidnə 16-cı mərtəbəyə qalxmışdı. Biz dəfələrlə o materialların vurulmasına etiraz etmişdik. Çünki material yanan material idi. O bina onsuz da yanası idi. Biz binanın üzlənməsini istəmirdik. Binaya qaz çəkilməsinə icazə verilmirdi. Ancaq elektrik sobalarından istifadə edirdik. Ancaq laızmsız bir işi görüb, binanı üzlədilər. Binanın işıqlandırma sistemi evin içində idi, bir gün partlayacaqdı. Küçədən gözəl görünürdü, amma içəridən türməyə oxşayırdı, içəridə hava yox idi, çox səliqəsiz iş görmüşdülər”.

“Mənə elə gəlirdi ki, bina yandırılıb”

Doqquzuncu mərtəbədə yaşayan Mələk Hüseynova yanğın sağ çıxmaqlarına hələ də inana bilmədiyini deyir. O, məhkəməyə verdiyi ifadəsində yanğının qəsdən törədilməsi ilə bağlı iddia səsləndirib: “Şnur yanığının iyi gəlirdi, pəncərədən baxanda gördüm ki, binanın aşağısında 3 ayrı-ayrı yerdə nəsə yanır. Nəvələrimi götürüb qaçdım evdən. Biz çıxanda bina alışmışdı. Sonra yanğınsöndürənlər gəldi. Bəzilərində su yox idi. Mənə elə gəlir ki, bina yandırılıb, Xətaidə olduğu kimi. Həmin materialın yanan olduğunu bizə binada işləyən fəhlələr də deyirdi”.

Dövlət ittihamçısının suallarından sonra M.Hüseynova gördüyü 3 ayrı yanğın nöqtəsinin binaya vurulan penoplastın yandıqdan sonra yerə düşməsi ilə birlikdə yarana biləcəyini də istisna etməyib.

“Elə bildim ki, sonumdur, yerə çöküb dua oxudum”

13-cü mərtəbədə yaşayan bina sakini Heyvagül Əfəndiyeva yanğın zamanı ona 53 min manat ziyan dəydiyini deyib. O, ittiham aktında dəymiş ziyanın 81 min manat olaraq göstərilməsinə baxmayaraq 53 min manat istədiyini qeyd edib: “Qonşuların qapısını döydüm ki, yanğındır, çıxın. Ğzüm də evdə olan pullarımı, qızıl-zinət əşyalarımı götürdüm. Hər tərəf qapqara tüstü idi, göz gözü görmürdü. Elə bildim ki, sonumdur. Yerə çöküb dua oxudum. Qonşulardan da səs gəlmirdi. Onların da öldüyünü düşündüm. Birdən liftin qapısı açıldı. Qonşunun qızı ilə aşağı düşdük. Aşağı düşəndən sonra istədim zəng vuram oğluma ki, sağ-salamatam, telefonu tapmadım. Qızıllarımı, pullarımı və telefonu harada itirdiyimi xatırlamıram”.

Bina sakini Zöhrə Nemətova deyib ki, baş verən gün işdə olub, ona zəng vurub binanın yandığını xəbər veriblər: “Uşağım da evdə idi. Tez-tələsik evə gəldim, oğlum, anam, qardaşım evdə idi. Əvvəl mənə dedilər oğlun ölüb, sonra qonşumuz Nurlanə gəlib məni yerdən qaldırıb dedi ki, oğlunla anan sağdı. Məni oğlumun yanına apardılar, uşaq külün içində idi. Mənə dəymiş 70 min manat ziyanı tələb edirəm”.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi işləmiş rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Həmçinin oxuyun

Boşanmaların səbəbi: xəyanət və məişət zorakılığı – ARAŞDIRMA

“Evlilikdə duyğu məqamı olduğundan sarsılmaz deyil, əksinə qeyri sabitdir və özündə pozulma imkanını ehtiva edir. …

Bir cavab yazın