Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Keşləliləri tüstüdə boğan sex “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova bağlıdır

Keşləliləri tüstüdə boğan sex “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova bağlıdır

Bakının Keşlə qəsəbəsində, Mətləb Ağayev küçəsində yerləşən və ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının polisin müşaiyəti ilə reyd keçirdiyi kustar metaləritmə sexinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərinə bağlı olduğu bildirilir. Mənbəmizin dediyinə görə həmin sexi “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynovun qardaşı oğlu işlədir.

Xatırladaq ki, virtualaz.org və haqqin.az saytlarının reportyor qrupunun seriya araşdırmalarının ardınca ETSN həmin sexə reyd təşkil edib. Görüntülərə əsasən düz yaşayış evlərinin arasında yerləşən sex günün-günorta çağında havaya zəhərli qara tüstü buraxır. Bu, metal tullantılarının ədirilməsi üçün kustar sobalarda yandırılan mazutun tüstü ilə və tullantıların əridilməsi zamanı yaranan tüstünün qarışığıdır. Yəni ikiqat zəhərlidir.

Sexə “kənar şəxslərin” yaxınlaşdığını görən sahibkar “Ə, tez söndürün onu” qışqırır. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, sexdə metal tullantılarının əridilməsi əsasən axşam saatlarında başlayır. Mazutun yanması nəticəsində hər tərəfi qara tüstü bürüyür, sakinlər zəhərli tüstüdən nəfəs almağın çətin olduqlarını, boğulduqlarını deyirlər.

Əməkdaşlar sexə daxil olmaq istəsələr də özünü “səlahiyyətli işçi” kimi təqdim edən şəxs onların içəri keçməsinə mane olub, nəticədə nəticədə polis çağırılıb. Və polisin müşaiyəti ilə sexə baxış keçirilib.

Gözlənilir ki, ETSN həmin sexin sahibinin cərimələnməsi barədə qərar verəcək.

Virtualaz.org saytının araşdırmaları zamanı məlum olub ki, bu sex xammal kimi əsasən istismar müddətini başa vurmuş su borularından istifadə edir. Həmin borular “Azərsu” ASC-nin balansından silinərək sexə təhvil verilir.

Qeyd edək ki, bundan əvvəlki araşdırmalarımızda Bakıda və ətraf qəsəbələrdə, Sumqayıt ərazisində yerləşən çoxsaylı kustar metaləritmə sexlərinin tullantıları qismində bəzi dövlət şirkətlərinin balansından silinmiş metalı, o cümlədən dəmiryol relslərini iri partiyada aldıqları məlum olmuşdu. Lakin həmin dövlət strukturlarına nə qədər metal tullantılarının belə sexlərə təhvil verildiyi haqda sorğuya cavab almaq mümkün olmamışdı. Hansı ki, kustar sexlərin sahibləri ilə həmin dövlət şirkətlərinin məsul şəxsləri arasında əmlakın tullantı adı altında balansdan silinməsi üzərində qurulmuş korrupsiya əlaqələrinin mövcudluğuna dair ciddi şübhələr var.

O cümlədən “Azərsu” ASC son illər Bakıda və bölgələrdə köhnə su xətlərinin dəyişdirilməsinə yönəlmiş iri layihələr həyata keçirir. Təxmin etmək çətin deyil ki, bu layihələr zamanı böyük həcmdə köhnə borular çıxarılır və tullantı qismində sexlərə, o cümlədən Keşlədəki sexə təhvil verilir.

Sexdə istehsal olunan armaturların “Azərsu” ASC-yə satıldığı haqda məlumatımız yoxdur. Amma ASC rəhbərliyinin kustar metaləritmə sexləri ilə əlaqəli olması belə sual yaradır: “Azərsu” su xətlərinin çəkilməsi üçün metal boruları haradan alır?

Azərbaycanda standartlara cavab verən yeganə boru və armatur istehsalçısı “Baku Steel Company” QSC-dir. Bu şirkətin Sumqayıtda yerləşən “AzərBoru” zavodu bütün ölçülərdə, o cümlədən su və kanalizasiya xətlərinin çəkilməsi üçün istifadə olunan borular istehsal edir. “Azərsu” ASC-nin boruları həmin zavoddan alıb-almadığını dəqiqləşdirmək  “Baku Steel Company” QSC-yə sorğu ünvanlamışıq.

Qeyd edək ki, “İstehsalat və məişət tullantıları haqqında” qanuna ötən il dekabrın sonlarında Milli Məclis tərəfindən edilmiş, bir neçə gün əvvəl prezidentin təsdiqlədiyi əlavələr nəhayət bu sahədə uzun illərdir hökm sürən xaosu aradan qaldırmaq üçün nəhayət hüquqi mexanizm yaradır. Çünki əlavələrə əsasən qara və əlvan metal tullantılarının qəbulu, əridilməsi ilə ancaq xüsusi təhlükəli obyektlər statusunda dövlət reyestrində qeydiyyata alınan, yəni belə tullantıların təhlükəsiz şəkildə, ətraf mühitə zərər vurmadan əridilməsi üçün bütün texnoloji normalara əməl edən müəssisələr məşğul ola biləcək.

Lakin həmin qanunun tətbiqi ilə bağlı normativlər ən tezi 3 aya hazır olacaq və nəticədə hələlik qanunun kustar sexlərə tətbiqi mümkün olmur. Amma görünən odur ki, kustar sexlərin sahibləri həmin qanunun qəbulundan elə də narahat deyillər, fəaliyyətlərində dəyişiklik etmək istəmirlər.

Reportyor qrupu

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …