Ana səhifə / Araşdırma / Keçmiş polis əməkdaşı “salam”a görə onu bıçaqlayan şəxsdən şikayətçi olmayıb

Keçmiş polis əməkdaşı “salam”a görə onu bıçaqlayan şəxsdən şikayətçi olmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Röyal Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İttihama görə, Röyal Bayramov ötən ilin may ayının 1-də Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Zəngəzur” kafesində yaranmış dava-dalaş zamanı bıçaqla Pərvin Vəlizadəyə xəsarət yetirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramov istintaqdan yayındığına görə onun barəsində axtarış elan edilib. Hadisədən 5 ay sonra – 27 sentyabr 2015-ci ildə R.Bayramov Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

Təqsirləndirilən şəxs qismində dindirilən Röyal Bayramov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Pərvin Vəlizadəni 2013-cü ilin ortalarından tanıdığını, aralarında pis münasibət olmadığını, amma hərdən sözləri düz gəlmədiyini göstərib: “Hadisə baş verən gün qohumum Elmar İsgəndərovla “Zəngəzur” kafesinə qutab yeməyə gəldik. İçəri daxil olanda Pərvinin iki nəfər oğlan və üç qızla birlikdə oturduğunu gördük. Biz onlara salam verdikdən sonra qonşu stola keçib əyləşdik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, elə dava da bundan sonra başlayıb. Pərvinin yanında əyləşənlərdən biri “bizi tanıyırsan, salam verirsən?” deyib. Röyal isə “salam Allah salamıdır” deməklə kifayətlənib. Bu zaman Pərvin ayağa qalxaraq ondan çölə çıxmağı tələb edib: ”Həyətə çıxdım ki, görüm bunlar nə istəyirlər. Elmar da mənimlə çıxdı. Pərvin həyətdə Elmarı yumruqla vurdu. Pərvinin yanındakı Firudin adlı oğlanın əlində bıçaq olduğunu görüb dərhal mətbəxə qaçıb bıçaq götürdüm. Geri qayıdanda zalda Pərvinlə rastlaşdım. Məni görən kimi stulla vurmağa başladı, əlbəyəxa olduq. Əl çəkmədiyini görüb bıçaqla onu vurdum. Pərvini öldürmək niyyətim olmayıb. Hadisə bir an içərisində baş verdi. Heç nədən Pərvin mübahisə yaratdı. Pərvinlə, onun tanışları ilə mən dalaşmışam, Elmar mübahisəyə qarışmayıb. Hadisə Pərvin və onun dostlarının günahı üzündən baş verib. Onlar hamısı içkili idilər, istədilər bizə sataşsınlar, məni döysünlər. Ona görə də, məcbur olub Pərvini vurdum. Pərvin özü də təsdiq edə bilər ki, hadisə onun üzündən baş verib”.

Zərərçəkmiş şəxs qismində dindirilən Pərvin Vəlizadə ifadəsində 2009-2014-cü illərdə polis orqanlarında çalışdığını, sonradan öz xahişi ilə işdən azad olunduğunu göstərib: “İçkili idim, mübahisənin səbəbi yadımda deyil. Əvvəllər üzdən tanıdığım Röyal adlı oğlan mənə yumruq, təpik atdı. Sonra kafenin içərisinə doğru qaçdı. Mən də onun arxasınca qaçıb içəri keçdim. Özümü qorumaq üçün kafenin stulunu götürüb müdafiə olunmağa başladım. Stulla onu vururdum ki, üstümə gəlməsin, çünki əlində bıçaq var idi. Həmin vaxt ayağım büdrədi, yerə yıxıldım, Röyal da bıçaqla mənə zərbə endirdi. Ona müqavimət göstərir, əllərimlə əlini tuturdum ki, növbəti zərbəni vura bilməsin. Birtəhər bıçağı əlindən alıb bir kənara tulladım. Çöldə olarkən sol böyrümdən qan gəldiyini gördüm. Maykamı cırıb axan qanın üstünə qoydum. Yoldan keçən bir maşına əl edib saxlatdım. Həmin şəxslər məni xəstəxanaya apardılar”.

Zərərçəkmiş ifadəsində münaqişənin baş verməsində elə bir əsaslı səbəb olmadığını, ilk gündən onu vuran şəxsin Röyal olduğunu bilsə də, onun adını demək istəmədiyini bildirib: “Mən Röyaldan şikayətçi olmaq istəmirdim. Hal-hazırda da ona qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Məhkəmənin hökmü ilə Röyal Bayramov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın