Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Keçmiş MTN generalı: “İttiham aktını yazanların cinayət işindən xəbəri yoxdur”

Keçmiş MTN generalı: “İttiham aktını yazanların cinayət işindən xəbəri yoxdur”

Bu gün Sabunçu rayon məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xatırladaq ki, iki iclas öncə cinayət işi üzrə məhkəmə istintaqı ittiham aktının oxunması ilə başlamışdı və qeyd etmişdik ki, həmin iki iş günü ərzində yalnız ittiham aktının təqsirləndirilənlər Sübahir Qurbanov və Füzuli Əliyevə aid hissələri oxunmuş, keçmiş MTN əməkdaşları irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilməmişdilər.

Darıxdırıcı ittiham aktı

Bu gün də məhkəmə iclası dövlət ittihamçıları tərəfindən ittiham aktının növbəli şəkildə oxunması ilə davam etdirildi. Günün ilk yarısında təqsirləndirilən Zaur Məmmədovun ittihamı oxunaraq bitirildi və o, özünü təqsirli hesab etmədiyini bildirdi.

Bundan sonra ittiham aktının təqsirləndirilən Natiq Alıyevə aid hissəsi oxundu. Keçmiş MTN zabiti də səslənən ittihamlar üzrə özünü təsdirli bilmədiyini dedi.

Teymur Quliyev: “Nə mənim, nə də işçilərimin heç bir günahı yoxdur”

Virtualaz.org-un əməkdaşı məhkəmə alından xəbər verir ki, günün ikinci yarısında dövlət ittihamçıları cinayət işi üzrə ittiham aktının keçmiş MTN generalı Teymur Quliyevə aid hissəsini oxudular. Günün sonunda ittiham aktının oxunması bitdi və söz təqsirləndirilənə verildi.

Teymur Quliyev bununla bağlı dedi:

“Bu ittiham aktına qulaq asanda insanda elə təəssürat oyanır ki, onu yazanların cinayət işinin materiallarından xəbəri yoxdur. Möhtərəm hakim, işin epizodlarına baxıldıqca özünüz də şahidi olacaqsınız ki, bunların heç biri sübut olunmur, deyilənləri sübuta yetirə biləcək heç bir sənəd yoxdur. Bir sözlə, bu itiham aktı nağıldan başqa bir şey deyil.

Yazır ki, mən və işçilərim təlimatları pozmuşuq. Əksinə, biz yalnız həmin təlimatlar əsasında fəaliyyət göstərmişik. Konkret telefon nömrələrinin dinlənilməsi ilə bağlı yazılı göstəriş olub, qeyri-qanuni heç bir nömrə dinlənilməyib. Biz hansı təlimatı pozmuşuq?

Nə mənim, nə də işçilərimin heç bir günahı yoxdur. Mən özümü, təbii ki, irəli sürülən ittihamlar üzrə təqsirli bilmirəm”.

Teymur Quliyevin çıxışı zamanı təqsirləndirilən Natəvan Mürvətovanın başının hərəkəti ilə onun sözlərini təsdiqləməsi nəzərdən qaçmadı.

İttiham aktının oxunması kimə maraqlıdır?

Məhkəmə prosesinin son üç iclası Cinayət-Prosessual Məcəllənin təkmil olmamasını və burada boşluqların mövcudluğunu bariz nümayiş etdirir. Səbəblərini açıqlayaq.

3 iş günü dalbadal məhkəmə iclasında bütün maraqlı tərəflərdə olan ittiham aktının yekun hissəsinin oxunması nə dərəcədə məqsədəuyğundur? Bu, qanunun tələbi olsa da, effekti varmı?

Bircə onu demək kifayətdir ki, bugünkü iclasda günün sonuna təqsirləndirilənlərin 20-yə yaxın vəkilindən yalnız 4 nəfəri qalmışdı. Təqsirləndirilənlərdən bəziləri günortadan şüşə qəfəsi tərk etmiş və onlar üçün ayrılmış digər guşədə istirahət etməyi üstün tutmuşdular. Yalnız günün sonuna 15 dəqiqə qalmış Sübahir Qurbanov və Füzuli Əliyev yerlərinə qayıtdılar.

Gün boyunca hakimlər açıq-aşkar darıxırdılar. Həmişə ciddi və işgüzar olan hakimlər kollegiyasının üzvləri öz aralarında söhbət edir, zalın interyerinin elementləri ilə yaxından tanış olur və başlarını mümkün qədər qatmağa çalışırdılar.

200 səhifədən artıq sənədin oxunması onu oxuyan dövlət ittihamçıları daxil olmaqla, heç kimə maraqlı deyilsə və əslində, ona heç kim qulaq asmırsa, məhkəmənin 4 iclasının buna həsr edilməsinin nə mənası var?

Bu arada qeyd edək ki, ittiham aktının hardasa üçdə bir hissəsi hələ oxunmamış qalır və gələn iclasın da bütünlükdə onun oxunmasına sərf ediləcəyi şübhə doğurmur.

Məhkəmənin növbəti iclası cümə axşamı, martın 9-da keçiriləcək.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın