Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Keçmiş deputat sağı da hədələyir, solu da… – “Versin, məhkəməyə, yazsanız, mən sizi məhkəməyə verərəm”

Keçmiş deputat sağı da hədələyir, solu da… – “Versin, məhkəməyə, yazsanız, mən sizi məhkəməyə verərəm”

Bir neçə gün əvvəl Beyləqan rayonu Əlinəzərli kənd sakini Ruhid Əliyevin sabiq millət vəkili Ayaz Orucovla bağlı redaksiyamıza ünvanladığı şikayət məktubunu Hurriyyet.org dərc etmişdi.

Xatırladaq ki, şikayətçi Beyləqan rayonundan olan sabiq deputat Ayaz Orucovun rayon mərkəzindəki onlara məxsus 20 sot torpaq sahəsini zəbt etdiyini iddia edib.

Yazıdan sonra R. Əliyev təkrar əlaqə saxlayaraq məsələ haqda daha ətraflı bilgi vermək istədiyini dedi. Biz də dinlədik. Şikayətçi iddia edir ki, uzun illərdir Ayaz Orucovla aralarında yaranan münaqişə məhkəməsiz çözülə biləcək bir problemi müşkülə çevirib: “Mərhum atam 1995-ci ildə Beyləqan şəhərinin mərkəzində Dövlət Reyester Xidmətində 3-15, inventar nömrəsi -15 olmaqla qeydiyyatdan keçmiş mülk almışdı. Atamın orda “İşaatçı” koperativi vardı. Ora Beyləqan şəhər İdman Sağlamlıq Zonasında yerləşən ərzaq və sənaye malları bazarı kimi qeydiyyata alınıb. İndi həmin ərazini Beyləqan rayonundan olan sabiq millət vəkili Ayaz Orucov ələ keçirib”.

Şikayətçinin dediyinə görə, onlara məxsus torpağın yanında Ayaz Orucovun “Hidromaş” şirkəti musiqi məktəbi tikəcəkdi. Amma musiqi məktəbinin əvəzində orda tamam başqa tikili inşa edilib: “Ayaz Orucovun “Hidromaş” şirkəti guya oradakı 1 hektar sahədə musiqi məktəbi tikəcəkdi. Amma məktəb-filan tikilmədi. Əvəzində Ayaz Orucov üçün imarət ucaltılar. O, həmin ərazini bir az da genişləndirmək üçün bizim torpağımızı da onun gözünə qatdılar”.

Ruhid Əliyev deyir ki, o zamandan bu yana döymədiyi qapı qalmayıb: “Əlimdə rəsmi sənədlərlə neçə illərdir haqqımı sübut edə bilmirəm. 2014-cü ildə rayon prokurorluğuna bununla bağlı ərizə yazdım. Sənədlərə baxıb doğru olduğunu təsdiqlədilər.

Amma dedilər ki, torpağa iddia edən şəxs toxunulmazlıq hüququ olan bir millət vəkilidir. Təsəlli də etdilər ki, sənədləri əlində saxla, gələn seçkilərdə o, millət vəkili seçilməsə, bəlkə torpağını geri ala bilərsən. Mən də ümidimi sonrakı illərə bağladım”.

Şikayətçinin sözlərinə görə, növbəti dəfə A.Orucov millət vəkili olmasa da, o yenə də öz mövqeyində qalıb: “2 il bundan qabaq DİN-ə də şikayət elədim. Şikayətim qəbul olundu. Üstündən bir müddət keçəndən sonra mənə cavab verildi ki, onlar rayon İcra Hakimiyyətinə sorğu veriblər. Onların dediyinə görə, İcra Hakimiyyətindən bildirilib ki, guya mən əsassız şikayət etmişəm. Mən də icra başçısı Vaqif Əliyevlə şəxsən görüşmək qərarına gəldim”.

R.Əliyev deyir ki, icra başçısı onu qəbul edib, dinləyib, sənədlərinə baxıb deyib ki, köhnədir: “Mən də gedib arxivdən yeni arayış gətirdim. Üstəlik Dövlət Reyestri İdarəsindən torpağın bizim adımıza olması haqda da sənəd gətirdim. Başçı da baxdı, dedi ki, bu sənədlərlə qanun sənin tərəfindədir. Mən qanun qarşısında bir söz deyə bilmərəm. Get, torpağında işini gör. Müavini ilə icra nümayəndəsinə də tapşırdı ki, məsələni nəzarətdə saxlayın. Amma onların heç biri mənimlə həmin əraziyə getmədi. Dedilər ki, bu məsələ heç başçının da müdaxiləsi ilə də həll olunmaz. Sonra mənə aydın oldu ki, sən demə, müavin qarşı tərəfin adamı imiş. Bu haqda başçıya məlumat versəm də, o mənə dedi ki, işində ol. Mən də qohumlarımla birgə gedib mənə məxsus olan hissəni hasarlamaq hasarlamaq istədim. Elə bu vaxt 102-dən polislər gəldi. Sənədlərin düz olduğunu görüb getdilər. Bir neçə gün sonra da başçının müavini polis rəisi ilə gəlib ərazidən çıxmağımı tələb elədilər. Sənədə-filana da baxmadılar. Hətta xəbərdarlıq etdilər ki, çıxmasan, haqqında ciddi tədbir görüləcək. Mən də qohumlarımı pis vəziyyətdə qoymamaq üçün çıxmağa məcbur oldum”.

“Bu qədər instansiyalara müraciətdənsə qarşı tərəflə görüşüb məsələni həll etmək mümkün deyildimi” sualını çikayətçi belə cavabladı: “Dəfələrlə telefonla danışmışam, görüşmüşəm. Hətta qardaşı Akif Orucovla da görüşüm olub. Mənə deyiblər ki, sənə 10 min manat verə bilərik. Mən də razılaşmayıb dedim ki, torpağımı istəyirəm. O torpağın dəyəri yüksəkdir. 10 min manata vermək, bağışlamaq kimi bir şeydir. Çünki oranın mənim üçün mənəvi dəyəri yüksəkdir, onu mənə atam öz zəhməti ilə alıb. Torpaqdan pay olar?! Mən məsələnin məhkəməyə gedib çıxmasını istəmirəm. Çünki onun məhkəməyə də təzyiq edəcəyini düşünürəm”.

Şikayətçi deyir ki, onun bu məsələsi hüquq-mühafizə orqanlarının ötür-ötürümünə düşüb, ölkə başçısına şikayətlərinin isə qarşısı alınır.

Sözügedən məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Keçmiş millət vəkili bizi sonadək dinləmək istəmədi, hətta əsəbi tonda dedi ki, o niyə iddia ərizəsi ilə məhkəməyə yox, sizə müraciət edir: “Əgər onun şikayəti varsa, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət eləsin”.

“Bizə şikayət edən tərəf əlindəki sənədlərlə mübahisəni məhkəməsiz də həllinin mümkün olduğunu deyir, hətta belə fikir də bildirir ki, məhkəməyə təzyiq oluna bilər…” sözümüzü yarıda kəsib A.Orucov sərt reaksiya verdi: “Nə məqsədlə məhkəməyə təzyiq göstərəcəyəm ki… Əgər məhkəmənin işini “Hürriyyət” yerinə yetirisə, qoy sizə müraciət etsin. Amma məhkəmə qərarı olmadan məsələni ictimailəşdirsəniz, o zaman mən sizı məhkəməyə verərəm”.

A.Orucova “KİV haqqında Qanun”un tələblərini pozmadığımızı xatırlatdıq. A.Orucov yenə də sərt cavab təpki göstərdi: “Siz sual verdiniz, mən də cavabladım. Məhkəmə qərar versin, siz ondan sonra həmin məsələni ictimailəşdirə bilərsiniz. Mən sizi dinləməyə də bilərdim. Deyərdim, gəlin, danışaq. Yenə də deyirəm, Azərbaycan Respublikasında mübahisələri araşdıracaq məhkəmə orqanları var. Müraciət etsin, onlar araşdırsın”.

Qeyd edək ki, sözügedən məsələ Hurriyyet.org işıqlandırana qədər də bir neçə mətbu orqanda qeyri-peşəkar verilib. Hətta bəzi KİV orqanları A.Orucovun mövqeyini belə işıqlandırmayıb.

A.Orucovun əsassız təpkisinə rəğmən, Hurriyyet.org heç bir qanunsuzluğa yol vermədən onun da fikirlərinə yer ayırıb. Çünki bu məsələdə vətəndaşın sənədləri qanunidirsə, biz yalnız qanunun tərəfindəyik.

A. Orucovunsa əlində tutarlı faktları vardırsa, “Hürriyyət”ə sayğısızlıqdansa, onları təqdim edərdi.

Yazıda adıkeçən Beyləqan rayon icra hakimiyyətinin başçısı V.Abdullayevə gəlincə, biz onunla da əlaqə saxladıq. Keçmiş millət vəkilindən fərqli olaraq, V.Abdullayev sualımızı sayğıyla cavabladı. Dedi ki, hazırda xaricdədir. Qayıdıb gələndən sonra məsələyə sənədlər əsasında cavab verə bilər: “Mən də qanunun tərəfindəyəm. O mənim qəbulumda bəlkə də on dəfə olub. Amma yaxşı olardı ki, o adam getsin işi versin məhkəməyə və qərarı əlinə alsın. Mən xaricdən qayıdandan sonra bu məsələ haqda daha ətraflı danışa bilərik. Amma istəsəniz, yenə də materialı vermək sizin haqqınızdır. Mənim peşəkar jurnalistlərə hörmətim var”.

Keçmiş deputat sağı da hədələyir, solu da...
Keçmiş deputat sağı da hədələyir, solu da...

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …