Ana səhifə / Araşdırma / Keçmiş arvadını öldürməkdə suçlanan sabiq polisin şok müraciəti…

Keçmiş arvadını öldürməkdə suçlanan sabiq polisin şok müraciəti…

Heydər Əliyevin təltif etdiyi polis zabitinin istefasına səbəb nə olub? Məhbus ölkə başçısına müraciət etdi; Samir Əliyev: “Vaxtilə həbsə göndərdiyim o qədər insan var ki…”

Bu ilin yayında qətlə yetirildikdən sonra yandırılan 2 saylı doğum evinin həkim-ginekoloqu Natəvan Əliyevanın dəhşətli faciəsinin izləri hələ də itməyib. Müdhiş cinayətlə bağlı həbs edilən mərhumun keçmiş həyat yoldaşı, polis zabiti Samir Əliyev “Yeni Müsavat” vasitəsilə ölkə başçısına müraciət edib. Məhbus həbsi, N.Əliyevanın qətli ilə bağlı şok faktlar açıqlayıb. 
S.Əliyev keçmiş həyat yoldaşının qətlində heç bir əlinin olmadığını, həbsinə səbəb kimi hüquq mühafizə orqanlarında işlədiyi vaxt həbs etdiyi şəxsin qardaşının iri ranqlı məmur olmasını göstərib: “2 ildən artıqdır boşansam da, demək olar ki, hər gün övladlarımla bir yerdə olmuşam. Ətrafdakılar və məni müşahidə edənlər ola bilsin ki, boşandığımı bilməsinlər. Düşmənlərim isə çoxdur. Vaxtı ilə həbsə göndərdiyim o qədər insan var ki… Hətta qonşularımdan da həbsə göndərdiklərim olub. İstintaq qərəzli, mənə və ailə üzvlərimə mənəvi-psixoloji təsir və şantajdan istifadə olunmaqla aparılır. Dəfələrlə müstəntiq Aslan İbrahimovun dəyişdirilərək,  istənilən başqa müstəntiqlə əvəz olunması üçün müraciət etsək də, baxan yoxdur. Mərhum Əliyeva Natəvan Rafiq qızı 2015-ci il ayın 25-dən 26-na keçən gecə qonşuluqda yaşayan rəfiqəsinin evindən çıxıb və 8 iyul tarixdə isə onun meyiti Bakı-Quba avtomobil yolunun 55-ci kilometrliyindən yol kənarından tapılıb. Ayın 25-dən 26-a keçən gecə evdə olmuşam. Bunu ailə üzvlərim, istifadə etdiyim mobil telefonların antenna dairəsi, avtomobil saxladığım həyətdə dayanacağa baxan şəxs də təsdiq edir. 26 iyunda anamla birgə 35-ci polis bölməsinin mərhumun itkin düşməsi ilə bağlı müraciət etmişəm və 27-nə qədər Xətai Rayon Polis İdarəsində olmuşam. Natəvanın tapılması üçün əlimizdən gələni etmişik. 8 iyulda onun meyitinin Respublika
Xəstəxanasında olmasını eşidib meyitxanaya getmişəm. Elə oradan da Xızı Rayon Polis Şöbəsinə aparılmışam. 1 həftə işgəncədən sonra məni xəsarətlərlə buraxa bilməzdilər. Buna görə də, iyulun 16-da rəsmi şəkildə həbs olundum. Guya boşanan zaman Natəvanı öldürmək istəmişəm, amma bu əməli 2 ildən sonra həyata keçirə bilmişəm. Xəstə təfəkkürlü müstəntiqin qarabasmalarının nəticəsi olan absurd fərziyyə bax budur. Polis Şöbəsində üzərimdə olan şəxsi əşyalarım, “Tissot” qol saatım, 1550 manat pul, ailə foto-videolarımız olan yaddaş diski götürülüb və nə protokol, nə də qəbz tərtib olunmayıb. Həyat yoldaşımın mobil telefonu,  mənzildən götürülmüş yaddaş diskləri hələ də qaytarılmayıb. Onları tələb etdikdə isə diskdə olan həvəskar kamera ilə çəkilmiş ailə videoları, çimərlik şəkillərinin yayılması ilə şantaj olunuram. Axı ailə şəkillərim və videolarım niyə istintaqda qalmalıdır? 5 aydır  övladlarımla görüşə, telefonla danışa  bilmirəm. İstintaq orqanı mənə bu yolla psixi təsir etməyə çalışır və öz  maraqlarını təmin etmək istəyir. İndi elə bir vəziyyətdəyəm ki, bir dəfə ailəmi görmək üçün ən ağır cinayəti də boynuma götürməyə hazıram. 5 aydır ölümün səbəbini müəyyən edən ekspert rəyi olmadan həbsdəyəm. Məhkəmə -tibb eksperti 5 aydır ölümə bir səbəb qoya bilmirsə, hansı istintaqdan söhbət gedə bilər?”.
S.Əliyev qardaşının hazırda DİN müstəntiqi olduğunu açıqlayıb: “Anamın əməkdar müəllimə və məktəb direktoru, qardaşımın DİN-nin müstəntiqi, atamın sahibkarlıqla məşğul olması Aslan İbrahimovun əlinə gözəl fürsət verib. O, özü də gözəl bilir ki, bu cinayətdə heç bir günahım yoxdur. Sadəcə olaraq, şantaj, hədə-qorxu, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayətin açılmasına deyil, öz məqsədlərinə çatmaq istəyir. Amma buna nail ola bilməyəcək. Banditizmlə mübarizə aparan banditlər Hacı Məmmədovlar, Akif Çovdarovlar və onların prokurorluqda olan maskalanmış Aslan İbrahimovları olan ölkənin, onları yerində susdurmağı bacaran prezidenti və onun komandanlığı altında korrupsiya, özbaşınalıqla mübarizə aparan qərəzsiz məmurları da var. Gec-tez ölkə rəhbərliyi onları da cəzalandıracaq. Bildirirəm ki, yoldaşlarım məni cinayətkarlığa qarşı mübarizədə amansız, qətiyyətli, qorxmaz və peşəkar cinayət-axtarış əməkdaşı kimi xarakterizə edirlər. Fürsətdən istifadə edib prezident İlham Əliyevdən və aidiyyəti məmurlardan xahiş edirəm ki, dövlət və dövlətçilik yolunda canını fəda etmiş, bu gün cinayətkar kimi damğalanan, əslində həbsində başqa maraqlar olan, himayəsində 5 övladı olan bir insanın işinin obyektiv araşdırılmasına göstəriş versinlər. Bir də bütün xalqa, məni tanıyanlara, bu hadisədə şahid olanlara səslənirəm ki, şantaj və hədələrdən qorxmayın, şahidlik edin. Heç kim sizi şəxsi həyatınızla bağlı şantaj edə bilməz. Aslan İbrahimovun yeganə məqsədi məni qohumlarla münasibətimin soyuqluğundan istifadə edərək, öz maraqlarını təmin etməkdir. Natəvanın kim tərəfindən öldürülməsi tamamilə onun maraqlarından uzaqdır. Xızı Rayon Polis Şöbəsinin rəisini yalnız bir şey maraqlandırır; necə və hansı yolla olursa olsun cinayət kiminsə belində qalsın. Yoxsa bağlı qalar axı. Cinayətin kim tərəfindən törədilməsini isə heç kim araşdırmır. Samiri tutub salmışıq, sübut edəcəyik. Vəssalam. Sağlıq olsun, ədalət bərpa olar”.
Məhbus həbsinin səbəblərinə də toxunub: “2008-ci ildə Xətai Rayon Polis İdarəsində xidmət etdiyim zaman əslən Naxçıvanın Şahbuz rayonundan olan Əliyev Orxan Əlizadə oğlunu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ifşa etdim. Tutulan şəxs Bakı şəhər Baş Polis İdarəsinin o vaxt ki rəisi Rafiq Abbasovun qohumudur. Bundan sonra xidmətimdə “qara dövr” başladı. Qeyd olunan hadisədən sonra Rafiq Abbasovun göstərişi ilə qərəzli münasibətə və təqiblərə məruz qaldim. Müxtəlif bəhanələrlə 2008, 2012, 2013-cü illərdə tutduğum vəzifələrdən aşağı vəzifələrə və yaşayış yerindən uzaq məsafəyə xidmətə təyin olundum. Getdikcə bu təqiblər məni kollektivdə “əskisi tüstülü”  əməkdaş kimi tanıtdırdı. Bütün bunları mənimlə bir xidmətdə işləyən bir neçə əməkdaş təsdiq edir. 2011-ci ildə erməni saytlarının dağıdılmasında iştirak etmişəm. Rafiq Abbasov mənimlə o qədər qərəzli münasibətdə oldu ki, məcbur olub Ramil Usubovun qəbuluna yazıldım, bu barədə müraciətimi bildirdim. Nazirin göstərişi ilə xidməti iş yerim yaşadığım yerə yaxın dəyişdirildi. Rafiq Abbasovun mövqeyi dəyişmədi. Rafiq Abbasovun himayəsində olan qohumları və ticarət obyektlərinin adlarını belə sosial şəbəkələrdə paylaşmışam. Bütün bunlardan sonra Bakı qarnizonundan uzaqlaşdırıldım. Bir müddət Bakıdan kənarda xidmətimi davam etdirdim. Artıq xidmətdən iyrəndiyim üçün öz raportum ilə istefaya çıxdım”.
Son aylar ölkə mətbuatının əsas gündəmində olan keçmiş polis zabitinin kimliyini araşdırdıq. Məlum oldu ki, o, 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakıdakı 191 saylı orta məktəbi əla qiymətlərlə bitirərək, BDU-nun hüquq fakültəsinə yüksək balla daxil olub. Heydər Əliyevin qəbulunda olaraq təltif də edilib. 2001-ci ildə həmin fakültənin bakalavr, 2003-cü ildə isə, magistr pillərlərini  fərqlənmə diplomları ilə bitirib, 2003-2004 -cü illərdə həqiqi hərbi xidmətdə olub. 2005-ci ildən Daxili İşlər Orqanlarında xidmətə başlayıb.
S.Əliyevin hüquqi nümayəndəsi olan hazırkı həyat yoldaşı Zəminə Əliyevanın da mövqeyini aldıq. O, bunları dedi: “Samir  əvvəlki nigahdan olan övladları ilə demək olar ki, hər gün görüşərək, onların hər bir qayğısı ilə maraqlanırdı. Keçmiş həyat yoldaşı Natəvan həm də onun dayısı qızı olduğu üçün övladlarına görə normal, konfliktsiz  münasibətləri olub. Onun bu cinayətdə heç bir iştirakı yoxdur və ola da bilməz.  Bu istintaq yolu ilə təsdiqini tapacaq. Samir tam qanunsuz olaraq həbs olunub və istintaq nəyə görəsə bir fərziyyə ilə aparılır. Samirin onu öldürməsi üçün heç bir səbəb və motiv də yoxdur. Mərhumun qətlində maraqlı olan, onların boşanması ilə barışa bilməyən qohumlar var. Samirlə mərhum rəsmi ayrılmış və bu ayrılıq hər ikisi tərəfindən normal qəbul olunmuşdur”.
Xatırladaq ki, polis zabitinin həbs müddəti noyabrda 4 ay artırılıb.
musavat.com

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın