Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / Jurnalistin qatillərini ələ verən saat Bakıda da satılır

Jurnalistin qatillərini ələ verən saat Bakıda da satılır

Bakıda bu saatların istifadəçiləri daha çox gənclərdir…

Türkiyədə yoxa çıxan jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda dindirildiyi və daha sonra qətlə yetirildiyini sübut edəcək səs yazısının onun Apple saatının qeydiyyatına düşdüyü iddia edilir.

Məlum hadisə dünya ictimaiyyətində, sosial şəbəkələrdə həm də jurnalistin istifadə etdiyi saatla müzakirə olunur. Çünki məhz bu saat vasitəsilə onun qətl edildiyi ortaya çıxıb. Qeyd olunur ki, jurnalist konsulluğun binasına daxil olmazdan öncə iPhone smartfonunu onu çöldə gözləyən nişanlısına verib və qara rəngli “Apple Watch ” saatını isə öz qoluna taxıb. Konsulluğun binasına daxil olmazdan əvvəl saatı səs yazısı rejiminə keçirib və smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb.

Bunun nəticəsində içəridə Camalın dindirilməsi, işgəncəyə məruz qalması və sonra da doğranaraq öldürülməsini əks etdirən səs yazısı avtomatik şəkildə iPhone smartfonuna ötürülüb və daha sonra “Apple iCloud” proqramına yüklənib.

Bəs qeyd edilən saat Azərbaycanda varmı? Bu tip saatların istifadəçiləri əsasən kimlərdir?

“Yeni Müsavat”ın əməkdaşı suallara cavab tapmaq üçün Bakıda yerləşən bir neçə iri texnologiya mağazasında olub. Öyrəndik ki, jurnalistin istifadə etdiyi saatdan Bakıda da tapmaq mümkündür. Lakin bu saatları texnologiya mağazalarının hamısı vitrinlərinə qoymayıblar.

Əvvəlcə “Apple Watch”ların hansı funksiyaya malik olduğuna baxaq. “Apple Watch”ların sonuncu – yəni 4-cü seriyası bu ilin sentyabr ayında nümayiş etdirilib. Əvvəlki modellərdən ilk fərqi ekranının böyük olmasıdır. Bu da funksiyalardan rahat şəkildə istifadə etməyə şərait yaradır. Ümumiyyətlə, texnologiya mütəxəssisləri bildirirlər ki, hazırkı dövrdə insanlar kiçik ölçülü deyil, iri ekranlı telefonlara daha çox maraq göstərirlər. Bu maraq “Apple Watch” saatlarına qarşı da eynidir.  Bu saat vasitəsilə ürəyin ritmi çox dəqiq şəkildə qeyd edilir. Hətta elektrokardioqram da etmək mümkündür. Həmçinin saat arxasında olan xüsusi sensor vasitəsilə sahibinin yıxılmasını, sürüşməsini də qeyd edə bilir. Yıxılma anından sonra saat sahibindən hər şeyin qaydasında olub-olmadığını soruşur. Sahibi daha öncədən bu funksiyanı işə salıbsa və belə bir hal baş verdiyi zaman hansısa nömrələrin yığma komandasını veribsə, saat avtomatik həmin nömrələri yığır. Bu zaman mövcud olduqları yerin koordinatları da qarşı tərəfə göndərilir.  Saat 50 metr suyun altında işləyə bilir və 18 saat enerji saxlayır. Hər hansı bir funksiyanın işlək olduğu zaman isə bu, 6 saata qədər enir. Bu ağıllı saat vasitəsilə İphone telefonuna bağlanıb, telefonun funksiyalarını idarə etmək olur. Həmçinin internetə bağlıdırsa, o zaman səsyazı qeydə alıb, internet üzərində olub, özəl baza rolunu oynayan “İCloud”a yükləmək mümkündür.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu saatlar Azərbaycanda da satılır. Belə ki, saatların son versiyasının qiyməti 749 manatdır. Daxil olduğumuz elektronika mağazalarında saatı vitrində görmədik. Lakin satıcılar söylədilər ki, almaq istəsək, onlar saatı gün ərzində təşkil edə bilərlər. Söylədilər ki, vitrində olmasa da bazalarında “Apple Watch” mövcuddur.

“Apple Watch” ala bilməyənlər və yaxud da İphone telefonu işlətməyənlər android sistemi ilə çalışa bilən, digər ağıllı saatları da ala bilərlər. Dünyanın ağıllı saatlar bazarında “Apple Watch”dan sonra “Samsung” şirkətinin saatları ön sırada gəlir. Bu saatların da ən müasirlərini Azərbaycanda tapmaq mümkündür. Məlumat üçün onu da qeyd edək ki, “Samsung”un ağıllı saatları da “Apple Watch”la demək olar ki, oxşar funksiyaları yerinə yetirə bilirlər. Yəni bu saatlar vasitəsilə də səs qeydə almaq, telefona bağlanmaq mümkündür. “Samsung”un ağıllı saatlarının qiyməti isə 649-699 manat arasında dəyişir. Bu saatlara da hər mağazanın vitrinində rast gəlmək mümkün deyil.

Alıcılarla söhbətimiz zamanı öyrəndik ki, saatların sifarişçiləri daha çox gənclərdir. Bildirdilər ki, “Apple Watch”lara maraq yüksəkdir. “Əslində bu saatların funksiyaları çoxdur. Ancaq alanların əksəriyyəti saatları bəzək kimi istifadə edirlər. Daha çox saatları almaq üçün gənclər müraciət edirlər. Orta yaşlılar bunun funksiyalarının çoxundan bixəbər olduqları üçün maraqlanmırlar. Çoxu heç belə bir saatın olduğunu da bilmir. Əslində isə buna, sadəcə olaraq, saat da demək olmaz. Çünki saat ”Apple Watch”un ən sadə funksiyasıdır”, deyə söhbət etdiyimiz satıcı söylədi.

Son zamanlar telefon bazarında özünə, məxsus yer tutub və sürətlə irəliləyən “Xiaomi” şirkətinin də ağıllı saatları mövcuddur. “Mi band” kimi tanınan bu saatlarda “Apple Watch”da olduğu kimi geniş funksiyalar mövcud deyil. Sadəcə olaraq, addım sayan, gələn zənglərə cavab vermək, gələn mesajı oxumaq kimi funksiyalara sahib olan “Mi band”lara Azərbaycanda əksər elektronika mağazalarının vitrinlərində rast gəlmək mümkündür. Qiymətləri isə 55-90 manat arasında dəyişir. Həmçinin telefon aksesuarları mağazalarında ağıllı saat adı ilə xeyli saxta saatlar da satılır. Onların da qiymətləri 50-100 manat arasında dəyişir. Satıcılardan öyrəndik ki, bu malların da alıcıları gənclərdir.

Azərbaycanda bir neçə jurnalistdən “Apple Watch” işlədib-işlətmədiyini soruşduq. Onlar bu saatlardan istifadə etmədiklərini söylədilər…

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …