Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Jurnalistin ölüm işində yenilik – futbolçu  Cavid Hüseynov  və daha 5 nəfər həbs edildi

Jurnalistin ölüm işində yenilik – futbolçu  Cavid Hüseynov  və daha 5 nəfər həbs edildi

Prezidentin nəzarətində olan cinayət işində şok gəlişmə; Futbolçu Cavid Hüseynov və daha 5 nəfər saxlanıldı; onlar 3 ay müddətinə azadlıqdan məhrum edildi; cinayətin məhz futbolçunun təhriki ilə törədilməsi araşdırılır; Respublika Prokurorluğu və DİN birgə məlumat yaydı; Rasim Əliyevin üç mərasimində kimlər nə dedi…

Jurnalist Rasim Əliyevin qətlində günahlandırılan “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov avqustun 11-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 
Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Səbayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimatına baxılıb. 3 ay müddətinə həbs olunan futbolçuya cinayəti bilib gizlətmə maddəsi ilə (Cinayət Məcəlləsinin 307.1, 307.2) ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı musavat.com-a təsdiqləyib. Vəkil bildirib ki, futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcək. 
Avqustun 6-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq  birgə  məlumat yayıb. Məlumatda deyilir ki, dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi facebook səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
 
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşmüşdür. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirmiş və hadisə yerindən qaçmışlar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmamış və avqustun 9-da saat 05 radələrində orada vəfat etmişdir.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunmuş və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilmişdir.
Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
 
Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. İstintaqın gedişi və həyata keçirilən tədbirlər Azərbaycan prezidentinə mütəmadi məruzə olunur.
***
Avqustun 11-də jurnalistin üç mərasimi keçirilib. Günəşli qəsəbəsində baş tutan mərasimdə mərhumun dostları və qohumları iştirak edib. Yas mərasimində iştirak edənlər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli də və digər tanınmış şəxslər olub.
 
Mərhumun atası musavat.com-a açıqlamasında yas mərasimin keçirilməsi ilə bağlı dövlətdən heç bir maddi dəstək almadıqlarını bildirib. Amma yas mərasiminin keçirildiyi zalın rəhbərliyi mərhumun yaxınlarına 50 faiz güzəşt edib. Bu isə Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimovun tapşırığı ilə olub. Jurnalistin atası Bakı Şəhər Baş Prokurorluğuna dəvət edildiyini, lakin mərasimlə əlaqədar gedə bilmədiyini bildirib.
 
Mərasimdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da musavat.com-a açıqlama verib. Ə.Amaşov baş verən hadisəni Mətbuat Şurası olaraq sərt şəkildə qınadıqlarını və günahkarların ən qısa zamanda hüquq müstəvisində cəzalandırılmasını istədiklərini bildirdi: “Hadisəni prezident İlham Əliyev hadisəni nəzarətə götürüb. Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə tapşırıq verib. Hadisənin qısa zamanda araşdırılacağına və günahkarların cəzalandırılacağına inanıram”.
 
Jurnalistin sevdiyi qız,  Dövlət Dillər Universitetinin məzunu, 25 yaşlı Gülər Abbasova da ilk dəfə olaraq Rasim Əliyevin ölümündən danışıb. AzadlıqRadiosuna danışan G.Abbasova Rasimin həkimlərin məsuliyyətsizliyindən öldüyünü deyib.
Rasim döyüldükdən sonra ilk olaraq G.Abbasovaya xəbər verib: “Döyüldüyü gün axşam 6-ya qalmış zəng vurdu ki, ”xəstəxanadayam, “Semaşko”da, mamamgilə xəbər ver”. Dedim, nə olub, dedi ki, “döyüblər,  yüngül bir şeydir”. O, mənə dərdini deyən deyildi. Dedi, narahat olma”.
Rasimlə bir neçə il əvvəl tanış olduqlarını deyən G.Abbasova payızda nişanlanmağı düşündüklərini deyib:“Onunla münasibətim olduğunu yalnız anam bilirdi, atamgil və qardaşım bilmirdilər.  Amma Rasimin ailəsi onun mənimlə münasibətini bilirdi, anası da onu tələsdirirmiş. Rasim evlərinin üstündə ikinci mərtəbə qaldırırdı və biz ev hazır olandan sonra evlənməyi planlaşdırırdıq. Bu payız nişanımız olacaqdı. Rasim çox saf adam idi. Özündən əvvəl qarşıdakı adamı fikirləşərdi. Adamın fikrini təhlil edirdi, onun fikrinə haqq qazandırırdı, sonra öz fikrini deyirdi.  Çox hərtərəfli düşünən, baş verən hadisələri hərtərəfli təhlil edən  bir adam idi. Rasim başqa idi…”
İlkin MURADOV

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın