Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Jurnalistin anası: “Oğluma qarşı ittihamlar sübuta yetirilməyib”

Jurnalistin anası: “Oğluma qarşı ittihamlar sübuta yetirilməyib”

“İki oğul böyütdüm, oxutdum, diplom verdim, amma indi xəstə vəziyyətimdə, tək qalmışam. Biri müəmmalı şəkildə dünyasını dəyişdi, o biri isə həbsdədir”. Bu sözləri Bizimyol.info saytına Zahidə Şirəliyeva deyib.

O, “7gun.az” saytının rəhbəri Cavid Şirəliyevin anasıdır. Z.Şirəliyeva hesab edir ki, oğluna qarşı ittihamlar əsassızdır və sübuta yetməyib.

Cavid Şirəliyevə qarşı irəli sürülən ittihama əsasən, o, tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icarədarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yaymaq hədəsilə 2000 manat pul tələb edib və 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirib.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirli bilinən C.Şirəliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Anası bildirir ki, oğluna qarşı ittihamlar sübuta yetirilməyib. “Caviddən şikayətçi olan Şəfiqə Xankişiyeva barədə İnsan Alverinə Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Onun əxlaqsızlıq yuvası saxlaması ilə bağlı 244-cü maddə ilə açılmış cinayət işi var. Şəfiqəni 2014-cü ildə saxlayıblar, sonra isə ondan istifadə edərək oğlumun əleyhinə ifadə alıblar. Belə ki, Şəfiqə Xankişiyeva saxlandıqdan sonra Asif Orucovun əleyhinə ifadə verib, Asifin ondan pul tələb etdiyini deyib. Asifin telefonunda Cavidin telefon nömrəsi olduğu üçün Cavidi də saxlayıblar. Amma sonradan məlum olur ki, iyunun 10-da Asif cəzaçəkmə müəssisəsində olub. Cavidin o qadınla ümumiyyətlə telefon danışığının olmamasını sübut edən sənədləri də məhkəməyə təqdim edilib. Vergilər Nazirliyinin istintaqından rəsmi olaraq bildiriblər ki, 2013-cü il dekabrın 30-dək Tovuz rayonunun Qovlar kəndində “Tatar” adlı kafe fəaliyyət göstərməyib və Şəfiqə Xankişiyevanın hər hansı obyekti icarəyə götürməsi ilə bağlı vergi orqanlarında məlumat yoxdur. Məhkəmə isə bütün bu sübutları nəzərə almadan oğlumu 5 il müddətinə həbsə məhkum etdi”.

O, bildirir ki, məhkəmənin hökmündən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın