Çərşənbə , May 22 2019
Ana səhifə / Araşdırma / İsveçrə məhkəməsi azərbaycanlı oliqarxın oğluna hökm oxudu

İsveçrə məhkəməsi azərbaycanlı oliqarxın oğluna hökm oxudu

2009-cu ildə İsveçrədə, Cenevrə gölünün sahili boyu uzanan şose yolda “Lamborghini” ilə şütüyərək qəza törədən və bir nəfərin yaralanmasına səbəb olan Ziya Babayev 2 il şərti həbs cəzası alıb.

Virtualaz.org saytı xəbər verir ki, İsveçrə məhəkəməsinin qərarı haqda bu ölkədə nəşr olunan rusdilli “NashaGazeta” yazıb. Məhkəmə həmçinin Ziya Babayevi 10 min frank məbləğində cərimələyib.

Ziya Babayev Rusiyada yaşayan azərbaycanlı tikinti maqnatı, “Verso” şirkətlər qrupunun sahibi Mehrac Babayevin oğludur. O, Cenevrədə Moskva Dövlət Universitetinin filailında təhsil alırdı və 2009-cu ildə Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun oğulları işlə birlikdə idman avtomobilləri ilə sürət yarışına çıxarkən qəza törədib.

Prokuror azərbaycanlı oliqarxın oğluna 5 il həbs cəzası tələb etmişdi. Bu baxımdan məhkəmənin qərarı onun üçün hədiyyə ola bilər.

Babayev məhkəmə zalında bildirib ki, törətdiyi əmələ görə peşimandır və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini, sürət həddini aşdığını boynuna alır. Bununla belə Babayev 2009-cu ilin noyabr gecəsində baş vermiş hadisəni pis xatırladığını bildirib. Qəza törədərkən onun 22 yaşı var idi.

Babayev həmçinin məhkəməyə ifadəsində deyib ki, İsveçrədə özünün biznesi var, avtomobil ehtiyat hissələrinin satışı ilə məşğuldur və fast-fud şəbəkəsi var. Ayda təxminən 30 min dollar qazanır, aktivlərini 5 milyon avroya yaxın qiymətləndirir.

Məhkəmə Babayevə İsveçrə ərazisində bizneslə məşğul olmağa və əvvəl qoyduğu 100 min frank girovun bir hissəsini geri götürməyə icazə verib.

Müəyyən olunub ki, Babayevin idarə etdiyi “Lamborghini” qəza zamanı saatda 150 kilometr sürətlə hərəkət edib. Həmin yolda maksimal sürət həddi saatda 80 kilometrdir. Babayev qarşıda hərəkət edən, 70 yaşlı Almaniya vətəndaşının idarə etdiyi “Volksvagen Golf” avtomobilini ötmək istəyərkən qəza törədib və alman ağır xəsarət alıb. Lakin o, Babayevdən şikayət etməyib. Çünki Babayevin valideyinləri onunla kompensasiya barədə razılığa gəliblər. Məbləğ məlum deyil.

Avropa və Rusiya mətbuatının gündəmindən uzun müddət düşməyən həmin səs-küylü qəza 2009-cu il noyabrın 22-də baş vermişdi.

Dünyanı qlobal maliyyə böhranının bürüdüyü bir vaxtda Cenevrə gölünün sahili boyu uzanan şose yolda dəyəri milyonlarla dollar olan avtomobillərdə sürət yarışına çıxaraq qəza törədən “yeni ruslar” haqda əhvalat avropalıları şoka salmışdı.

Əvvəlcə həmin qəzanın iştirakçılarının “varlı ruslar” olduğu deyilirdi. Lakin çox keçmədən məlum oldu ki, hadisənin iştirakçıları Rusiya əsilli olsalar da azərbaycanlılardır – tikinti maqnatı Mehrac Babayevin və oliqarx Telman İsmayılovun ərköyün uşaqlarıdır.

Telman İsmayılov və oğulları

Beləliklə, həmin gün Telman İsmayılovun oğulları Sərxan və Ələkbər Mehrac Babayevin (keçmiş cəbhəçi, könüllülərdən ibarət “Şıxov” batalyonunun komandiri olub və 1993-cü ildə Azərbaycanı tərk edərək Rusiyada biznesə başlayıb) 22 yaşlı oğlu Ziya Babayevlə Cenevrə gölünün sahilindəki “Reserve” restoran-barında yaxşıca yeyib-içiblər və əyləniblər.

Daha sonra T.İsmayılovun oğlu Cenevrədə gəzib dolaşmaq üçün kirayə götürdükləri 1,4 milyon avroluq “Buqatti Veyron”da və dəyəri 650 min avro olan “Mercedes Mclaren”də, Ziya Babayev isə atasının ona aldığı “Lamborghini Murcielago”da yola çıxıblar.

Onların daha bir rusiyalı dostu isə nisbətən ucuz “Porshe Cayanne Turbo” avtomobilində kampaniyaya qoşulub. Dostların məqsədi sürət avtomobilləri ilə “rodeo” təşkil etmək, yəni sürət yarışına çıxmaq idi.

Yarış zamanı “Lamborghini” öndə gedən “Volksvagen Golf” avtomobilini vurub. Nəticədə “Volksvagen” darmadağın olub, onun 70 yaşlı alman sürücüsü isə ağır yaralanıb.

İsveçrə mətbuatı hadisə zamanı “Lamborghini”nin saatda 220 kilometr sürətlə hərəkət etdiyini yazırdı. Məlum olmuşdu ki, bundan əvvəl həmin “Lamborghini” və “Bugatti” Monako knyazlığında sürət yarışına çıxıblar.

Mətbuat yazırdı ki, İsmayılov qardaşları ilə Z.Babayev müntəzəm olaraq birlikdə əyləniblər. T.İsmayılovun oğullarının Cenevrəyə dincəlmək üçün hadisədən bir neçə gün əvvəl gəldiyi məlum olub. Hadisəyə qədər Z.Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil alıb.

Hadisə ilə bağlı o, müvəqqəti təhsildən kənarlaşdırılıb. Mərkəzin rəhbərinin də azərbaycanlı olduğu, üstəlik, beynəlxalq axtarışda olduğu və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürüldüyü Tamerlan Həsənov olduğu üzə çıxıb. Onun adı Rəsul Quliyevə qarşı qaldırılmış cinayət işində keçir.

T.Həsənov da əslən Naxçıvandandır və R.Quliyevin həmyerlisidir. 2005-ci ildə o, Moskvada həbs edilib, ancaq 3 gün sonra buraxılıb. Üstəlik məlum olub ki, həmin təhsil mərkəzinin status da qeyri-müəyyəndir, əsasən varlı rusların uşaqlarının formal təhsil alması üçün açılıb.

Qəzanın ertəsi günü, prokurorluq cinayət işi başlamağa imkan tapmamış İsmayılov qardaşları atalarının məşhur qızılı “Falcon”unda Cenevrəni təcili tərk edib. Ziya Babayev isə saxlanılıb, ancaq 100 min frank girov qarşılığında azad edilib.

İsveçrə mətbuatı onu da yazmışdı ki, Ziya Babayev bundan əvvəl də yol hərəkəti qaydalarını kobud şəkildə pozub və 2 həftə həbsdə qalıb. Universitetdə isə hamı onu “sponsor” kimi tanıyırdı. Atası sonuncu qəzaya görə onun mümkün qədər yüngül cəza alması üçün güclü vəkillər tutmuşdu.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …

Bir cavab yazın