Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / İsmayıllı hadisələrini təkrarlamaq cəhdi, yoxsa adi videoəyləncə?

İsmayıllı hadisələrini təkrarlamaq cəhdi, yoxsa adi videoəyləncə?

Son aylar istər daxildə, istərsə də xaricdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş siyasi, iqtisadi və sosial islahatlar alqışlanması və məmnuniyyəti haqqında reaksiyalar izləməkdəyik.

Hökumətin müxtəlif təqaüd dərəcələrini, minimum əmək haqlarını artırması, vergi güzəştlərinin tətbiqi, sosial müavinət artırılması, pilot layihəsi ilə aparılan məcburi tibbi sığortanın tətbiqi, dövlətin müxtəlif sosial qruplar, cəmiyyət seqmentləri ilə qarşılıqlı əlaqələrinin yeni formalarının təzahürü ilə müşayiət olunan proseslər istər daxildə, istərsə də xaricidə müsbət dəyərləndirilir.

Paralel olaraq bu islahatlardan, vətəndaş-dövlət məmnunluğunun dərinləşməsindən narahat olan dairələrin istər daxildə , istərsə də xaricdə bu məmnunluğun “zərərsizləşdirilməsi” istiqamətində atdıqları addımları, reaksiyalarını izləməkdəyik.

İlk baxışdan dediyimiz mövzuya dəxli olmadığı kimi görünən hadisələrə diqqət çəkək. Bu günlərdə 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü sosial şəbəkələrdə cəmiyyətin hiddətinə səbəb olan, çılpaq qızları əks etdirən iyrənc video yayıldı. Azərbaycan cəmiyyətinin fikrinin formalaşmasında iştirak edən nüfuzlu ünvanlar videonun soyqırım günü təxribat məqsədi ilə yayıldığını elə ilk dəqiqələrdən elan etdilər, bu rəy millət vəkillərinin, nüfuzlu media qurumlarının inandırıcı arqumentləri ilə təsdiqləndi və möhkəmləndi.

Videonun yayılmasından bir gün sonra isə mütəmadi olaraq şübhəli dairələrdən aldığı qrantlar hesabına Avropada Azərbaycan əleyhinə kampaniya aparan blogerlərdən biri Məhəmməd Mirzəli bu təxribat-mövzunu davam etdirdi. Bloger canlı yayımda video çəkilişi aparan şəxsi tanıdığını, onun Bakı şəhərinin böyük rayonlardan birinin, dini-mühafizəkar əhalinin çoxluqda olduğu Sabunçu rayon İcra Hakimiyyəti Başçısının oğlu olduğunu iddia etdi, ardınca isə məmurun olduğu iddia olunan çoxsaylı mal-mülkün siyahisını sadaladı.

İlk dəqiqlərdən bu iddianın qeyri-ciddiliyi diqqət çəksə də, məntiqi olaraq ilk ağla gələn iddiaların Avropada deşifrə olduqlari üçün qrant gəlirləri kəskin azalmış blogerin “yerli məmurların rəqabətindən qazanmaq istəyi, daxili sifariş həyata keçirməsinə cəhdi” fikri oldu.

Deşifrə məsələsinə gəlsək, yəqin xatırlayırsınız, bir neçə ay əvvəl, Avropada yaşayan siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı bölüşə bilmədikləri bir qranta görə bir-birini ifşa etmişdilər. İfşalardan aydın olmuşdu ki, adıçəkilən gənclərin seçkiqabağı birliyi digər fəaliyyətləri kimi alınan qrantlar hesabına Azərbaycan dövləti və prezidenti əleyhinə kampaniya aparmaq üzərində qurulubmuş.

Əslində, qrantları kəsilmiş blogerin bu iddiasının məhz icra hakimiyyəti başçısına qarşı “rəqiblərindən gələn daxili sifarişi həyata keçirməklə maliyyə qazanmaq cəhdi” fikri çoxluq tərəfindən qəbul olunardı, lakin burda diqqəti çəkən bir neçə digər məqam olmasaydı…

Diqqətli siyasət izləyiciləri yəqin ki, 2013-ci il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” motelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişəni xatırlayırlar.

Məhz həmin hadisələrin kütləvi iğtişaş səviyyəsinə çatmasına səbəb yerli mühafizəkar əhalinin sosial media üzərindən “moteldə qızlarla əylənən içkili məmur övladlarının özbaşnalığı ” kimi təhrikçi məlumatların ötürülməsi olmuşdu.

İsmayıllıdakı hadisələrin aktiv izləyiciləri hadisələr başlayan gün sosial media üzərindən “bu eyş-işrətin hələ 20 yanvar matəm günündən başlaması” haqqında gedən təbliğatı, sonrakı günlərdə yandırılan maşınlar və yandırılmasına cəhd olunan məmur villalarının ünvan olaraq göstərilməsi ilə sosial media üzərindən aparılan təbliğatı yaxşı xatırlayırlar.

Eyni ilə bu günlərdə 31 Mart Soyqırım Günü yayılan məlum təxribat xarakterli videonun müəllifi kimi məmur övladını elan etmək, görüntülərin cəmiyyətdə yaratdığı hiddəti Nardaran kimi həssas bir qəsəbə də daxil, əhalisinin əksəriyyətinin mühafizəkar kəsim olan bir rayonda rəhbər olan yerli hökumət nümayəndəsinin üzərinə yönləndirmək birmənalı olaraq ölkədəki son hadisələrin fonunda lokal gərginlik yaratmaq məqsədinə xidmət edən addımlardır.

Bu təxribatın ünvanı olaraq hökumət nümayəndəsinin və övladının adının hallandırılması cəmiyyətin parçalanmasına yönəlmiş, həssas mövzular üzərində aparılan manipulyasiyanın yaratdığı qıcıq və bunun üzərindən artan gərginliyin istifadəsinə hesablanmış informasiya əməliyyatların tərkib hissəsidir .

Bunu da qeyd etmək lazımdır ki, ölkədə islahatlar və vətəndaş-dövlət məmnunluğu dərinləşdikcə biz bu tip müxtəlif təxribatların şahidi olacağıq.

Sonda xatırladaq ki, həmin video görüntülərin bir toyxana müğənnisinin yersiz əyləncəsi olduğu və bunun altının həm özü , həm də ailəsi tərəfindən hansı ağrı ilə çəkilməsi hamıya bəllidir. Yəni “məmur övladı” söhbəti sadəcə kütlənin qıcığına hesablanmış bir blef imiş…

Yeganə Hacıyeva ,

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …