Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “İşğal olunmuş auditoriya” – Xankəndi Pedaqoji İnstitutu da erməni millətçiliyinin qurbanı olub – FOTOLAR

“İşğal olunmuş auditoriya” – Xankəndi Pedaqoji İnstitutu da erməni millətçiliyinin qurbanı olub – FOTOLAR

Mən Xankəndi Pedaqoji İnstitutunun məzunu deyiləm, amma sonuncu tələbəsiyəm, auditoriyalar ermənilər tərəfindən işğal olunarkən institutu tərk edən sonuncu tələbəyəm. Millətçi ermənilərin başladığı Qarabağ savaşı mənim tələbə həyatımı beləcə yarımçıq qoyub. Bu tarixi bir aktdır, özlərini dünyaya sülh carçıları kimi təqdim edən ermənilərin vəhşilik xislətini sübuta yetirən fakt…

SSRİ dövründə Qarabağda yeganə ali təhsil ocağı olan Xankəndi Pedaqoji İnstitutu 50 il öncə, 1969-cu ildə fəaliyyətə başlayıb. 1988-ci ildə məlum Qarabağ hadisələri başlananda erməni millətçilərinin məkrli planlarında ilk olaraq bu təhsil ocağı hədəf seçilib. Təbii ki, bu hədəf seçimi təsadüfi və səbəbsiz olmayıb. 

Uzun illər bu təhsil ocağında çalışan müəllimlər, təhsil alan tələbələr hələ dünyanın “düz vaxtı” kimi qəbul etdiyimiz sovet dövründə ermənilərin işğalçılıq siyasətinə, yersiz torpaq iddialarına, tarixi saxtalaşdırmaq istiqamətində apardıqları çirkin siyasətə qarşı mövcud dövr üçün mümkün olacaq qədər mübarizə aparıblar.  Böyük təəssüf və ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, 1988-ci ildə millətçi ermənilər açıq müstəvidə torpaq iddiasına başlayanda sözü gedən institutun ziyalılarına, müəllim və tələbələrinə, onların apardıqları milli mübarizəyə həmin dövrdə Azərbaycana rəhbərlik edənlər dəstək olmayıblar. Kimsəsizlik, köməksizlik bu təhsil ocağının azərbaycanlı kollektivini cinayətkar, türk qanına susamış və amansız olan millətçi ermənilərlə üz-üzə qoyub. 

75640794_577249146343892_3842741431965843456_n.jpg (99 KB)

Savaş təkcə söz müstəvisində getməyib. Təkcə 1988-ci ilin may ayında azğınlaşmış ermənilər üç dəfə instututun qarşısına toplaşaraq azərbaycanlılardan şəhəri tərk etmələrini tələb ediblər. Bu tələb təkcə sözlə ifadə olunmayıb. Bütün baş verən hadisələri fiziki təzyiqlər müşayiət edib. Mən Xankəndi Pedaqoji İnstitutunun binasını tərk edən sonuncu azərbaycanlı tələbələrdən biriyəm. Həmin günlərdə müəllimlərimin, tələbə yoldaşlarımın hansı təhlükələrlə üzləşdiyinin canlı şahidiyəm və həmin səhnələri sözlə ifadə etməkdə çətinlik çəkirəm. İllər ötsə də Xankəndi Pedaqoji İnstitutu ilə bağlı xatirələrimi çözələyəndə müəllimlərimizi, tələbə yoldaşlarımı böyük ehtiram və qürur hissi ilə xatırlayıram.

Milliyətcə erməni olan rektorların bütün məsələlərdə hesablaşdığı prorektor Nəcəf Quliyev, institutda azərbaycanlıları tora salmaq istəyən ermənilərin iyrənc planlarını alt-üst edən Süleyman Zeynalov, sanballı arqument və gerçək tarixi faktlarla erməni həmkarlarını susduran Zabil Bayramlı, auditoriyalarda mühazirələrin mövzusundan kənara çıxıb, söhbətləri ilə tələbələrdə milli ruh yaradan Ənvər Əhməd, erməni daşnaklarına nifrətini gizlədə bilməyən Kamil Quliyev, vətənpərvər ziyalı İnqilab Quliyev, erməni müəllimləri üçün millətçi sayılan Nəsib Şəfiyev və bu ali təhsil ocağında çalışan digər alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nazim Axundov, Zəfər Hüseynov, Raqub Kərimov, Rəftar İmanov, Məhəmməd Hüseynov, Xasay Cabbarov, Rəhilə Quliyeva, Mirələm Vəliyev, Yusif Fərzəliyev, Yusif Ağayev, Rəfeil Məmmədov, İslam Həşimov, Abbas Abbasov, Cəfər Zeynalov, Şahlar Quliyev, Fazil Baxşəliyev, Mayıl Alıcanov, Balaxan Quliyev, Bəşir Fərəcov, Eldar Məmmədov, Təyyar Əkbərov yaddaşımda və Xankəndi Pedaqoji İnstitutunun tarixində silinməz izlər buraxıblar. 

73254662_433524630928794_3359513252743610368_n.jpg (122 KB)

Qeyd etdiyim kimi, Xankəndi Pedaqoji İnstitutu Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub. İnstitut kənardan çox sakit bir təhsil ocağı təəssüratını bağışlasa da, fəaliyyətə başladığı gündən burada çalışan erməni müəllimlər bu təhsil ocağını daşnak yuvasına çevirmək arzusunda olublar. Çox-çox sonralar, 1988-ci ildə bu fakt özünü bir daha təsdiqlədi. Xankəndi Pedaqoji İnstitutu şəhərdə erməni millətçilərinin əməllərinə, məkrli planlarına maneçilik törədən, ermənilər üçün arzuolunmaz, azərbaycanlıların daha sıx olduğu yer sayıldığından ilk hədəf seçilib. 

Bu təhsil ocağı Azərbaycanın təhsil müəssisələri arasında özünəməxsus yer tutub. İnstitutun Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan digər rayonların gənclərinin ali təhsilə yiyələnməyində xüsusi rolu olub. Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə indiki N.Tusi adına Pedaqoji Universitetin (keçmiş Lenin adına APİ) filialı kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra – Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında, Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.

72370958_473798929908278_3485213759947931648_n.jpg (74 KB)

Institut təşkil edilərkən burada üç dildə – Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanıb. Fəaliyyətə başlamasından 19 il keçdikdən sonra Xankəndi şəhərində başlanan məlum hadisələrin ilk zərbələrindən biri bu ali təhsil ocağının kollektivinə dəyib.

1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalıblar. Bununla da Xankəndi Pedaqoji İnstitutunun taleyinə köçkünlük həyatı yazılıb.

Bu ərəfədə institutun fəaliyyəti ilə bağlı çox yanlış və müəmmalı qərarlar qəbul edilib. 1973-cü ildə Xankəndi Pedaqoji İnstitutunun yaranması haqda qərarı Azərbaycanın Nazirlər Soveti verdiyi halda, nədənsə onun sonrakı fəliyyəti haqqında SSRİ Nazirlər Soveti qərarlar çıxarmağa başlayıb. Belə ki, 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov qərar imzalayıb.

76747456_1572987142844122_6326556877924597760_n.jpg (102 KB)

Qərarda institutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistanın rayonlarına köçürülməsi əks olunub. Bu qərarın verilməsində ermənilər xislətlərinə uyğun olaraq növbəti hiyləgərliklərinə əl atıblar. Təbii ki, bu məsələdə onları düşündürən institutun taleyi olmayıb. Əsas məqsəd Xankəndi şəhərindən azərbaycanlıları, institutun azərbaycanlı kollektivini uzaqlaşdırmaq olub ki, onlar buna nail olmağı bacarıblar. Beləliklə, 1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirib.

Ermənilər nail olduqları qərarın özlərinə aid olan bəndlərinə isə əməl etməyərək təhsillərini Xankəndi şəhərində davam etdiriblər.

Gəncədə bir illik fəaliyyətdən sonra institutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumlar qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırıblar. Təklif qəbul olunub, institutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verilib, institut üçün Şuşada yer ayrılıb, maddi-texniki bazasının yaradılması üçün Nazirlər Soveti lazım olan vəsaitin ayrılması haqqında qərar verib.

76751638_474397193178884_6058768785165254656_n.jpg (60 KB)

Amma bu məsələdə növbəti bir yanlışlığa yol verilib. İnstitut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəalliyyət göstərməyə başlayıb. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən birdəfəlik xətt çəkilib, Azərbaycan tərəfi rəsmi olaraq bu təhsil ocağını ləğv edib. Bu günə qədər də cavabı tapılmayan suallar çıxır ortaya. Niyə bu təhsil ocağı öz əvvəlki adını, Xankəndi Pedaqoji İnstitutu adını daşımayıb? Ən azı bu təhsil ocağı Qarabağ İnstitutu, yaxud universiteti adı altında fəaliyyət göstərə bilməzdimi? Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, Artsax Dövlət Universiteti qoyduğu halda, biz niyə müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdük?

Cavabı tapılmayan suallar çoxdur, bəlli olan isə Xankəndi Pedaqoji İnstitutunun acılı-ağrılı keçdiyi yollardır, hətta filiala çevrildikdən sonra Şuşada da fəaliyyətinin mümkünsüz olduğu faktıdır, Şuşanın işğalından sonra növbəti məkanda, Ağcabədidə məskən salmasıdır.

75394784_414448836168497_7961293341419634688_n.jpg (109 KB)

Bütün bu gərginlik və təzyiqlər altında təhsil alan tələbələr, Xankəndi Pedaqoji İnstitutunun məzunları hazırda ölkəmizin təhsil və digər sahələrində, paytaxt Bakıda və ayrı-ayrı bölgələrdə bacarıqlı mütəxəssislər kimi Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Tanınmış qələm sahibləri əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev (Cəmilzədə), əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar, elm və təhsil ictimaiyyətində tanınmış alimlər, tarix elmləri doktorları, professor Adil Baxşəliyev, professor Şirxan Səlimov, professor Şikar Qasımov, filologiya elmlər doktoru Arzu Hüseynova, təhsil qabaqcılları Vahid Tağıyev, Esmira Cəfərova, Nazim Xudiyev, Rəhim Zalov, Gültəkin Ağayeva, Aybəniz Həsənova, Gülyaz Əliyevə, Aydın Əliyev və digərləri məhz Xankəndi Pedaqoji İnstitutunun məzunlarıdır.

Xankəndi Pedaqoji İnstitutunun məzunları bu gün ayrı-ayrı bölgələrdə, fərqli sahələrdə fəaliyyət göstərsələr də aralarında sıx əlaqələr, mehriban münasibətlər mövcuddur. Bu məzunları birləşdirən bir arzu, bir istək, bir dəyər var – Qarabağ dəyəri, Xankəndi istəyi, doğma torpaqların işğaldan azad olunması arzusu. Zaman öz sözünü deyəcək, Böyük Azərbaycan hər gün kiçilən Ermənistanın işğalçılıq siyasətinə son qoyacaq və biz yenidən görüşəcəyik, illər boyu yolumuzu gözləyən Xankəndi Pedaqoji İnstitutunun qapıları yenidən üzümüzə açılacaq.

İlham Cəmiloğlu,Musavat.com

P.S. Bu günlərdə jurnalist İlham Cəmiloğlunun Xankəndi Pedaqoji İnstitutundan bəhs edən “İşğal olunmuş auditoriya” kitabı işıq üzü görüb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …