Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “İş üçün 7 min verdim, əvəzində Quran hədiyyə etdi”- “polkovnik”in Bakıdakı əməlləri

“İş üçün 7 min verdim, əvəzində Quran hədiyyə etdi”- “polkovnik”in Bakıdakı əməlləri

“Oğlumu işə düzəltmək üçün pul verdim. Qəbz istəyə bilərdim. Amma mənə Quran verdiyi üçün fikrimdən daşındım. İnandım bu adama”.

Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi Əlövsət Məhərrəmovun cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində zərərçəkmişlərdən biri deyib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə 12 nəfər şahid və zərərçəkmiş ifadə verib.

İlk şahid Məlahət Baxşəlıyeva olub. O deyib ki, həyat yoldaşı Ukraynada olarkən Əlövsət Məhərrəmovun Lonya adlı qohumu ilə görüşüb. Zərərçəkmişin dediyinə görə, Lonya onun ərinə təklif edib ki, Bakıda Əlövsət Məhərrəmovla görüşsün və qızını FHN-ə işə düzəltsin. Bu zaman da Baxşəliyevlər ailəsi mənzillərini 125 minə satıblarmış…

Hakim Rahib Salmanov zərərçəkmişin sözünü kəsərək deyib ki, bu iş üzrə ən çox maddi zərərçəkmiş şəxs olduğu üçün onu daha ətraflı dinləmək üçün növbəti prosesdə ifadə verməlidir.

Digər zərərçəkmiş Şahkərəm Təhməzov olub. Təhməzov qardaşı oğlunu işə düzəltmək üçün Ə.Məhərrəmova 5 min manat verdiyini deyib.

“Yetim uşaqdır. Qardaşımın tək oğludur. Olan 5 mini də buna vermişik. Artıq şəkər xəstəliyinə də tutulmuşam. Bu vicdansız pulu aldığı adama Quran verirdi. Hamını bu yolla aldadırdı”- deyə zərərçəkmiş bildirib.

Növbəti zərəçəkmiş isə Malik Əhmədov olub. O da Əlövsət Məhərrəmova pul verdiyini və hədiyyə olaraq Quran aldığını söyləyib.

“Oğlumu işə düzəltmək üçün pul verdim. Qəbz istəyə bilərdim. Amma mənə Quran verdiyi üçün fikrimdən daşındım. İnandım bu adama. Pulu Xanlar Baxşıyevə vermişəm. O da Bakıda Arzuman adlı şəxsə verib. Mən görüşəndə qəbz istədim. Dedi, verəcəm. Amma Quran verəndən sonra istəmədim”.

Zərərçəkmiş Xəyyam Cəlilzadə isə pulu şəxsən Əlövsət Məhərrəmova yox, Arzuman adlı şəxsə verdiyini deyib. O, oğlunu əvvəlcə universitetə, daha sonra isə işə düzəltmək üçün 6300 dollar verib.

Xaliq Cəlilov da zərərçəkmiş qismində dindirilib və deyib ki, bu işdə Əlövsət Məhərrəmov tək iştirak etməyib. Onun cinayət əməlində əli olan başqa şəxslər də olub.

Zalda əyləşən zərərçəkmişlər də bildiriblər ki, Ə.Məhərrəmovun bir neçə vasitəçisi olub. Onlar pulu alaraq Ə.Məhərrəmova çatdırıblar. Hakim bildirib ki, həmin şəxslərin adı qeydə alınacaq və onların məhkəməyə gətirilməsi təmin ediləcək.

Ə.Məhərrəmova işə düzəlmək üçün 9 min manata qədər pul verən zərərçəkmişlərdən biri də Cəlal Təhməzovdur. O deyib ki, sağlamlıq haqqında arayış vermək üçün əlavə olaraq ondan 350 manat da alınıb. Digər məbləği isə Ə.Məhərrəmovun bank hesabına köçürüb.

Məhkəmə prosesində rayonlardan gəlmiş zərərçəkmiş şəxslər də iştirak edib. Həmin şəxslər deyiblər ki, pulu vasitəçilərlə Əlövsət Məhərrəmova veriblər.

Cəvahir Mirzəyev 4850 manat, Kamran Məmmədov 8 min manat, Kamran Lətifov 6 min manat, Ülvi Nemət 11300 manat, Məmməd Bəşirov 11 min manat, Rahib İsrafilov isə 8600 manatı işə düzəlmək üçün Ə.Məhərrəmova verib.

Zərərçəkmişlər deyiblər ki, Ə.Məhərrəmovla razılıq belə olub ki, ilk olaraq Ukraynada 3 aylıq kurs keçdikdən sonra Bakıya qayıdıb FHN-ə işə düzələcəkmişlər. Bəzi şəxslər isə Ukraynada universitetlərdən birində oxuyub, diplom aldıqdan sonra işlə təmin olunacaqdılar.
Daha sonra işi “böyüdən” Əlövsət Məhərrəmov Bakıda da kurs açaraq, dərslər keçməyə başlayıb. Bu kursları bitirənlərdən pul alaraq onları da işə düzəldəcəyi vədini verib.
Bildirək ki, zərərçəkmişlərin hamısı deyir ki, Ə.Məhərrəmov özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edib.

Hakim bütün zərərçəkmişlərin ifadəsindən sonra təqsirləndirilən Əlövsət Məhərrəmova müraciət edərək onlardan pul alıb-almadığını soruşub. Əlövsət Məhərrəmov isə bütün zərərçəkmişlərin dediyinin doğru olduğunu və onlardan pul aldığını və aldatdığını təsdiqləyib.
Məhkəmədə zərəçəkmişlər deyiblər ki, Əlövsət Məhərrəmovun yaxınları iş məhkəməyə göndərilmədən şiakyətlərini geri götürmələrini və pullarını qayataracaqlarını deyiblər. Amma sonradan vədlərinə əməl etməyiblər. Zərərçəkmişlr tələb ediblər ki, Ə.Məhərrəmova məxsus bağ evi və digər əmlakları satılaraq pulları qaytarılsın.
Növbəti məhkəmə prosesi noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın