Ana səhifə / Araşdırma / İŞ ADAMININ QƏTLİNİN 9 İL GİZLİ QALAN TƏFƏRRÜATLARI – Cinayət dosyesi

İŞ ADAMININ QƏTLİNİN 9 İL GİZLİ QALAN TƏFƏRRÜATLARI – Cinayət dosyesi

Xirtdəyi kəsilərək öldürülən Nəcimə Babayevanın qızı ilginc açıqlamalar verdi

“Anamızın kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsini bilirik”

Xaçmazda məşhur iş adamı, “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətli yenidən gündəmdədir. 9 il ötməsinə baxmayaraq, qətlin gündəmdə qalmasının özəl səbəbləri var. Məsələni aktullaşdıran iş adamının yaxınlarının rayondan son aylarda dərbədər salınmalarıdır. Ötən illər ərzində qətlin üzərindən sirr pərdəsinin götürülməməsi, cinayət işinin nəticəsizliyi qətlin planlı şəkildə törədilməsi haqda söhbətləri yenidən gündəmə qaytarıb.

Rayona səfərimiz zamanı öyrəndik ki, iş adamının öldürüldüyü evdə artıq başqaları yaşayır. Nəcimə Babayevanın övladları Xaçmazı tərk ediblər.

9 il əvvəl nə baş verib?

15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən öldürülüb. Fakt üzrə Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Həmin gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları Xaçmaz rayonuna ezam olunub. Rayon prokurorluğu məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

20 sentyabr 2010-cu ildə iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

2010-cu il sentyabrın 15-də  08:45-də Nəcimə Babayeva xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edib. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlib, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan evə daxil olub. Xadimə 1-ci mərtəbədə mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçıb.

Nəcimə Babayeva ile ilgili görsel sonucu

Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görüb.

Sonradan məhkəmə tibb eksperti mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verib.

73 yaşlı qadın niyə öldürülüb – versiyalar

Xaçmazda bu gün də Nəcimə Babayevanın qətlindən danışanlar onun bazara görə öldürüldüyünü əminliklə deyir. Belə fikirlərin əsasını təşkil edənsə Nəcimə Babayevanın qətlinə qədər üzləşdiyi məhkəmə prosesləri, həmin dövrdə bazarın əlindən alınmasına edilən cəhdlərdir. Məhz buna görə 5 uşaq anası, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcimə Babayevanın fiziki məhvi yolu ilə əmlakının ələ keçirilməsi iddiaları var. Nəcimə Babayeva 24 il müəllimə, 1980-1985-ci illər ərzində Xaçmaz rayonu Caparidze adına sovxozun həmkarlar təşkilatının sədri, 1985-ci ildən kolxoz bazarının direktoru işləyib.

2000-ci ildə 15 il direktoru işlədiyi Xaçmaz kolxoz bazarını özəlləşdirib. Bazarın bazasında “Arzu” Özəl Ticarət Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. 2006-cı ilin sonlarında Xaçmaza xəbər yayılır ki, bazar Nəcimə Babayevanın əlindən alınacaq, başçıya yaxın şəxslər bazarın yerində yeni ticarət mərkəzi tikəcəklər. Bu xəbər Nəcimə Babayevaya da çatır. Bundan sonra bazarı satmaq qərarına gəlir.

2006-cı ilin dekabrında Nəcimə Babayeva Şəmsəddin Xanbabayevlə görüşür, ona bazarı satmaq qərarını şəxsən bildirir. Xaçmazda bu gedişatı izləmiş şəxslər danışır ki, bundan sonra hər şey dəyişib, bazarın yerləşdiyi 2 hektara yaxın torpaq sahəsini ələ keçirmək üçün plan işə düşüb…

Gülnarə Həbibova ile ilgili görsel sonucu

Nəcimə Babayevanın qızı Gülnarə Həbibova

İş adamının qızı illərin sirlərini açır

Nəcimə Babayevanın qızı, hazırda ölkə xaricində yaşayan Gülnarə Həbibova deyir ki, Xaçmazda yayılan xəbərlərin əksəriyyəti həqiqətdir. Onların Xaçmazdan çıxmaları da vaxtilə anasına qarşı aparılan kampaniyanın yenidən və daha sərt şəkildə təkrarlanması ilə bağlıdır.

“Xaçmazda qalıb yaşamağımız mümkün deyil. Anamın əlindən bazarı ala bilməyənlər neçə illik fasilədən sonra yenidən hərəkətə keçiblər. Bizə təzyiqlər göstərilir, bazarın əlimizdən alınması üçün barəmizdə saxta, əvvəlcədən hazırlanmış şəxslər vasitəsilə ittihamlar irəli sürülür. Bu adamlar istəyirlər ki, tərəzinin bir gözünə bizim yaxınlarımızı, bir gözünə isə bazarı qoyub alver etsinlər. Anamla bacarmadılar, indi də məni yaxınlarımla sınağa çəkmək istəyirlər.

Bəli, anam 2006-cı ildə Şəmsəddin Xanbabayevin qəbulunda olmuşdu, ona demişdi ki, bazarı satır. Bundan sonra anama hər tərəfdən hücumlar başladı.  YAP-dan qovulan Azad Yaqubov 2007-ci ilin yanvarında təcili Xaçmaz Kooperativlər Cəmiyyətinə sədr təyin olundu. 1 iyun 2007-ci il tarixdə bazar yandırıldı. Təşkil edilmiş yanğına görə anamı çağırıb barəsində cinayət işi başlayacaqlarını deyirdilər. Həmin günlərdə rayon rəhbərliyi ortaya yol planını atdı. Dedilər ki, ticarət mərkəzinin ərazisindən yeni yol salınacaq. Xəbər göndərdilər ki, ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanılır. Xanbabayevin sağ əli olan I müavini Akif Mərdanov və Rasim Məlikovu da bu işə qoşdu. Anamı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb etdilər. Heç nə alınmadı. Bundan sonra Akif Mərdanov o dövrdə rayon prokuroru olan R.Məlikova adi vətəndaş kimi məktub yazdı.

Eyni zamanda 1 qrup öyrədilmiş şikayətçi isə Şəmsəddin Xanbabayevə kollektiv və anonim ərizə yazdılar.

Hər 2 müraciətin məğzi eyni idi – tələb olunurdu ki, ticarət mərkəzi anamın əlindən alınsın və ərazidə yeni ticarət mərkəzi tikilsin. Paralel olaraq Vergilər Nazirliyi tərəfindən ticarət mərkəzində yoxlama təşkil olunmuşdu. Lakin bütün səyləri boşa çıxdı” – deyə Gülnarə Həbibova bildirir.

“Məhkəmə proseslərini uddu, sonda sifarişlə xirtdəyi kəsilərək öldürüldü”

Onun sözlərinə görə, bundan sonra Xaçmaz Kooperativlər Cəmiyyəti və payçıları anasına qarşı məhkəmədə iddia qaldırıblar: “Anama qarşı bütün iddia, məktub, ərizə, şikayətlərin 1 məqsədi vardı – bazar Nəcimə Babayevadan alınmalıdır.

İş o yerə çatmışdı ki, Xaçmaz bələdiyyəsi tərəfindən məhkəmə proseslərində Azad Yaqubova bələdiyyə adından nümayəndə kimi təmsil olunmaq etibar edilmişdi.

Digər tərəfdən, 1 qrup öyrədilmiş şəxs Xaçmaz Rayon Məhkəməsində anamın müəllifi olduğu “Dünya dərdimdən xəbərsiz” kitabında yazdığı şeirlərə görə iddia verdilər. Həmin iddia da açıq-aşkar icra başçısının bazarla bağlı mövqeyini ortaya qoyurdu.

İddialarında yazırdılar ki, Nəcimə Babayeva şeirlərdə Şəmsəddin Xanbabayevin şərəf və ləyaqəti alçaldılıb. Buna görə də 250 min manat təzminat ödəməli, ən əsası isə təzminatdan başqa bazarı bağlanmalıdır. Əgər məhkəmədə şeir mübahisələndirilirsə, bazarın bağlanması iddiası niyə ortaya atılır? Digər iddialar kimi bu iddia da açıq-aşkar sifarişli idi. Həmin iddianın altına imza atanlardan biri Nizami Şəfiyev yuxarılara ən müxtəlif səpkili şikayətlər yazmışdı. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə tərəfindən “Arzu” MMC sifarişli şəkildə 2 min manat cərimə olundu. Anama qarşı sistemli, hərtərəfli iş aparılırdı və bu işlərin vahid mərkəzdən idarə olunması da şübhə doğurmurdu. Anam 3 ildən də artıq bir müddətdə mülkiyyəti uğrunda Şəmsəddin Xanbabayevin arxasında durduğu bir qrupla mübarizə apardı. Məhkəmə proseslərini uddu, sonda sifarişlə xirtdəyi kəsilərək öldürüldü”.

Baş Prokurorluq işə müdaxilə edir, günahsız insanların həbsinin qarşısı alınır

Gülnarə Həbibova anasının qətlindən sonra baş verənlərin də cinayətin ört-basdır olunmasına xidmət etdiyini deyir: “Anam öldürüləndən sonra hadisə yerindən qatilə məxsus əl izlərini belə götürmədilər. O dövrdə rayon prokuroru olan Rasim Məlikov qardaşım Cavidi anamın ölümündə qatil kimi qələmə verməkdən çəkinmirdi. Mənə də təzyiq edirdilər ki, cinayət işinin rayon prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini tələb etməyim.

Anamın, mənim guya “əxlaqsız” həyat tərzi keçirməyimiz, qardaşım Cavidin isə narkoman, içki düşkünü olması, əmlak payından məhrum olduğuna görə anası ilə ədavəti olması haqda dırnaqarası faktlar toplanırdı. Elə fikir formalaşdırmağa çalışırdılar ki, guya bizim ailədə belə bir hadisənin baş verməsi spesifik haldır. Yəni bu qadını oğlu Cavid öldürə bilərdi. Eyni zamanda anamın sürücüsü O.Azayevə də təzyiq edib bu versiyanın doğru olması təəssüratını yaradan ifadələr almaq istəyirdilər.

Hadisədən 5 gün keçəndən sonra şikayətimizi nəzərə alaraq Baş Prokurorluq cinayət işinin istintaqını rayon prokurorluğundan aldı. İş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərildi. Belə olmasaydı, Nəcimə Babayevanın qətli və bu qətlə görə ailə üzvlərinin həbsi baş verəcək, bazarın ələ keçirilməsi planı gerçəkləşəcəkdi. Bazar uğrunda onlara qarşı mübarizə aparacaq heç kim qalmırdı. Hesab edirəm ki, əvvəl gündən bazarın ələ keçirilməsi üçün çox yaxşı düşünülmüş plan olub. 2 hektara yaxın bir ərazini ələ keçirmək məqsədilə bazarla birlikdə anamın qətlinə sifariş verilib. Ötən 9 ildə nəticə odur ki, heç kimə qarşı rəsmən ittiham irəli sürmək olmur, anamın ölüm işi açılmır. Qətldən sonra keçən bu 9 il  –  bu qətlin arxasında duranların hər şeyi əvvəlcədən nəzərə aldıqlarını sübut etdi”.

Biz sifarişçinin, killerin kimliyini bilirik!

Gülnarə Həbibova deyir ki, onlara qarşı təxribatlar bir müddət ara versə də, son 2 ildə yenidən ən sərt şəkildə bərpa olunub: “2017-ci il avqustun 9-da ticarət mərkəzinin ərazisində xırda ticarətlə məşğul olan Qurban Sadıqov və Cəmilə Sadıqova hamının gözü qabağında səbəbsiz olaraq anamın qəbrini nalayiq söyüşlərlə təhqir etməyə başladılar. Bizi təxribata çəkmək istədilər. Bazarda baş verəcək təxribatdan 2017-ci ilin aprel ayından xəbərimiz var idi və bu barədə Baş Prokurorluğa məlumat vermişdik. Bilirdik ki, bu adamlardan bizə qarşı oyunda istifadə edilirlər. Baş verənlərlə bağlı baş prokuror cənab Zakir Qaralovun qəbuluna yazıldıq.  Bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi.

Sonradan həmin cinayət işi yenidən başlandı və bu gün də qanunsuz olaraq davam etdirilir.

13 noyabr 2017-ci ildə Q.Sadıqov və anası C.Sadıqova Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində məndən 288 min 891 manat pulun alınıb onlara verilməsi tələbi ilə iddia qaldırdı. Ali Məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə rədd edildi.

Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik”.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …