Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İş adamının 18 il əvvəl oğurlanan qardaşı məhkəməyə gəlmədi

İş adamının 18 il əvvəl oğurlanan qardaşı məhkəməyə gəlmədi

1999-cu ildə Bakıda adam oğurluğunda iştirak edən şəxsin məhkəməsi davam edib. O, 18 il sonra həbs edilib. O, dəstənin qaçmağı bacaran, Azərbaycanda gizlənən üzvlərindən biri olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Süleymanov Məzahir Alı oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, məhkəməyə teleqram vuran zərərçəkmiş Tofiq Hüseynov məhkəməyə gələ bilmədiyini qeyd edib.

O, yataq xəstəsi olduğu üçün məhkəməyə gəlmək imkanının olmadığını yazıb. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən Məzahir Süleymanovdan şikayət və tələbinin olmadığını da bildirib.

Şahidlərdən Məmməd Hüseynov və Musa Hüseynov qardaşları da xəstə olduqları üçün məhkəməyə gəlmədiklərini teleqramla bildiriblər. Onların hər ikisi zərərçəkmiş şəxsin qardaşıdır.

Başqa bir şahid Vidadi Qasımov da məhkəməyə gəlməyib. Onun qardaşı, bu iş üzrə şahid kimi dindirilən Nizami Qasımov məhkəməyə qardaşının xəstəliyi ikə bağlı arayış təqdim edib.

Arayışda Vidadi Qasımovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi və hazırda müalicə olunduğu qeyd edilir.

Təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək zərərçəkmiş şəxsin məhkəməyə gətirilməsini istəyib. Vəkil məhkəmədə ifadə verən şahidlərin Məzahir Süleymanovu tanımadığını deyərək, zərərçəkmişin dindirilməsinin vacib olduğunu söyləyib.

Məhkəmə vəsatəti təmin edib. Proses sentyabrın 19-da davam edəcək.

Bildirək ki, bu iş üzrə tutulan dəstə üzvlərinin hamısı 5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar.

İttihama görə, Məzahir Süleymanovun da üzvü olduğu dəstə Bakı şəhər sakini Tofiq Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını 1999-cu ildə hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

Dəstənin əsas üzvləri Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup-banda təşkil ediblər.

Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

Məmmədmirzə Hüseynovun qardaşı Tofiq Hüseynovun oğurlanması üçün ediləcək silahlı basqına hazırlıqla əlaqədar Ülfət Xudiyev təşkilatçı kimi Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Mübariz Azayev və Müslüm Yəhyayevlə birlikdə bandanınn digər üzvləri ilə telefon əlaqələri, şəxsi görüşlər vasitəsi ilə apardıqları müzakirələrdən sonra vəzifə bölgüsü aparıblar.

Onlar Binə qəsəbəsində, Xəqani küçəsinin girəcəyində, Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsib, onu döyərək oğurlayıblar.

Dəstə üzvləri oğurladıqları şəxsin qardaşı Məmmədmirzə Hüseynovdan 1 milyon 500 min dollar pul tələb ediblər.

Bildirək ki, dəstənin başçılarından biri olan kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur.

Qardaşı oğurlanan Məmmədmirzə Hüseynov isə o zaman “Binə” yarmarkasının sahiblərindən biri olub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın