Ana səhifə / Araşdırma / İqtisad Universitetinin Dərbənd filialına qəbul bazarlığı

İqtisad Universitetinin Dərbənd filialına qəbul bazarlığı

Eyyub müəllim iddia edir ki, filiala qəbul üçün onun tələb etdiyi 19 min dollar son sentinə kimi Ədalət Muradova çatacaq

Yeni tədris ilinin başlanmasına artıq çox az müddət qaldığını nəzərə alsaq, bəzi ali təhsil müəssisələrində də cərəyan edən proseslərin getdikcə aktivliyini artırmasını “normal” qəbul etmək olar. Təbii ki, əgər bu proseslərin özünü normal adlandırmaq olarsa. Əlbəttə, əgər söhbət Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) gedirsə, bu zaman istənilən bir halı adi qəbul etməyə məcburuq. Son illər ərzində bu universitetdə hansı qalmaqallar yaşanmayıb ki?

Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda rektor Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. İddialara görə, şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox məqamlar artıq çoxdan ADİU-nun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Universitet tələbələrini daha çox narahat edən cəhət isə bundan ibarət olub ki, yeni rektor təyinatından sonra burada rüşvət yığımları indiyədək görünməmiş dərəcədə yüksək həddə çatdırılıb. Yeri gəlmişkən, bir müddət əvvəl ADİU-dan bizimdovr.az-a daxil olmuş növbəti məlumatda da məhz universitetdə həyata keçirilən növbəi rüşvət yığımının təfərrüatlarından bəhs olunurdu. Açıqlamada deyilirdi: “Bu gün universitetimizdə ən aktual mövzu buraxılış kurs tələbələrinin diplom ala bilmək ehtimallarının “qiymətləndirilməsilə” bağlıdır. Məlumdur ki, hazırda iqtisad universitetində buraya müxtəlif özəl ali təhsil müəssisələrindən transfer olunmuş tələbələr də təhsil alırlar. Əksəriyyəti bilavasitə Ədalət Muradovun rektor təyin olunmasından sonra belə bir şansı əldə etmiş tələbələrin çoxu, savad baxımından xeyli “axsayırlar”. Buna görə də bu tələbələrin demək olar ki, hamısının onlarla imtahan kəsirləri yığılıb qalıb. Təbii ki, belə olan vəziyyətdə bu tələbələrin diplom almaq şansları da azalır. Amma universitet rəhbərliyi bu şansların artırılması üçün xüsusi formulalar təklif edir. Məsələn, mənim tələbə tanışlarımdan biri ADİU-nun Dünya İqtisadiyyatı fakültəsinə özəl universitetdən transfer olub. Hazırda onun 28 fənn imtahanından kəsiri var. Aydındır ki, belə bir vəziyyətdə onun diplom ala bilməsi demək olar ki, mümkün deyil. Lakin buna baxmayaraq, həmin tələbəyə “işgüzar” bir təklif olunub. Belə ki, o, hər imtahana görə 1000 manat və dövlət imtahanına görə 5000 manat olmaqla, cəmi 33 min manat ödəyərsə, bu zaman onun bütün problemləri həll olunar…”

Bununla belə, İqtisad Universitetinin həyatı müəyən yeniliklərdən də məhrum deyil. Belə ki, bir müddət əvvəl universitet özünün Dərbənd filialına daxili imtahanlar əsasında tələbə qəbulu həyata keçirmək hüququ verən liseniya alıb. Əslində, bu qəbul imtahanları yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Amma ADİU-nun bəzi işbazları Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanlarından keçid balı toplaya bilməyən gənclərimizi də Dərbənd filialına “dəvət edirlər”. Məsələn, universitetin müəllimi olan Eyyub bəy belə “səlahiyyət”lərə sahib olan şəxslərdən biridir (Eyyub müəllim həm də Kooperasiya Universitetində dərs deyir). Bu şəxs ADİU-nun Dərbənd filialına tələbə qəbulunu ortalama 20 min ABŞ dolları müqabilində həyata keçirir. Belə ki, bu yaxınlarda Eyyub müəllim ona bu məqsədlə müraciət etmiş vətəndaşdan ilkin olaraq 21 min dollar istəmişdi. Sonradan isə, məbləğ 19 minə qədər endirilmişdi. Həm də Eyyub müəllim bu məbləğin tam olaraq rektor Ədalət Muradova çatdığını vurğulayıb. Lakin, bizdə olan dəqiq məlumata görə, Dərbənd filialına tələbə qəbulu üçün rektora çatan məbləğ cəmi 15 min ABŞ dollarıdır.

Amma ümid edirik ki, bu rəqəmləri açıqlamağımız Ədalət Muradovla Eyyub müəllim arasında gərginlik yaranmasına səbəb olmayacaq…

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın