Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / İlqar Məmmədovun azadlığa çıxma şansları artır

İlqar Məmmədovun azadlığa çıxma şansları artır

Apelyasiya Məhkəməsinin nə zaman olacağı müəmma olsa da, REAL sədrinin bu instansiya qurumunun qərarı ilə azadlığa buraxılacağı deyilir

REAL hərəkatının sədri İlqar Məmmədovun Şəki Apelyasiya Məhkəməsində keçiriləcək prosesinin vaxtında yaranan qeyri-müəyyənlik davam etməkdədir. Məhkəmə iclasının zamanı barədə hələ də müdafiə tərəfinə heç bir məlumat verilməyib. 
Novruz əfvində siyasi məhbusların bir çoxunun azad edilməsi, ardınca hüquq müdafiəçisi İntiqam Əliyevin Ali Məhkəmədən azad edilməsi REAL sədrinin də azad olunacağı fikirlərinin cəmiyyət arasında daha çox səslənməsinə səbəb olub. Xüsusilə, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin günlər öncə İ.Məmmədovun məhkəməsinin olacağı barədə fikirlər səsləndirməsi ictimaiyyət arasında geniş müzakirələrə yol açıb. REAL sədri barəsində Apelyasiya Məhkəməsinin müsbət qərar verəcəyinə ümid edənlər çoxluq təşkil edirlər.
İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova aprelin 9-da onunla görüşdüyünü söylədi: “Vəziyyəti yaxşıdır. Əhval-ruhiyyəsi yerindədir. Müəssisədə onunla bağlı ciddi bir problem yoxdur. Açığı, özü hazırda deyilən fikirlərlə bağlı ümidli deyil. Biz də ümidli deyilik. Apelyasiya Məhkəməsinin zamanından da dəqiq məlumat yoxdur. Məhkəmə, təbii ki, olacaq. Nə qədər prosesi uzatsalar da, əvvəl-axır olmalıdır. Məhkəmədə nələrin olacağını deyə bilmərik. Hazırda elə bir vəziyyətdir ki, nəyin nə zaman olacağı bilinmir”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva REAL sədrinin azadlığa buraxılma şanslarını yüksək dəyərləndirdi:“Apelyasiya Məhkəməsinin təxirə salınmasını müsbət qiymətləndirmişik. Əgər qərar əvvəlcədən olsaydı, bu məsələyə neqativ yanaşılsaydı, o zaman Apelyasiya Məhkəməsi keçirilər və mənfi qərar çıxarılardı. O zaman ölkə başçısı hələ ABŞ-a getməmişdi. Ona görə həmin vaxt hamımız fikirləşirdik ki, ABŞ səfərindən sonra hər şey bilinəcək. Orada danışıqlar müsbət gedib. Belə düşünürəm ki, məsələ bir az yayındırılır. Ona görə ki, Qarabağ məsələsi ortaya çıxdı. Hazırda bütün proseslər bu istiqamətdə gedir. Yenə də bu məsələnin müsbət həllinin tərəfdarıyam. Ümid edirəm ki, İlqar Məmmədov və Xədicə İsmayılın işi müsbət həll olunacaq. Bunlar subyektiv fikirlərimdir. Gerçəklikləri nəzərə alaraq, belə bir qənaətə gəlirəm”.
 
Qeyd edək ki, İ.Məmmədov 2013-cü ilin İsmayıllı hadisələrinə görə həbs olunub. Onunla bərabər Müsavat başqanının müavini Tofiq Yaqublu da həbs edilmişdi. Eyni maddə üzrə ittiham olunmalarına baxmayaraq, T.Yaqublu Novruz əfvində azadlığa çıxsa da, bu qərar REAL sədrinə şamil olunmayıb. Məmmədov məhkəmənin qərarı ilə 7 il müddətində azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyırlar. 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın