Bazar , Yanvar 24 2021
Ana səhifə / Araşdırma / “İCRA MƏMURLARI GENERALDAN ÇƏKİNDİKLƏRİ ÜÇÜN…” – Ədliyyə naziri və idarə rəisinə müraciət

“İCRA MƏMURLARI GENERALDAN ÇƏKİNDİKLƏRİ ÜÇÜN…” – Ədliyyə naziri və idarə rəisinə müraciət

Bakı şəhər sakinləri Məmmədov Xəqani Məmməd oğlu və Fərzəliyev Vahid Qüdrət oğlu Ədliyyə naziri Fikrət Məmmədova və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə ünvanladıqları məktubun bir nüsxəsini də “AzPolitika.info” saytına göndəriblər. Şikayətçilər Bakı şəhər Xətai və Nizami rayon İcra Şöbələrinin vəzifəli şəxslərinin fəaliyyətsizliklərindən şikayətlənirlər. Məktubda deyilir:

“Biz, 2013-cü ilin əvvəllərində fərdi yaşayış evinin tikintisi üçün tamamilə qanuni əsaslarla – notarial alqı-satqı əsasında və Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”la Bakı Şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsinin cənub-qərb hissəsində torpaq sahəsi alarkən polis generalı Həsən Şirinovun bacısı oğlu Cəfərov Ələmşah Məhəmmədəli oğlu tərəfindən aldadılmışıq və nəticədə, külli miqdarda ziyana düşmüşük. Belə ki, biz torpağı aldıqdan az sonra məlum oldu ki, ərazinin başqa sahibi var və Ə.Cəfərov saxta ilkin sənədlərlə və müəyyən dövlət orqanlarının – Torpaq Komitəsi, məhkəmələr və digərlərinin yardımı ilə həmin ərazini özünün, dayısı Aslan Şirinovun (Həsən Şirinovun qardaşı-red.) və başqa yaxınlarının adına sənədləşdirərək ələ keçirməyə nail olub və daha sonra bizə satıb. Bundan sonra illərlə davam edən məhkəmə mübahisələri başladı və nəticədə bizə verilmiş mülkiyyət sənədləri ləğv olundu və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi ilə pullarımızın bizə qaytarılması barədə qərar verildi. Lakin bu qərarlar 2 ilə yaxın müddətdir icra olunmur. Belə ki, Xətai Rayon İcra Şöbəsi, onun bu işi icraatına götürmüş əməkdaşı Şakir Bahadırov müxtəlif bəhanələrlə məhkəmə qətnaməsinin icra olunması, bizə dəyən ziyanın cavabdeh (Cəlilov Ruslan İzahat oğlu) tərəfindən ödənilməsi istiqamətində heç bir təsirli tədbir görmür. Eynilə, Nizami rayon İcra Şöbəsidə 2 ilə yaxındır məhkəmə qərarının icra olunmasını təmin etmir.

hesen-shirinovEyni zamanda saxta sənədlərlə torpaq satılması və nəticədə vətəndaşlara, o cümlədən bizə külli miqdarda ziyan vurulması ilə bağlı Suraxanı rayon Polis İdarəsində başladılmış cinayət işi də neçə ildir ki, öz məntiqi sonluğuna çatmır və onlarla vətəndaşa qarşı dələduzluq edən Cəfərov Ələmşah Məhəmmədəli oğlu məsuliyyətə cəlb olunmur. Bizim ehtimalımıza görə, o, məhz polis generalı olan dayısı Həsən Şirinova görə məsuliyyətdən yayındırılır və bizə dəymiş ziyanı ödəmir, məhkəmə qərarlarını saymır. İcra məmurları isə məhkəmə qətnamələrinin icra olunması üçün heç bir təsirli tədbirə əl atmırlar – ya general Həsən Şirinovdan çəkindikləri üçün, ya da hansısa başqa maraqlara görə”.

Şikayətçilər Ədliyyə naziri və İcra Baş İdarəsinin rəisindən onların işini şəxsi nəzarətə götürməyi, məhkəmə qərarlarının icra olunması üçün qanunun yol verdiyi geniş və təsirli səlahiyyətlərdən istifadə olunmasına və səhlənkarlıq edən icra məmurlarının cəzalandırılmasına göstəriş verməyi xahiş edirlər: “Xahiş edirik Suraxanı rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsinin Xətai və Nizami rayon İcra Şöbələri tərəfindən yerinə yetirilməsinin, yəni bizə dəyən maddi ziyanın ödənilməsinin təmin olunması barədə göstəriş verəsiniz”.

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …