Ana səhifə / Araşdırma / İcra hakimiyyətinin əməkdaşı köçkünləri aldadıb – 182 minlik cinayət

İcra hakimiyyətinin əməkdaşı köçkünləri aldadıb – 182 minlik cinayət

“Evimiz yoxdur, ”Qaçqınkom”un tikdirdiyi binalara isə yaxın düşmək mümkün deyil. Nəzakət deyirdi, icra hakimiyyətində tanışı var, mənə o binalardan növbəsiz ev almağa kömək edər”.

“ Azinforum.az ” azadliq.info-ya istinadən xəbər verir ki, bu fikirlər martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bir məhkəmə prosesində səslənib. Müttəhimlər kürsüsünü bölüşənlərdən biri Cəbrayıl rayon icra hakimiyyətinin keçmiş əməkdaşı Vüsalə Mirzəyevadır.

İttihama görə, Vüsalə Mirzəyeva icra hakimiyyətində memarlıq və tikinti şöbəsində işləyərkən bir neçə köçkünü aldadıb. Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilmiş şəhərcikdən onlara mənzil təşkil edəcəyini deyərək pullarını mənimsəyib. Vüsalə Mirzəyeva ilə bərabər Bayram Cabbarov da eyni əməllərdə təqsirləndirilir.

Alınan pulların ümumi məbləği 182 min manatdır. Onun 97 min manatı istintaq zamanı sahiblərinə qaytarılıb.

İttihama görə, Vüsalə Mirzəyeva saxta yolla order və xüsusi yaşayış sahələrinin kirayə müqavilələri, hətta mənzillərin açarlarını da hazırlayıb. 7 ailəyə Mehdiabad qəsəbəsində, 18 ailəyə isə Müşfiqabad qəsəbəsində “Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardan mənzil verəcəyini vəd edib. Köçkünlər bu mənzillərə yığışmaqdan ötrü müəyyən məbləğlərdə pullarından da keçiblər. Ancaq təzə evlərə köç etmək istəkləri baş tutmayıb. Vüsalə Mirzəyevanın arxasınca xeyli düşdükdən sonra aldadıldıqlarını anlayıblar. Məsələnin gerisi hüquq-mühafizə orqanlarına qalıb.

Vüsalə Mirzəyeva ifadəsində göstərib ki, 14 il Cəbrayıl rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində mühəndis işləyib.

2013-cü ilin martında mərhum tanışı Nəzakət Eyvazova onun iş yerinə gəlib. Mehdiabad qəsəbəsində köçkünlər üçün tikilən binadan mənzil almasına köməklik göstərməsini xahiş edib: “Dedim, 3 min manat versə, iş düzələr. Sonra qonşularında yaşayan Göyərçinə və onun qohumlarına da həmin binalardan mənzil əldə etməyə görə Nəzakətin vasitəsilə 24 min manat aldım. Göyərçinin evində tanış olduğum Vəkilə Abbasovadan da eyni məsələyə görə 3 min manat almışdım. 2013-cü ilin sentyabrında Nəzakət rəhmətə getdi. Həyat yoldaşının tələbi ilə 24 min manatı qaytardım ki, sahiblərinə versin. Sonralar Vəkilə tanışları üçün mənzil almaqda köməklik göstərməyimi xahiş etdi. Mən onlardan götürdüyüm müxtəlif məbləğlərdə pulları şəxsi ehtiyaclarıma xərcləmişdim”.

Mənzil almaq istəyənlər aldadıldıqlarını başa düşəndən sonra əvvəl Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Başçı da onu işdən çıxarıb. İşsiz qalandan sonra hazırda onunla eyni müttəhimlər kürsüsündə əyləşən Bayram Cabbarovla tanış olub: “Bayrama dedim ki, “6 min manat müqabilində istənilən şəxsə mənzil almaqda yardım edə bilərəm”. Bayram da 27 nəfərin hər birindən 6 min manat alıb mənə verdi. Ümumilikdə, 162 min manat yığdım. Həmin pulları Vəkiləyə verdim ki, əvvəl tanışlarından yığıb mənə verdiyi və xərclədiyim pulları özlərinə qaytarsın. Mən bunu istintaq vaxtı da demişəm, indi də deyirəm, ancaq heç kəs Vəkiləni çağırıb dindirmir. O, pulları sahiblərinə qaytarmadığı üçün onlar məndən şikayətçi oldular”.

Bayram Cabbarov isə ifadəsində göstərib ki, mənzil istəyən köçkünlərdən aldığı pulların hamısını Vüsalə Mirzəyevaya verib.

Zərərçəkmiş Esmira Quliyeva məhkəmədə ifadə verib. Deyib ki, 1993-cü ildən Cəbrayıl rayonundan köçkün düşüb və Bakıda məskunlaşıb. Vüsalə Mirzəyeva ilə mərhum qonşusu Nəzakət Eyvazova vasitəsilə tanış olub: “Evimiz yoxdur, “Qaçqınkom”un tikdirdiyi binalara isə yaxın düşmək mümkün deyil. Nəzakət deyirdi, icra hakimiyyətində tanışı var, mənə o binalardan növbəsiz ev almağa kömək edər. Beləcə Vüsalə ilə tanış oldum. İcra hakimiyyətində işləməsi məndə ona qarşı inam yaratdı. 6 min manat verdim, dedi, “get, məndən cavab gözlə”. İş uzandıqca başa düşdüm ki, aldanmışam”.

Cəbrayıl köçkünü Əli Əhmədov ifadəsində göstərib ki, Vüsalə Mirzəyevanı və ailəsini Cəbrayıl rayonunda yaşayan vaxtlardan tanıyıb. Onun Cəbrayıl rayon İcra Hakimiyyətində işlədiyini bilib. 2013-cü ildə Vüsalənin iş yerinə gedərək məcburi köçkünlər üçün tikilən binadan övladlarına ev almaq istədiyini deyib: “Vüsaləyə 9 min manat verdim. Dedi, ”bax gör, qohumlarda mənzil istəyən varsa, qoş mənə, düzəldim”. O qədər inandırıcı danışdı ki, mən də qohumdan bir neçə nəfəri gətirdim yanına. Bizi yığıb məcburi köçkünlər üçün tikilən binaya apardı. Alacağımız mənzilləri göstərdi. Sonra da zəng vurub orderlərin hazır olduğunu dedi. Zəngləşib görüşdük, orderlərin surətini və 7 ədəd mənzil açarını bizə verdi. Sonradan bildik ki, sənədlər saxtadır, açarlar da…”.

Vüsalə Mirzəyeva bir daha məhkəmənin nəzərinə çatdırıb ki, köçkünlərdən yığdığı pulları Vəkilə Abbasovaya verib ki, özlərinə qaytarsın. O isə qaytarmayıb. Nəticədə həmin adamlar polisə müraciət ediblər. O, hakimlərdən Vəkilə Abbasovanın məhkəməyə çağrılmasını xahiş etdi. Hakim Rahib Salmanov Ağdam sakini olan Vəkilə Abbasovanın məhkəməyə dəvət olunması ilə bağlı qərar çıxarıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın