Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İcra başçısı nazir müşavirinə barışıq üçün 950 hektar yaylaq verib – ETİRAF

İcra başçısı nazir müşavirinə barışıq üçün 950 hektar yaylaq verib – ETİRAF

Nazirin keçmiş müşaviri məhkəmədə qızıllarını qatıq bankasında necə saxladığını danışıb. Qohumundan şikayətçi olan sabuq müşavir mətbuatda yazılanlardan da gileylənib.

Musavat.com xəbər verir ki, bir neçə ay əvvələ qədər Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş, 58 yaşlı qohumunu 800 minlik daş-qaşını ələ keçirməkdə günahlandırıb həbs etdirən Çingiz Baxışov noyabrın 22-də məhkəmədə ifadə verib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Çingiz Baxışovun qohumu Rövşən Əhmədov onun özünün 695 minlik, qızlarından Fatmanın 50 minlik, Sevilin isə 55 minlik qızıl-zinət əşyalarını ələ keçirib.

Rövşən Əhmədova CM-nin 179.3.2-ci (külli miqdardamənimsəmə) maddəsilə ittiham verilib.

2015-ci ilin aprelindən həbsdə olan Rövşən Əhmədov ittiham aktında yazılanlarla razılaşmır.

Ardınca zərərçəkmiş kimi sabiq nazir müşaviri ifadə verib. O, deyib ki, Rövşən uzaq qohumudur- anaları əmiqızıdır.

Nazirin müşaviri olana qədər “Avtonəqliyyat” Servis Departamentinin rəisi, ardınca nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri vəzifələrində çalışmış Çingiz Baxışov deyir ki, qohumu təxminən 12 il onun yanında işləyib. Rövşən Əhmədov nəqliyyat müfəttişi olub.

“Yanımda işləyib, ona etibar eləmişəm, lazım olan işləri tapşırmışam, yerinə yetirib. Tez-tez bizə gəlib-gedirdi, düzdür, evimizdə oturmurdu, amma nə lazımdırsa, tapşırırdım, edirdi. Qızım Fatma xəstəliyi ilə əlaqədar tez-tez Türkiyəyə gedib-gəlir. O biri qızım Sevil də işləyir. Ona görə də saxlamaq üçün qızıllarını bizə gətirmişdilər. 2015-ci ilin sentyabrında yoldaşımla xarici ölkəyə gedirdik deyə, Rövşəni çağırıb üç ayrı-ayrı bağlama şəklində ona verdim”.

Dediyinə görə, qızıl-zinət əşyalarının bir hissəsi iki kiloqramlıq qatıq vedrəsində, bir hissəsi çay qabında, qalanı da bir sellofanda olub.

Onun sözlərinə görə, hər üç bağlamanın da ağzı “skoçlanıb”.

O deyib ki, əşyaların böyük bir qismi qızıl pullar – 5-lik, 10-luq, 15-liklər olub.

“Rövşənə verəndə yoldaşım dedi ki, “ömür boyu nə yığmışıqsa, hamısı burdadır, aparıb bizi pis günə qoyarsan”. O da cavabında qayıtdı ki, “heç nədən narahat olmayın, aparıb basdırıb gizlədəcəm”. O, üç bağlamada qızıl əşyalarını aparanda torba təxminən 6-7 kiloqram olardı”.

Çingiz Baxışovun sözlərinə görə, bir də 2016-cı ilin fevralında Rövşən Əhmədov ona zəng eləyib ki, yaxın vaxtlarda qızının toyudur, evə gəlib-gedən çox olacaq, ona görə qızılları saxlamaq istəmir.

Buna görə də qızılları götürməsini deyib: “Dedim ki, evdə yoxam. Aparıb qızım Fatmagilə verdi. Həmin vaxt qızım evdə olmayıb, kürəkənim Ayaza verib. Bir müddət sonra qızım zəng elədi ki, “ata, nə isə bağlamalar çox yüngüldü”. Yoldaşım dedi ki, “Rövşən elə şey eləməz”. Bir də martın axırında gedib götürəndə gördüm ki, bağlamaların ikisi boşdur. Ümumilikdə, cəmi 300-400 qramlıq əşyalar qalıb. Bağlamaları evimizə gətirdik, Rövşəni çağırdıq, gəldi. Qatıq vedrəsini açdıq, boş idi, çay qabını açdıq, boş idi. Üçüncü bağlamanı açanda içindəkilər orada idi. Soruşdum ki, qızıl pullar hanı? Quzu sifətində olan adam birdən-birə şirə döndü. Dedim ki, “bağırma, get, evindəkilərlə danış, xoşluqla qızılları qaytar”. Getdi, ondan sonra telefonlarımı götürmədi. Bir gün kürəkənimi göndərdim, ona deyib ki, “Çingiz məni qorxudur, mən də ona mühafizə elan eləyirəm”. Elə bil 12 il mənim yanımda quzu kimi işləyən adam deyil. Həmişə nə deyirdim, onu da eləyirdi. Evimə gələndə az qalırdı ki, əyilib ayaqqabılarımın tozunu silsin…”

Çingiz Baxışov bundan başqa məhkəmədə deyib ki, qohumu olan Rövşən onu zəhərləmək də istəyib.

Qohumunu mənimsəmə ilə yanaşı, həm də onu zəhərləmək cəhdində ittiham edib: “Mən adətən Bayraq Meydanında gəzişirəm. Rövşən də mənim yanıma gəlirdi, amma heç vaxt əlində heç nə gətirməzdi. Fevral ayında yenə ora gəldi, əlində butulkada su vardı. Təklif elədi, mən də içib, qaytardım. Fevralın 3-də səhər duranda halım pisləşdi. Üç gün bu vəziyyətdə oldum. Sonra Gömrük hospitalına aparanda məlum oldu ki, mədəm bütün qandı, təmizlədilər. Onda böyük qızım dedi ki, “Rövşənin əlindən nə isə içməmisən?” Sonra məni Avstriyaya apardılar, iki həftə orada müalicə olundum”.

Rövşən Əhmədov həbs olunandan sonra mediada onun barəsində yayılan məlumatlardan gileylənən keçmiş məmur bunu şantaj kimi qiymətləndirib.

Xatırladaq ki, Rövşən Əhmədov istintaqa ifadəsində deyib ki, Çingiz Baxışov əvvəllər də ona milyonlarla pulunu, qızıllarını saxlamağa verib. Bundan əvvəl bir dəfə qızıllarını özünə qaytaranda onun bir hissəsinin yerində olmadığını iddia edib, amma bir müddət keçəndən sonra səhvini etiraf edib. Bu səbəbdən aralarında bir müddət soyuqluq olub.

Amma Çingiz Baxışov prokurorun suallarını cavablandırarkən bundan əvvəl qohumuna saxlamağa heç nə vermədiyini söyləyib.

Ancaq Rövşən Əhmədovun vəkilinin suallarını cavablandırarkən etiraf edib ki, oğlunun 4 sot torpağını onun adına keçirib.

Keçmiş məmur təsdiqləyib ki, Rövşən Əhmədovun adına Qobustan rayonunda 950 hektar torpaq sahəsi rəsmiləşdirilib. Onun sözlərinə görə, Qobustanın icra başçısı aralarında yaranmış mübahisəni yoluna qoymaq məqsədilə, 950 hektar yaylaq verib.

Dekabrın 1-də keçiriləcək növbəti məhkəmə iclasında Rövşən Əhmədov özü ifadə verəcək.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın