Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İbrahimovlar yenidən dələduzluqda ittiham olunur

İbrahimovlar yenidən dələduzluqda ittiham olunur

Mənzil məsələsi ölkəmizdə ən vacib məsələ olaraq qalmağa davam edir. Dələduzluqların çoxu da, məhz bu sahədə baş verir. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı sakini Elnur Nuriyev müraciət edib. “2007-ci ilin dekabrın 5-də qardaşımın adına “STS” şirkətinin “Karl Marks dairəsi” deyilən ərazidə, S.Bəhlulzadə 14 ünvanında tikdiyi binada 139,1 kvadrat metrdən ibarət üçotaqlı mənzil aldım. Özüm o vaxtlar Rusiyada olduğuma görə, sənədləşdirmələr qardaşımın adına olmuşdu.

2009-cu ildə həmin binalar söküldü, mənsə ya yeni binada mənzil almaq, ya da mənzil üçün ödədiyim 111 min 280 dollar pulu qaytarmağa çalışdım. Uzun mübahisələrdən sonra, 2011-ci ildə şirkətin sahibi, Diasporlarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov mənə Bakı Əyləncə Mərkəzi yaxınlığında tikilən binalarda mənzil veriləcəyini bildirdi. 2011-ci il sentyabrın 9-da mənimlə Sahib İbrahimovun adamı, “Sahil D” şirkətinin mərhum direktoru Məzahir Cəfərov arasında müqavilə imzalandı.

Müqaviləyə görə, F.Bayramov küçəsi ,1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 101,5 kvadrat metr olan ikiotaqlı yaşayış sahəsi mənim mülkiyyətimə verildi. Əvvəl verdiyim puldan savayı, yeni mənzil üçün əlavə 10 min dollar da verməli oldum. İndi öz mənzilimə daxil ola bilmirəm”, – deyə E.Nuriyev qeyd edib. Sözlərinin sübutu olaraq, E.Nuriyev bizə özünün və qardaşının Məzahir Cəfərovla imzaladığı müqavilələri təqdim etdi.

Öyrəndiyimizə görə, “Sahil D” şirkəti Sahib İbrahimov tərəfindən tamam başqa bir adama satılıb. İnternetdə araşdırma apararkən, biz vacib bir informasiya ilə üzləşdik. Belə ki, 2015-ci ilin 12 fevralında “STS” və “Sahil D Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. İstintaq zamanı Məzahir Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil-D Kompani” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satmaqla cəmi 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Məzahir Cəfərovun işi məhkəməyə göndərilib (Tezadlar).

Lakin heç bir məhkəmə olmayıb. 2015-ci il iyunun 22-də Teref.info saytı Məzahir Cəfərovun intihar etməsi barədə məlumat verib. Burda biz “Brilliant əl” filmindən populyar ifadəni xatırladıq: “Bir köhnə tanışım dediyi kimi… mərhum tanışım… “Mən həddən çox şey bilirdim””. Biz internetdə Nazim İbrahimovun digər qardaşı, “Avesta” Konserninin rəhbəri hacı İbrahim İbrahimov barəsində də informasiya ilə üzləşdik.

29 may 2014-cü ildə “Zerkalo” qəzetində “Qazax sakini ağzını tikdi” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, “Avesta” Konserninin sahibi İbrahim İbrahimov tərəfindən əmlakının mənimsənildiyini iddia edən sahibkar Elşad Məmmədov etiraz əlaməti olaraq ağzını tikib. Elşad Məmmədov iddia edir ki,iki il yarım bundan əvvəl İbrahim İbrahimovun (Hacı İbrahim) sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-96» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb. Amma bir müddət sonra, onun mənzillərindən biri başqa adama satılıb. Elşad Məmmədov məsələni aydılaşdırmaq üçün İbrahim İbrahimova müraciət etdiyini deyib. “O dedi ki, ikinci mənzili də əlimdən alacaq. İbrahim İbrahimov mənə dedi ki, “ən yaxşısı özün imtina et, yoxsa, mən bu məsələni məhkəmə ilə həll edəcəm”,- deyə E.Məmmədov bildirib (“Zerkalo”).
Ardı var…

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın