Ana səhifə / Araşdırma / Hicran Hüseynovanın Komitəsindəki 170 min dollarlıq rüşvət qalmaqalının yeni təfərrüatları

Hicran Hüseynovanın Komitəsindəki 170 min dollarlıq rüşvət qalmaqalının yeni təfərrüatları

Komitənin aparat rəhbəri pulu alarkən tək olmayıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov vətəndaşdan 170 min dollar alıb və onu Bakının rayonlarından birində icra hakimiyyətinin başçısının müavini vəzifəsinə təyin etdirəcəyi haqda vəd verib. Bu haqda “Yeni Müsavat”a açıqlama verən vəkil Adəm Məmmədov deyib ki, Səfər İmanova 170 min dollar verən şəxs Qubadlı rayon sakinidir, keçmiş biznesmendir və 45 yaşındadır. Lakin vəkil hələlik onun adını açıqlamayıb.

Xəbər verildiyi kimi, bir gün əvvəl Adəm Məmmədov facebook səhifəsində icra hakimiyyəti başçısının müavini vəzifəsi üçün vətəndaşdan 170 min dollar alan və öhdəliyini yerinə yetirməyən vəzifəli şəxs barəsində şikayət ərizəsi aldığı haqda məlumat yayıb. Vəkil həmin şəxsin ərizəsini araşdırılmaq üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Bununla belə, vəkil rüşvət alan vəzifəli şəxsin adını açıqlamamışdı, onun dövlət komitələrindən birində aparat rəhbəri olduğunu yazmaqla kifayətlənmişdi.

Məlum olub ki, S.İmanov 2015-ci il noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb və vəkilin bildirdiyinə görə, daha sonra Almaniyaya qaçıb. Hazırda orada yaşayır.

“Yeni Müsavat”a daxil olan məlumata görə, S.İmanov həmin məbləği komitənin rəhbərliyinə daxil olan digər şəxsin kabinetində və onun iştirakı ilə alıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov komitədə olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: “Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa, müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib”.
Vəkil məsələ ilə bağlı araşdırmaların nəticəsindən asılı olaraq məlumat veriləcəyini də açıqlayıb.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın