Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Araşdırma / Hansı məmurlar məşhur falçıya 15 min manata dua yazdırır?

Hansı məmurlar məşhur falçıya 15 min manata dua yazdırır?

Məmurların bir çoxunun falcı, cadugər yanına getdiyi çoxdanın müzakirə mövzusudur. Hələ sovet dönəmindən dəbdə olan bu məsələ Azərbaycanda hal hazırda da populyarlığını itirməyib. Bəzi tanınımış falçılar da mətbuata verdikləri açıqlamalarında etiraf ediblər ki, onların yanına hətta yüksək çinli məmurlar da gəlir.  

Maraqlıdır ki, son günlər bu mövzu ilə əlaqədar müzakirələr yenidən intensivləşib. Belə ki, ölkənin müxtəlif rayonlarında yaşayan və ad çıxarmış falçıların qapılarına üz tutan məmurların sayı çoxalıb. Bunun konkret olaraq hansı səbəbdən baş verdiyi məlum deyil. Bəzi iddialara görə, son günlər ölkədə vəziyyətin dəyişməsi səbəbindən bir çoxları gələcək taleylərini falçıların yazdığı dualara bağlayıblar. Həmin məmurlar bu yolla vəzifədə qala biləcəklərini düşünür və bu məqsədlə külli miqdarda pul xərcləməkdən də çəkinmirlər.

Keçmiş deputat Nazim Bəydəmirli isə bununla bağlı maraqlı status paylaşıb. O Facebookdakı hesabında yazır ki, Astarada məşhur olan molla-falçı Məmmədsəfanın qəbuluna gələn məmurların sayı son günlər artıb. Onun sözlərinə görə, əvvəllər 100 manata başa gələn dua yazdırma işi 1000 manata qədər bahalaşıb. “Məmmədsəfanın xidmətinin minimum qiyməti Bakıdan gedən yüksəkçinli məmurların hesabına 1000 manatdan başlayır və 15 min manata qədər yüksəlir”.

Lakin sabiq millət vəkili Astaraya falçı yanına konkret olaraq hansı məmurların getdiyi barədə heç nə bildirməyib.

Qeyd edək ki, falçılıq, cadugərlik ta qədimdən mövcud olub və insanların yanlış inanclarının məhsuludur. Bir çox insanlar gələcəklərini bilmək və ya öz işlərini həyata keçirmək üçün falçı və cadugərlərin imkanlarından istifadə etməyi çıxış yolu kimi görürlər. Avam insanlar arasında geniş yayılmış belə işlər fırıldaqçılar üçün geniş meydan açıb. Elə bu səbəbdəndir ki, az qala ölkənin hər bir kəndində bir falçı peyda olmasın.  

Xatırladaq ki, İslam dini falçılıq və cadugərliyi qəti qadağan edib. Bunun haram əməl oluduğu və Allah tərəfindən bağışlanmadığı vurğulanıb. Amma buna baxmayaraq, insanlar hələ də fırıldaqçı mollaların tələsinə düşür, onlara etiqad edirlər. Bu prosesdə məmurların da iştirakı və onların da “nicat yeri” kimi falçılara üz tutmaları isə qətiyyən başadüşülən deyil.

Həmçinin oxuyun

SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur

Müstəqil ekspertlərin əksəriyyəti Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsində ən çox şişirtmələrə və korrupsiya hallarına yol verilən …