Şənbə , Dekabr 10 2022
Ana səhifə / Araşdırma / Hamamda qız bəyənən analar – ARAŞDIRMA

Hamamda qız bəyənən analar – ARAŞDIRMA

Hamamlar saflanmaq, günahları yumaq məkanı kimi də insanların inanc yeri olub. Orada bu kontekstdə müəyyən rituallar da keçirilib. Buna görə də hamamlara həm də məbəd kimi baxıblar. Ümumiyyətlə, ayrı-ayrı xalqların bir-birindən maraqlı və fərqli hamam mədəniyyətləri var. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Hamam mədəniyyətinin çox qədim tarixi var. İnsan yaranandan təmizliyinə, sağlamlığına diqqət edib. Bunu arxeoloqların apardığı tədqiqatlar da sübuta yetirir. Bundan başqa, hamam həm də arınmaq, saflanmaq, günahlardan qurtulmaq və günahları yumaq məkanı kimi də insanların inanc yeri olub. Hamamlarda bu kontekstdə müəyyən rituallar da keçirilib. Buna görə də hamamlara həm də məbəd kimi baxıblar. Ümumiyyətlə, ayrı-ayrı xalqların bir-birindən maraqlı və fərqli hamam mədəniyyətləri var. 

İlk heyvan dərili hamamlar

Qədim zamanlarda insanlar indiki hamamların ilkin formasını tapıblar. Heyvan dərisindən çadırlar qurub, ocaq qalayır, isidilmiş daşların üstünə su töküb buxar yaradırlarmış. Bu cür ibtidai üsulla hazırlanmış hamamlarda insanlar həm çimir, həm də istirahət edirlərmiş. Zaman keçdikcə insanlar bu cür hamamları mağaralarda qurmağa başlayıb. Məlumatlara görə, ilk hamamları qədim misirlilər qurublar. Bəlkə də, elə buna görədir ki, misirlilər indinin özündə də dünyanın ən sağlam xalqı kimi tanınırlar.

Bir halda ki, qədim zamanlara baş vurduq, mütləq Yunanıstandan da söz açmalıyıq. Orda da hamam mədəniyyətinin qədim tarixi var. Yunanlar hamamı mütləq dairəvi bir məkanda qurur və ortasında ocaq qalayırlarmış. Həmin ocaqda əvvəlcə isinir, daha sonra isə soyuq su ilə dolu olan hovuza tullanırmışlar. Bu cür isti və soyuğun kontrastının insan orqanizminə müsbət təsirinə inanırdılar. Şərq hamamlarına dairəvi forma da, əsasən, yunanlardan gəlib. 

Teatrlı, kitabxanalı hamamlar

Ən gözəl və dəbdəbəli hamamlar isə Roma imperatorluğunda olub və terma adlanıb. Böyük bir ərazini tutan termalar təkcə çimmək, buxar almaq üçün deyil, həm də görüş yeri kimi maraqlı olub. Roma hamamlarında hətta kitabxanalar, teatr və qalereyalar da olurmuş.

Bundan başqa, türk və rus hamamları da dünyaca məşhurdur və bu gün də fəaliyyətdədirlər. Qədimdə rus hamamı Roma hamamlarından çox da fərqlənmirdi. Çünki ancaq çimmək və rahatlanmaq üçün nəzərdə tutulurdu. Slavyanlar dörd ünsürü – su, od, torpaq və havanı hamamda birləşdirir  və onların birlikdə təkcə bədəni yox, ruhu da sağaltdığına inanırdılar. Slavyanlar uzaq yola çıxmazdan əvvəl, səfərdən qayıdandan sonra və dərin götür-qoy ediləsi məsələləri olanda mütləq hamama gedirlərmiş. Türk hamamı isə özündə həm Roma, həm də yunan hamam mədəniyyətlərini birləşdirir. Burada əsas hissə bədənin buxarla isidilməsi və masajdır. Türklər arasında kiminsə masajdan imtina etməsi ədəbsizlik sayılıb. Türk hamamları, əsasən, mərmər döşəməli, başı günbəzli olur. İçərisi az işıqlandırılır. Daha çox dinclik və rahatlıq üçün nəzərdə tutulur. 

Hamamda qız bəyənən analar

Vətənimiz Azərbaycanın da qədimlərdən bəri özünəməxsus hamam mədəniyyəti olub. Əsasən, Bakı, Naxçıvan, Şəki, Şuşa və Gəncə hamamları qədimliyi və memarlığı ilə seçilib. Bizdə hamamın içi (yəni prosesin özü) mədəniyyətdirsə, özü də memarlıq nümunəsidir, tarixdir. Azərbaycanda da hamam sağlamlıq, təmizlik, rahatlığın əsas yeri kimi görülüb.

Yəqin, elə bu səbəbdəndir ki, bizim də özümüzə məxsus hamam rituallarımız olub, indi də var. Lap qədimdən azərbaycanlılar hamama getmək üçün xüsusi hazırlaşırdılar. Hər kəsin özünə uyğun hamam boğçası olurdu. Analar oğul evləndirmək üçün qız bəyənməyə hamama gedirdilər. Oğluna yaraşan qızı görən oğul anası evdəkilərlə məsləhətləşir, bəyəndiyi qızın əslini-nəslini öyrənəndən sonra ona elçi göndərilərdi. Toy ərəfəsində gəlin öz rəfiqələri ilə qadın hamamına, bəy isə dostları ilə kişi hamamına gedirdi. Bu, sadəcə çimmək, toya hazırlaşmaq prosesi deyildi. Ayrıca bir dəm-dəsgah – məclis idi. Mərasimə xüsusi musiqiçilər, xanəndə də gəlir, qonaqları feyzyab edirdi. Qadın hamamlarında isə qızlar üçün də xanım xanəndə və musiqiçilər gəlir, rəqqasələr dəvət edilirdi. 

Kəklikotulu, mixəkli çay içə-içə söhbət

Bunu da mütləq qeyd etmək lazımdır ki, hamamlar həm də bir ünsiyyət yeri idi. Çimib, paklanandan sonra kəklikotulu, mixəkli çay içə-içə söhbətin başqa dadı vardı. Qadın hamamlarında da xanımlar sanki bir əhəmiyyətli görüşə gedirmiş kimi geyinir-kecinir, ən gözəl zinət əşyalarını taxırdılar. Belə deyək də, qadın hamamları xanımların çimmək məkanı olmaqla yanaşı, söhbət, bir-birlərinə ləl-cavahiratlarını göstərmək yeri olub. Teatra-konsertə getməyən xanımlar üçün hamam görüşlərinin xüsusi əhəmiyyəti olub. 

Toksinləri çıxarır, dərini cavanlaşdırır

Hamamın sağlamlığa da çox xeyri var. Kosmetoloq Nuriyə Adıgözəlova deyir ki, hamamda yüksək dərəcəli istilik altında bədənin soyuması üçün tər vəziləri “gücləndirilmiş iş rejimində” işləyərək mayeni, yəni təri bayıra çıxarır: “Bu tərlə bərabər orqanizmdən 180-dən çox müxtəlif zərərli maddə çıxır. Bundan başqa, istidən dəridəki məsamələr açılır. Həmçinin dərinin üst və artıq “ölü” sayılan təbəqəsi də aralanır və təbii olaraq, dəri də təzələnir. Məsələn, isti buxardan sonra soyuq su qan dövranını yaxşılaşdırır. Dəri adi vaxtdakından daha çox oksigen qəbul edə bilir. Mütəmadi hamam (buxar) qəbulu piy vəzilərinin də işini yaxşılaşdırır. Ümumiyyətlə, yaxşı hamam dəsgahı insan orqanizmi və xüsusən də dərisi üçün çox əhəmiyyətli və lazımdır”.  

Həmçinin oxuyun

Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq …