Ana səhifə / Araşdırma / Hakim ailədə nə baş verir… – ARAŞDIRMA

Hakim ailədə nə baş verir… – ARAŞDIRMA

Ötən həftə ABŞ prezidenti Donald Trampın sükutlu dəstəyi ilə Səudiyyə Ərəbistanında kral Salman özünün nüfuzlu və sevimli oğlu ilə hakim ailə daxilində misli görünməmiş təmizləmə həyata keçirdi. Bu təmizləmənin əsas qurbanları arasında kralın ölkənin maliyyə institutlarını, KİV-ləri və ordunu nəzarətlərində saxlayan yaxın qohumları yer alır. Bunların arasında 11 şahzadə, bir neçə keçmiş və indiki məmurlar, iri telekanalların rəhbərləri, əsas qoşun növlərinin komandanları, o cümlədən Citibank, Twentieth Century Fox, Apple, Twitter və Lyft kimi nəhənglərin iri səhm paketlərinin sahibi, dünyanın ən varlı adamlarından biri yer alır.

“Bu o deməkdir ki, siz günlərin birində səhər yuxudan oyanırsınız və Uorren Baffetin, habelə ABC, CBS və NBS telekanallarının rəhbərlərinin həbs edildiyini görürsünüz”-bunu ABŞ-ın nüfuzlu “The New Yorker” dərgisinin əməkdaşı Robin Rayta kemiş yüksək rütbəli amerikalı məmur deyib.

“Dövlət çevrilişinin bütün əlamətləri ortadadır. Səudiyyə Ərəbistanı başqa ölkəyə çevrilir. Bu krallıq heç vaxt indiki kimi qeyri-stabil olmayıb”-mənbə sözlərinə davam edib.

Kral ailəsində həyata keçirilən bu təmizləmələrin nəticəsində qlobal fond bazarlarında və neft birjalarında çaxnaşma yaranıb. Noyabrın 6-da həbslərin hələ davam etdiyi haqda xəbərlər gəlirdi, təmizləmələrin nə zaman başa çatacağına dair heç bir məlumat yoxdur.

Həm kral ailəsinin tənqidçiləri, həm tərəfdarları hesab edirlər ki, təmizləmələrin arxasında vəliəhd şahzadə Muhammed bin Salman dayanır. Hansı ki, 2015-ci ildə atası onu müdafiə naziri təyin edəndə Muhammedin nüfuzu sürətlə yüksəldi. Həmin vaxt vəliəhdin cəmi 29 yaşı var idi. O, ultramühafizəkar cəmiyyəti modernləşdirəcəyini vəd etdi. Vəliəhd bunu həyata keçirmək üçün əvvəlcə iqtisadiyyat sahəsində mühüm layihələr və proqramlar üzərində nəzarəti ələ aldı, o cümlədən məhkəmə, siyasət və təhlükəsizlik sahəsini nəzarətinə götürdü.

Bu ilin iyun ayında Muhammed keçmiş vəliəhd şahzadə Nayefi yolunun üstüdən götürdü və vəliəhd şahzadə statusu aldı. Şahzadə Nayef isə deyilənlərə görə hələ ev dustağıdır. Sentyabr ayında isə Muhammed tanınmış ziyalıların və dini liderlərin bir qrupunu həbs etdirdi.

Ötən şənbə günü, noyabrın 4-də kral Salman yeni Antikorrupsiya komissiyası yaratdı və vəliəhd şahzadəni onun rəhbəri təyin etdi. Və dərhal hakim ailədə həbslər başladı.

“Hazırda Səudiyyə Ərəbistanında diktaturanın maraqlı forması yaranır. Muhammed bin Salman ali liderə çevrilir”-bunu tanınmış səudiyyəli şərhçi, hazırda sürgündə olan Camal Haşoqqi deyir.

Ali lider statusu hazırda dünyada təkcə İrandadır.

Ekspertlər hakim ailədə bu təmizləmələrin motivini belə əsaslandırmağa çalışırlar ki, görünür vəliəhd şahzadə xəstə və yaşlı atasının hakimiyyətdən getməsi ərəfəsində hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır. Hansı ki, ata və oğulun bu dueti artıq tamamilə fərqli kral ailəsi yaradıb, yüzlərlə digər şahzadələr bu ailədən kənarda qalıb.

“İndi Səudların hakim sarayı və bütün dünya bilir ki, vəliəhd şahzadə Muhammed bin Salman 81 yaşlı atasının mümkün ölümündən sonra taxt-tacı əldə saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır”-Vaşinqtondakı Vudro Vilson mərkəzinin elmi əməkdaşı David Ottauey bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının tarixində heç vaxt belə hadisələr baş verməyib və belə təəsürat yaranır ki, krallıq hazırda aydın olmayan perspektivlərlə yad əraziyə qədəm qoyur.

Vəliəhd şahzadənin səlahiyyətlərinə aktivlərə həbs qoymaq və viza qadağası tətbiq etmək də daxildir. Bildirilir ki, kral ailəsinin çoxsaylı üzvlərinə ölkəni tərk etmək qadağağı qoyulub. Səudiyyənin əsasını qoyan İbn Səudun 40 oğlu və bundan da artıq qızları olub. Hazırda onun törəmələrinin sayı 6-15 min arasındadır.

1953-cü ildə İbn Səudun ölümündən sonra onun oğullarının birinci nəsli kral tacını böyük oğuldan kiçik oğula ötürə-ötürə davam etdilər. Onlar ölkəni konsensus əsasında idarə edirdilər. Lakin indi hər şey fərqlidir. Nəvələrin arasından önə çıxan gənc şahzadə bütün qalan iddiaçıları qabaqlayıb.

“Heyrətamizdir ki, bütün bunlar metodik şəkildə edilir. Vəliəhd tədricən  bütün narazıları susmağa, yaxud kənara çəkilməyə və ortadan yox olmağa məcbur etdi. Onu heç kim dayandıra bilmədi. O, bütün opponentlərinə üstün gəldi”-bunu Obama administrasiyasında Milli Təhlükəsizlik Şurasının üzvü olmuş, hazırda İnternational Crisis Group-un vitse-prezidenti Robert Molli deyir.

Kral ailəsindəki bu radikal dəyişikliklər Tramp administrasiyası tərəfindən dəstəklənir. Asiya səfəri ərəfəsində, təmizləmələrin başlamasından cəmi bir neçə saat əvvəl Donald Tramp prezident təyyarəsinin göyərtəsindən kral Salmanla telefon əlaqəsi yaradıb və onun vəliəhdini “mötədil, sülhpərvər və tolerant region” yaartmaq səylərinə görə tərifləyib. Bildirib ki, bu, Səudiyyənin firəvan gələcəyi və terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin dayandırılması, radikal ideyalar üzərində birdəfəlik qələbə qazanılması üçün zəruridir.

Təsadüfi deyil ki, Tramp özünün ilk xarici səfərini də Ər-Riyada edib. Ötən ay isə onun kürəkəni Cared Kuşner heç kimə elan etmədən artıq üçüncü dəfə idi ki, Səudiyyə Ərəbistanına baş çəkirdi. Rəsmi versiyaya görə onun səfərində Yaxın Şərqdə dinc nizamlama prosesi müzakirə olunmuşdu. Lakin Cared Kuşner təxminən onunla həmyaşıd olan vəliəhd şahazadə ilə dostluq münasibətləri yaradıb. Görünür ki, kral ailəsinin Tramp ailəsi ilə sıx əlaqələri vəliəhdə radikal təmizləmələri rahatca həyata keçirməyə imkan yaradıb.

Maraqlıdır ki, bu təmizləmələrlə eyni vaxtda vəliəhd özünün “Viziyon 2030” adlı nəhəng proqramının prezentasiyasını keçirib. Bu proqram iqtisadiyyatın şaxələndirilməsini, neftdən asılılığın ardan qaldırılmasını, o cümlədən səhrada, Qırmızı dənizin sahilində 500 milyard dollara başa gələcək nəhəng, modern və muxtar statusa malik olacaq şəhər salmağı nəzərdə tutur. Hərçənd analitiklər vəliəhdin bu proqramının effektivliyini dərhal şübhə altına alıblar.

Vəliəhdin regiondakı strategiyası onsuz da uğur gətirmir. Onun əsas xarici siyasət addımı müdafiə naziri təyin olunan kimi Yəmənə hərbi müdaxilə oldu. Hansı ki, bu əməliyyatda Səudiyyə ordusu yüzlərlə əsgər itirdi, Yəməndə isə bombardmanlardan çoxlu dinc sakin həlak oldu. Nəticədə Səudiyyə Ərəbistanının Yəmən hərbi kampaniyası iflasa uğradı. Vəliəhdin Qətərin blokadaya alınması planı da iflasa uğrayıb. O, istəyirdi ki, Qətər də Bəhreyn kimi sözəbaxan olsun, lakin Qətər təslim olmadı və Türkiyənin, İranın dəstəyi sayəsində ayaqda qaldı.

Belə görünür ki, Livanın baş naziri Saad Həririnin də istefasını vəliəhdin ayağına yazmaq lazımdır. Regionda böyük nüfuza malik siyasətçi olan Həriri istefa barədə qərarını Səudiyyə telekanalında elan etdi. Bildirdi ki, həyatına təhlükə var, İran, “Hizbullah” Livan siyasətinə müdaxilə etmək istəyir.

Hələlik isə həbslər məsələsinə qayıdaq. Haşşoqi deyir ki, tutulanların korrupsionerlər olduğuna heç bir şübhə yoxdur. Çünki hakim ailə başdan ayağa korrupsiyalaşıb, korrupsiya 40-50 ildir ki, Səudiyyəni içəridən yeyib dağıdır. Lakin bu, həbslərin əsas səbəbi deyil.

Həbs olunanlar arasında Maykl Blumberq, Bill Geyts, Rupert Merdok kimi nəhənglərlə təmasda olmuş şahzadə əl-Valid bin Talal da var. O, 17 milyard dollarlıq sərvətin sahibidir. Bin-Talal hakimiyyətdə heç bir rəsmi vəzifə tutmurdu və siyasətçi deyildi, hərçənd 2012-ci ildə ərəb baharının gec-tez Səudiyyəni də bürüyəcəyini, bunun qarşısını almaq üçün siyasi islahatlar aparmağın vacib olduğunu demişdi.

Şahzadə əl-Valid habelə Trampın əleydarı kimi tanınır. Hərçənd o, vaxtilə Trampın yaxtasını və Nyu-Yorkda daşınmaz aktivini alıb. Bununla belə 2015-ci ildə Tvitterdə yazmışdı: “Donald Tramp-siz təkcə Respublikaçılar partiyası üçün yox, bütün Amerika üçün ləkəsiniz. Seçki kampaniyasını tərk edin, çünki heç vaxt qalib gələ bilməzsiniz”.

Bir neçə saat sonra Tramp Tvitter-də ona cavab vermişdi: “Axmaq şahzadə əl-Valid bin-Talal bizim amerikalı siyasətçiləri qalaq-qalaq pulların hesabına nəzarətdə saxlamaq istəyir. Mən seçiləndə o, bunu edə bilməyəcək”.

Həbs olunanlar arasında ən nüfuzlularından biri də Milli qvardiyanın rəhbəri, mərhu kral Abdllanın oğlu Miteb bin Abdalladır. İndiki vəliəhddən 40 yaş böyük olan Miteb bin Abdalla əvvəllər potensial kral sayılırdı. O, ölkənin ən güclü qoşun növünə komandanlıq edib, hansı ki, həmin qoşunun vəzifələrinə kral ailəsinin qorunması da daxildir.

Vudro Vilson mərkəzindən David Ottuey deyir ki, şahzadə Mitebin həbsi 32 yaşlı özündənrazı vəliəhd Muhammed bin Salmanın krallıqda şəxsi diktaturasını qurmaq istədiyin göstərir. Hansı ki, bu cəhdlər Səudarın evində bundan sonrakı illər ərzində sabitliyi ciddi laxlada bilər. Virtualaz.org

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …