Cümə , Noyabr 15 2019
Ana səhifə / Araşdırma / Hacıbala Abutalıbov Ali Məhkəmənin qərarını icra etmir

Hacıbala Abutalıbov Ali Məhkəmənin qərarını icra etmir

Bakının icra başçısı vətəndaşa ödəməli olduğu 24 min manatı vermir

Azərbaycan məhkəmələrində respublikamızın adından çıxarılan qərar, qətnamə, hökmlərin icra olunmaması problemi yaşanır. Vətəndaş ədalət axtarışında məhkəməyə üz tutur, sənəd toplayır, vəkillərə pul xərcləyir, əsəbləri gərilir və ümidlə gözlədiyi məhkəmənin yekun sənədi ortaya çıxır. Artıq ədalətin təntənəsi olan sənədi əlinə alan vətəndaşın sevinci çox sürmür. Çünki həmin sənəddə yazılanların bir icra məsələsi də var. Ədliyyə Nazirliyində, üstəlik, baş idarə kimi fəaliyyətdə olan – İcra Baş İdarəsi də mövcuddur.

Amma məhkəmədə mübahisələndirilən məsələdə sabiq müdafiə naziri Səfər Əbiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşı tərəf olubsa, vətəndaş məhkəmə hökmünü, qərarını, qətnaməsinin icrasını görmək üçün həddən artıq dözümlü və uzunömürlü olmalıdır.

İcra Baş İdarəsi bu vəzifə sahiblərinə toxunan və respublikamız adından çıxarılan qətnamələri, hökmləri, qərarları icra etməkdə aciz görünür.

Redaksiyamıza müraciət edən Bakı sakini İnşallah Hüseynov 2 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətindən ona ödənməli olan 24 min 180 manatı ala bilmir. İ.Hüseynov deyir ki, Hacıbala Abutalıbovun 15.02.2011-ci il tarixli, 71 saylı sərəncamına əsasən Səbayel rayonu, Aqil Quliyev küçəsindəki 5 saylı bina sökülüb.

Həmin binanın sakini kimi köçürülmə komissiyasının üzvü İsmayılov Zülfəli Üzeyir oğlu ilə aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanıb, onun tərəfindən mənzil 120 min 900 manata satılıb. BŞİH-in 71 saylı sərəncamına əsasən həmin binanın yerləşdiyi torpaq dövlət ehtiyacları üçün alınmış olsa da, prezidentin 26.12.2007-ci il tarixli fərmanının 2.3-cü bəndinə müvafiq olaraq satınalma qiymətinə 20 faiz miqdarında hesablanan 24 min 180 manat əlavə haqq ödənilməyib.

Evi sökülən İ.Hüseynov 2013-cü ildə cavabdeh BŞİH-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib, cavabdehdən 36 min 270 manat əlavə ödənişin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş edib. Məhkəmə iddianı təmin edib. BŞİH dövlət və ictimai ehtiyaclar üçün İ.Hüseynovdan aldığı mənzilə görə qanunvericilikdə nəzərdə tutulmuş daşınmaz əmlakın hər bir kvadrat metri üçün 30 faiz miqdarında ona əlavə ödəmələr etməlidir. Qərarla bu ödəmələrin hesablanması BŞİH-in özünə həvalə edilib. Qərardan BŞİH apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 aprel qərarı ilə BŞİH-in apelyasiya şikayəti qismən təmin edilib. İddiaçı İ.Hüseynova məxsus ümumi sahəsi 75, 58 kvadret metr olan mənzilin 120 min 900 manat məbləğində satınalma qiymətinə hesablanmalı olan 20 faiz miqdarında, yəni 24 min 180 manat məbləğində əlavə haqqın ödənilməsi vəzifəsi BŞİH-ə həvalə edilib. Hacıbala Abutalıbovun hüquqşünasları məsələni Ali Məhkəməyə qədər mübahisələndiriblər. Lakin son qərarda vətəndaşa 24 min 180 manat məbləğində əlavə haqq ödənilməli olduğu göstərilib.

İ.Hüseynov deyir ki, bütün instansiyalara müraciət edərək ona çatacaq kompensasiyanın ödənilməsini istəyib. Amma nəticə olmayıb: “Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəhbərliyi və Səbayel rayon İcra Şöbəsi Hacıbala Abutalıbovun qarşısında acizdirlər. Prezident 2007-ci ildə fərman verib, məhkəmə də həmin fərmana əsasən mənə kompensasiya ödənməli olduğunu qərarında yazır. Hacıbala Abutalıbov isə qərarı icra etmir. Ona görə də prezidentdən xahiş edirəm ki, fərmana və Ali Məhkəmənin qərarına hörmətsizlik edən BŞİH-in başçısı Hacıbala Abutalıbov barəsində tədbir görülsün və mənim kompensasiyam ödənilsin”.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi? – ARAŞDIRMA

Bundan 100 il əvvəl hazırlanmış kəşfiyyat hesabatlarından görünür ki, Mustafa Kamal Atatürk 1919-cu ilin may …

Bir cavab yazın