Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Hacı Məmmədov Qobustan türməsinə köçürüləcək…

Hacı Məmmədov Qobustan türməsinə köçürüləcək…

“Qara kəmər” əməliyyatının baş “qəhrəmanı” illərdir ki, qanunsuz olaraq MTN-də saxlanılırdı, həm də necə…

23 iyul 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan 8 ay sonra səs-küylü əməliyyat baş tutdu. MTN 2005-ci il martın 10-da “Qara kəmər” əməliyyatı keçirdi, başında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun durduğu adam oğurlayan banda ifşa olundu.

Bandanın məhkəməsi 2006-cı ildə başlayıb 2007-ci ilə qədər davam etdi, Hacı Məmmədov da daxil olmaqla, 10 nəfər ömürlük, 15 nəfər isə ən müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər. İş üzrə ömürlük həbsə məhkum edilmiş 9 nəfər Qobustan həbsxanasına göndərildi. Hacı Məmmədovu isə ibtidai istintaq dövründən Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanıldı. Bu gün də oradadır.

Onu MTN-in İstintaq Təcridxanasında digər kameralardan şəraitinə görə fərqlənən 44 saylı kamerada saxlayırlar. Həmin kamera digərlərindən genişliyinə görə fərqlənir. Təcridxanadakı kameraların ölçüsü standartdır – 2 metr 80 santimetr uzunu və eyni ölçüdə enidir. Kameraların tavanına bitişik balaca pəncərələr var. Həmin pəncərələrdən yalnız səmanı görmək olur. Hacı Məmmədovun saxlanıldığı kameranın ölçüləri daha böyükdür. “Şəhidlər Xiyabanı” tərəfə açılan pəncərəsindən Bakını seyr etmək olur. Banda başçısına illərdir fərqli münasibət var…

Ömürlük məhkumun MTN-də saxlanılması qurumun tarixində ilk haldır. Hacı Məmmədova qədər ora ömürlük həbsə məhkum edilmiş şəxsləri göndərmir, orada saxlamırdılar. Hacı Məmmədovun MTN-də qanunsuz saxlanıldığı zaman-zaman ictimailəşsə də, heç bir nəticəsi olmayıb. İş üzrə təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılov H.Məmmədovun MTN-də saxlanılmasının qanunsuz olduğunu mətbuata dəfələrlə deyib. Vəkil 2011-ci ildə “Yeni Müsavat”a verdiyi açıqlamada demişdi ki, Hacı Məmmədovu orada qanunsuz saxlayırlar.
MTN təcridxanasına baş çəkmək hüququ tanınan yeganə hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə açıqlamalarında Hacı Məmmədovun orada qalmaq istədiyini bildirib. Onun “Yeni Müsavat”a verdiyi açıqlamalardan birindən sitat: “Hacı özü mənə demişdi ki, Qobustana köçürülmək istəmir. Dedi, ora köçürsələr, həyatıma təhlükə olacaq, mənim üçün elə ən təhlükəsiz yer MTN-dir”.

Məsələnin bu tərəfi də var ki, məhkumun saxlanma yerini seçmək hüququ Azərbaycan qanunları ilə tanınmır. Buna görə də onun MTN-də saxlanılması qanunsuzdur. Belədə ortaya sual çıxır – Hacı Məmmədova xüsusi münasibət haradan qaynaqlanır? Eldar Mahmudov nazir olaraq belə bir qanunsuzluğa niyə qol qoyub? Marağı nə olub? Məgər o, Hacı Məmmədovun millətin, dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qurumda saxlanılmasının Azərbaycan qanunlarına zidd olduğunu bilməyib?

Aydındır ki, nazir bunları bilməmiş deyildi. Sadəcə, Hacı Məmmədovu himayə etməklə onu məhkəməsində şəxsi maraqlara uyğun ifadə verməsinə yol açmışdılar. Hacı Məmmədov isə məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə şər atmaqdan, DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirovun üzünə dayanmaqdan çəkinməmişdi. Onun yalana söykənən ifadələri əsasında Z.Nəsirov bu gün də ömürlük həbsdədir.

Hacı Məmmədov “Qara kəmər”ə qədər sifarişlə adam öldürürdüsə, əməliyyatdan sonra sifarişlə üzə dayanana çevrilmişdi. O, törətdiyi əməllərə görə ömürlük cəza alacağını tutulduğu andan bilirdi. Bilirdi ki, bu əməlləri ilə özünə Qobustan həbsxanasında ömürlük kamera qazanıb. Orada isə yanına sifarişlə öldürdüyü şəxsin qohumu, oğurlayıb pulunu aldığı biznesmenin tanışı düşüb onu çətin duruma sala, suallar verə bilərdi. Bunlardan özünü sığortalamaq üçün yalan ifadələrə qol çəkdi.

O zaman heç kimin ağlına belə gəlməzdi ki, Hacı Məmmədova qarşı keçirilən əməliyyatın biri də onun himayə etmiş şəxslərə qarşı keçirilə bilər. Və Hacı Məmmədov açıqda qalar. Bu gün H.Məmmədovun qanunsuz olaraq saxlanıldığı MTN-dən Qobustana köçürülməsi qanuni qərara bağlı məsələdir. Bu isə milli təhlükəsizlik naziri təyin ediləcək şəxsin Azərbaycan qanunlarına sayğısının göstəricilərindən biri olacaq. /musavat/com/

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın