Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Həkim içkili idi, iynədən sonra əlim işləmir…”

“Həkim içkili idi, iynədən sonra əlim işləmir…”

Yıxılaraq barmağı əzilən qadın həkimin vurduğu iynədən sonra əlinin tamamilə işləmədiyini iddia edib. “Qafqazinfo”ya müraciət edən vətəndaş Rəfiqə Nəbiyeva bildirib ki, 2014-cü il sentyabrın 10-da evindən çörək almağa çıxarkən yıxılıb, barmağı altında qalaraq əzilib. 4 saylı poliklinikaya müraciət etdikdə həkim Azad Hüseynov onu qəbul edib:

“Əlimi rentgen elətdirib gipsə qoydurdu, dedi yarım çıxıqdı. Amma səhv deyib, sonradan bildik ki, barmağın sümüyü ovulub oynağın arasına yığılıb, əlim əməliyyat olmalı imiş. Amma Azad Hüseynov iki barmağımın arasından iynə vurdu, bərk basdığı üçün şpris əlimin ortasından çıxdı. Mən özümdən getdim, oyananda başım həkimin sinəsində idi. Hiss etdim ki, içkilidir, ondan araq iyi gəlirdi. İynə əlimi deşəndən sonra barmaqlarım və əlim işləmir, indi qolum da üzülür, nazikləşir. Əlimin ortası da deşik qalıb, soyuq olanda içəri külək girir. Həkim məni aldadıb masaja göndərirdi, amma heç bir xeyiri olmadı. Azad Hüseynov barəsində Səhiyyə Nazirliyinə yazdığım şikayətlərə də baxılmır, mənə heç bir cavab verilmir”.

R.Nəbiyeva daha sonra həkimlə bağlı məhkəməyə müraciət etsə də, orada da yekun nəticə əldə edə bilməyib:

“Nərimanov rayon Məhkəməsinə müraciət edib həkimlərə verdiyim 16 min manat, işləyə bilmədiyim üçün kirayə puluna görə yığılan borc kimi 6 min manat, Türkiyədə müalicə üçün 10 min dollar, mənəvi ziyana görə isə 15 min manat tələb etdim. Ekspertiza mənim xeyrimə qərar verdi və məhkəmə həkimi 2 min manat cərimələdi. Azad Hüseynov isə mənə “2 min verirəm, get ye-iç” dedi. Mən də buna görə apellyasiya şikayəti verdim. Orada təkrar ekspertiza keçirildi və rəy həkimin xeyrinə oldu. Ali Məhkəmə isə işə səhv baxıldığına qərar verərək yenidən apellyasiyaya qaytardı. Hazırda Bakı Apellyasiya Məhkəməsinn hakimi Elşən Kazımov təkrar ekspertiza təyin edib və ekspert Azər Dəmirov həkim Azad Hüseynovdan pul alaraq onun xeyrinə rəy verdi. O, məhkəməyə də Azad Hüseynovla bir yerdə gəlmişdi, onun istədiyi formada da qərar verir”.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən açıqlamaya görə, bu məsələ ilə bağlı dəfələrlə araşdırma aparılıb: “Eyni zamanda bir neçə dəfə məhkəmə prosesləri də keçirilib. Peşəkar mütəxəssislər də rəy verib. Yekunda qərar həkimin xeyrinə olub. İndi də bu işlə bağlı məhkəmə prosesi davam etdirilir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …