Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Həbsxana təhsili –Dərslər necə keçirilir, məhbus şagird necə cəzalandırılır?

Həbsxana təhsili –Dərslər necə keçirilir, məhbus şagird necə cəzalandırılır?

Ümumtəhsil müəssisələrində tədris ili davam edir. Tədris ili yeni başlandığından mediada valideyn-şagird münasibətləri ilə bağlı xeyli tövsiyə xarakterli materiallar yayımlandı. Bəzi təhsil müəssisələrində isə şagirdlər valideynlərindən xeyli uzaqlarda, qapalı mühitdə təhsil alırlar. Bu, qapalı tipli ümumi təhsil müəssisəsi adlanır.
Bəs, belə məktəblərdə təhsil alanlar hansı hüquqlara sahibdirlər? Ümumiyyətlə, onların təhsil mühiti digər məktəblərdən hansı məhrumiyyətlərə görə fərqlənir?
Bu barədə məsələlər Qapalı tipli xüsusi təlim tərbiyə müəssisələri haqqında nümunəvi nizamnamə ilə tənzimlənir.
Nizamnamədə bildirilir ki, azadlıqdan məhrum edilən şagirdlərin təhsil alması üçün açıq və qapalı tipli olmaqla 2 cür ümumi təhsil müəssisəsi ayırd edilir. Hər ikisinin məqsədi uşaqların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən psixoloji, tibbi və sosial reabilitasiyasını təmin etmək, təhsili üçün şərait yaratmaqdır. Qanunvericiliyə uyğun olaraq, belə müəssisələrdə  oğlan və qızlar ayrı – ayrılıqda təhsil alırlar. Özəl sektor bu istiqamətdə fəaliyyət göstərə bilməz, belə təhsil müəssisələrinin hər biri dövlət sektoruna aiddir.
Bu məktəblərdə kimlər təhsil ala bilərlər?
Açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakılar qəbul edilirlər:
-Valideynlərinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan 8 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar;
-Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, amma cinayət məsuliyyətinə cəlb olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmayanlar;
-Valideynlərinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;
-Müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islahı mümkün olmayanlar.
Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə isə bu yeniyetmələr qəbul eidlirlər:
-Ağır və ya xüsusilə ağır cinayət törətmiş, amma məsuliyyətə cəlb olunması üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmayanlar;
-Cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatsa da, az ağır cinayət törədən və cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar.
Qapalı tipli müəssisədə 11 yaşından 18 yaşınadək şagirdlər yerləşdirilə bilərlər. Açıq tipli müəssisəyə isə 8 yaşından 18 yaşına qədər şəxslər qəbul edilirlər.
Qapalı təhsil müəssisəsindəki 1 sinifdə neçə şagird olmalıdır?
Müəssisə şagirdlərin sayı 25-dən az olmaqla yaradılır.
Sinif  şagirdlərin sayı 10 – dan artıq olmamaq şərtilə təşkil edilir. Hər sinif üçün 2 tərbiyəçi, 2 əmək təlimi, 1 bədən tərbiyəsi müəllimi nəzərdə tutulur. Müəssisənin ştatında psixoloq-pedaqoq, sosial-pedaqoq, psixoterapevt vəzifələri də nəzərdə tutulub.
Şagirdlər qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində 3 ilə qədər saxlanıla bilərlər. Saxlanma müddəti şagirdin arzusu ilə təhsil pilləsi başa çatdırılanadək uzadıla bilər.
Müəssisə məzunlarının aqibəti necə olur?
Şagird məzun olduqdan sonra valideynlərinin yanına, valideynlərini itirənlər isə onlar üçün nəzərdə tutulmuş müvafiq müəssisələrə göndərilirlər.
Müəssisənin direktoru məzunu işlə təmin olunanadək və ya gələcək təhsili ilə bağlı məsələlər həll edilənə qədər 3 ay ərzində yaşayış və yeməklə təmin edə bilər.
Belə məktəblərdə tədris necə həyata keçirilir?
Müəssisədə əlavə təhsil proqramlarının – idman, incəsənət, peşə məşğələlərinin həyata keçirilməsi üçün şərait yaradılır.
Məzunlara təhsil haqqında müvafiq sənədlər verilir.Təhsilini bitirməmiş şagirdlərə isə müəyyən edilmiş formada arayış təqdim edilir.
Burada təhsil alan şagirdlərin hansı hüquqları var?
Şagird ödənişsiz təhsillə yanaşı, məktublaşmaq, bağlama almaq, telefonla danışmaq hüququna malikdir. Onun valideynləri və qohumları ilə görüşməsinə məhdudiyyət qoyulmur.
Şagird valideynləri vəfat etdikdə, onların dəfnində iştirak etmək, ağır xəstə olduqda isə onlara baş çəkmək hüququna malikdir. Bu zaman məktəb öz hesabına yol xərclərini ödəməlidir.
Şagird müəssisədə qaldığı müddət ərzində müdiriyyәtin qərarı ilə tətilə buraxıla bilər. Bu zaman yol və tətil günləri üçün yemək xərcləri məktəb hesabına ödənilir.
Qanun pozuntularına yol verən şagird necə cəzalandırılır?
İstirahət, iş günü hesab edilməyən bayram günlərində və ya ümumxalq hüzn günündə, tətil vaxtı həmin şagirdin müəssisə hüdudlarından kənara çıxması qadağan edilə bilər.(AzEdu.az )

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …