Cümə , Oktyabr 30 2020
Ana səhifə / Araşdırma / Həkim və pasient arasında diş qalmaqalı – Bakıdan Londona qədər uzanan implant davası

Həkim və pasient arasında diş qalmaqalı – Bakıdan Londona qədər uzanan implant davası

Sevda Balayeva: “Cavid Qurbanov məni aldadıb, düzəltdiyi implant dişlər keyfiyyətsiz çıxıb” Cavid Qurbanov: “O qadına dedim ki, bütün xərcləri üzərimə götürməyə hazıram, gəl qapaqları dəyişim”

Dişlərini düzəltdirmək üçün özəl klinikalardan birində stomatoloqa müraciət edən Sevda Balayeva adlı vətəndaş sonradan ağır fəsadlara qarşılaşıb. Xəstəyə əkilmiş diş ona problem yaradıb. Ona implant diş qoyan həkimə müraciət etdikdə, həmin həkim məsuliyyəti üstündən atıb.  
Bu haqda musavat.com-a müraciət edən Sevda Balayeva şikayətinin ictimailəşməsini istəyib. O, bildirib ki, bir neçə ildir ki, kosmetoloji şöbəsindən istifadə etdiyi, Bakı şəhəri, Fuad İbrahimbəyov – 458, 5-ci paralel küçəsində yerləşən, “MED Holding” adlanan klinikanın stomatoloji şöbəsində yeni, müasir aparatların olduğunu biləndə oraya müraciət edib. Klinikadan ona məlumat verilib ki, yeni 3D rentgen aparatı gətirilib, hər cür yeniliyi var, ağrısız, asan və müasir yolla implant qoydurmaq və başqa stomatoloji işlər görmək mümkündür. 2016-cı ilin sentyabrında stomatoloq Cavid Qurbanov Sevda Balayevaya implant dişlər qoyub və bunun müqabilində pasient klinikaya 2330 manat ödəyib.
Davamını Sevda Balayevanın öz dilindən oxuyun: “Həkim qapaqları salanda balaca bir şok yaşadım. Həkim əvvəlki pasientdən sonra əllərini yumadı, işini tibbi əlcəksiz gördü. Xoşagəlməz hisslər keçirsəm də həkimə irad tutmağa daxili etikam yol vermədi. Amma alt və üst dişlərdəki kontaktın yaxşı olmadığını həkimin nəzərinə çatdırdım. Həkim “1-2 həftəyə düzələcək” deyib, məni yola saldı. Üstündən bir müddət keçəndən sonra diş ətrafları, toxumalar şişməyə, irinləməyə başladı. Nə qədər qarqara etsəm də irini durdurmaq, şişi yatırmaq mümkün olmadı. Bakıda olmadığım üçün xaricdəki klinikaların birinə müraciət etdim. Mənə infeksiya fəsadı olduğunu bildirdilər. Diş səthinin qapaqla örtüldüyü və altında implant olduğunu əsas gətirərək bu işi görən həkimə müraciət etməyi tövsiyə etdilər. Müvəqqəti müalicə kimi antibiotik kursu təyin edib, problemli zonanı yuyub, dezinfeksiya etdilər. Mən bu haqda Cavid Qurbanova yazsam da bir həftə ərzində heç bir cavab ala bilmədim”.
Şikayətçi deyir ki, məlum prosedurdan sonra problem bir qədər səngisə də, bir müddət sonra problemli zona yenidən qanamağa və diskomfort yaratmağa başlayıb: “Yenidən stomatoloq Cavid Qurbanova müraciət etdim, cavab almadığımı görüb, yenidən həkimə getdim, həmin qaydayla yenə də antibiotik, dezinfeksiya, rentgen, gigiyenik təmizləmə aparsalar da, problemli diş zonasını yaxşı təmizləyə və birbaşa müdaxilə edə bilmədilər. Belə ki, qapaqlar və ətrafına qoyulan süni plastik damaq effekti verən əlavələr problemli səthi bağladığı, damaq toxumasını zədələdiyi üçün , interdental fırçanın dişarası təmizlənməsi mümkünsüz oldu. Yenə də mənə bu işi görən həkimlə əlaqə saxlamağı tövsiyə etdilər. Cavid Qurbanova nə qədər yazsam da, zəng etsəm də cavab gəlmədi. Bu müddət ərzində xeyli vəsait xərcləsəm də problemin həllinə nail ola bilmədim. Məni bu vəziyyətə salan stomatoloqa məktub yazıb bu məsələni ictimailəşdirəcəyimi və müvafiq instansiyalara müraciət edəcəyimi dedim.
O, dərhal mənə zəng edib klinikaya gəlməyimi xahiş etdi. Razılaşdım, daha sonra cümə günü görüşməyi qərarlaşdırdıq. Lakin o mesajdan sonra C.Qurbanov yenidən itdi, həftələrlə onunla əlaqə saxlaya bilmədim. Bu müddət ərzində dişimdəki problemli zona yenə də şişməyə və məni incitməyə başladı.
Məcbur olub vaxt itirmədən həmin qapaqları təcili sökdürüb fəsaddan və Qurbanovu gözləməkdən bərbad hala qalmış, ağrısı cənə sümüklərinə, qulaqlarıma qədər yayılmış diş və damağımı  müalicəyə başladım. Aidiyyatı qurumlara, KİV-ə və Azad İstehlakçılar Birliyinə rəsmi ərizə ilə müraciət etdim. İlk reaksiya verən qurum Azad İstehlakçılar Birliyi oldu. Birliyin hüquqşünası C.Qurbanovla görüşdükdən sonra, nəhayət, yanvarın 24-də C.Qurbanov mənə zəng etdi. Danışıqdan sonra Cavid Qurbanov yenidən ona 2-3 gün vaxt verməyimi və bu vaxt ərzində mənim pulumu qaytara biləcəyini dedi.
Başa düşdüm ki, bu zəng də digərləri kimi yalandır. O, məni saldığı ağır durumdan qətiyyən narahatlıq keçirmir, əksinə, aradan çıxmağa çalışır. Rəsmən həkim adını daşıyan adamın qeyri-peşəkarlığından, hərəkətlərindən, mənə vurduğu maddi və mənəvi zərərdən şok yaşayıram və hazırda əziyyət çəkirəm”.
Sevda Balayeva deyir ki, klinikaya ödədiyi məbləğin müqabilində ona heç bir rəsmi maliyyə sənədi verilməyib və ödədiyi vəsaiti geri ala bilməyib.
Diş və damağındakı problemlər isə gündən-günə ağırlaşır. Şikayətçi məsələni ictimailəşdirməklə hüquq-mühafizə orqanlarının diqqətini çəkməyə, həm də digər insanların da onun kimi qurbana çevrilməməsinə çalışır.
Məsələ ilə bağlı şikayətdə adı hallanan stomatoloq Cavid Qurbanovla əlaqə saxladıq. O bildirdi ki, Sevda Balayevanın iddiaları doğru deyil: “Onun implant dişləri 7 il əvvəl hansısa başqa bir klinikada düzəltdirilib. Biz sadəcə onun qapaqlarını düzəltmişik. İndi də deyir ki, həmin qapaqlar onun damağını incidib, əti qızarıb. Mən 3 gün öncə də onunla danışdım. Bildirdim ki, gəlsin, qapaqları dəyişim, yenidən düzəldim. Ancaq o, Londonda yaşayır. Dedi ki, gələ bilməyəcək. Mən də təklif etdim ki, həmin qapaqları Londonda dəyişdirsin, nə qədər vəsait lazım olsa, mən ödəməyə hazıram. Hətta Sevda Balayevanın bank hesabının nömrəsini də istədim. Əgər burada o işin qiyməti 200 manatdırsa, orada 1000 manatdır. Çünki qiymətlər dəfələrlə bahadır. Ancaq mən məbləği ödəməyə hazıram və bunu qadının özünə də demişəm. Digər iddiaları isə yalandır. O, implantı bizdə düzəltdirməyib. Bizdə bütün şəkillər, rentgen kağızları var”.
Cavib Qurbanov Sevda Balayevanın bu yolla onu şantaj etməyə çalışdığını da iddia etdi: “Mənə dedi ki, hazırda işsizdir və pul lazımdır. Buna görə də məni şərləyəcəyini söylədi. “Bekar adamam, oturmuşam işsiz, pula ehtiyacım var” – dedi. Ona bildirdim ki, bütün rentgen göstəriciləri, dişlərinin şəkilləri məndə var. Ona görə də heç bir iddiasını sübut edə bilməz. Sevda Balayeva ilk gündən narahat və narazı müştəri olub. Onun bu hərəkəti çox ədalətsizdir. Mən yüzlərlə insanla işləyirəm. Onların hər hansı birində qapaq yaxşı alınmaya bilər, damağı incidə bilər. Belə olan halda onu dəyişmək lazımdır. Mən də Sevda Balayevanın Londonda dişlərinin qapağını dəyişməsi üçün lazım olan vəsaiti ödəməyə hazır olduğumu bildirmişəm. Həmçinin təklif etmişəm ki, Bakıya gəlməsi üçün lazım olan biletin pulu ödəyim, gəlsin və qapağı özüm düzəldim”.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın