Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Həbsdə olan sabiq BTRİB rəhbəri: “2 milyonu ödəməyə hazıram” – YENİLƏNİB

Həbsdə olan sabiq BTRİB rəhbəri: “2 milyonu ödəməyə hazıram” – YENİLƏNİB

Prosesdə “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədovun yeni vəkillə müqavilə bağladığı məlum olub. Lent.az-ın məlumatına görə, hakim bildirib ki,  Emin Məmmədov vəkil Tural Süleymanovla müqavilə bağlayıb.  Hakim vəkilin prosesdə iştirak etməsinə razılıq verib.

 

Dövlət ittihamçısı Fərid Nağıyev əvvəlcə “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ittihamnaməsini elan edib. İttihama görə, Cəlil Cəfərov 1,5 milyon  manat mənimsəmədə ittiham edilir.

 

Cəlil Cəfərov elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

 

Daha sonra dövlət ittihamçısı “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətovun ittihamnaməsini oxuyub.  O, 600 min manat mənimsəmədə ittiham edilir.  Səhrab Hümbətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

2 milyon manatlıq mənimsəmədə ittiham edilən Qəmbər Bəybalayev də özünü təqsirli bilmədiyini deyib.

 

Təqsirləndirilən Emin Məmmədov ifadə verməyə hazır olmadığını bildirib.  Bildirb ki,  ifadəsini yazır,  hələ başa çatdıra bilməyib.  Anar Mustafayev də ifadə verməyə hazır olmadığını deyib.

 

 

Daha sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov ifadə verib. O, 10 milyon manatlıq mənimsəmədə ittiham edilir.

 

Beytulla Hüseynov bildirib ki,  gördüyü işlərə görə yığılan vəsaitin 20 faizi Birlikdə qalıb,  80 faizini isə nazirliyə köçürüblər: “Bu Vidadi Zeynalovun da,  sabiq nazir Əli Abbasovun ifadəsində göstərilib.  Həmin 20 fazin 4 fazi paketlərə yönəlirdi,  6 faizi isə qovşaqlara göndərilirdi”.

 

Onun sözlərinə görə, vəsaitlərin köçürülməsi barədə   tapşırıqları nazirliyin rəhbərliyindən alıb.

O, dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: “Məhkəmə qarşısında söz verirəm ki,  dövlətə dəymiş ziyanı ödəməyə hazıram.  Mənim xidmətlərim olub”.

 

Beytulla Hüseynov əlavə edib ki,  şəxsi büdcələri hesabına şəhid ailələrinə,  Qarabağ döyüşlərində iştirak edənlərə pulsuz telefon çəkilməsini təmin ediblər.

 

O bildirib ki,  Avropa oyunları ərəfəsində onlara xüsusi tapşırıq verilib: “Həmin tapşırıqları layiqincə yerinə yetirmişik,  buna görə də mükafat almışıq.  Avropa oyunları zamanı sifarişçi “Azəryolservis” olub.  4 milyon 564 min manatlıq iş görmüşük.  Bu gün də həmin məbləğlə bağlı alacağımız var”.

 

Beytulla Hüseynov daha sonra dövlət ittihamçısının suallarını cavablandırıb.

 

O bildirib ki, istintaqda dediyi kimi hər ay nazirliyə pul veriblər: “Ad çəkmək istəmirəm. Yalnız hər ay 200 min pul vermişik. İstintaqda hesablanan 10 milyon manatdır. Yalnız həmin məbləğ 22-24 milyon manata yaxındır. Həmin məbləği bu gün ödəməyə hazıram. Çox şeylər var ki, onları danışa bilmirəm. İltizama qol çəkmişəm”.

 

Proses noyabrın 30-da davam edəcək.

 

**

11:20

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edir.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl Vidadi Zeynalovun vəkili, 4 saylı hüquq məsləhətxanasının nümayəndəsi Elxan Süleymanov jurnalistlərin üstünə hücum edib.  Vəkil ittiham aktında V.Zeynalovla bağlı epizodları yazan jurnalistləri nalayiq ifadələrlə təhqir edib.

 

Bundan sonra jurnalistlərlə vəkil arasında mübahisə düşüb.

 

Vidadi Zeynalov və digərlərinin zalda olan qohumları də jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədiblər.

 

Bu zaman məhkəmə zalına təqsirləndirilən şəxslər daxil olub.

Proses başlayıb. Vəkillər məhkəməyə gəlmədiyi üçün fasilə elan edilib.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

 

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

 

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın