Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Araşdırma / Həbs olunmuş jurnalist Elçin İsmayıllıdan xəbər var

Həbs olunmuş jurnalist Elçin İsmayıllıdan xəbər var

Jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Musavat.com xəbər verir ki, fevralın 17-də İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı həbs olunub. Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bu haqda jurnalistin vəkili İslam İsmayılov məlumat verib. Vəkil deyib ki, istintaq materiallarında jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Vəkilinin sözlərinə görə, həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və pul Elçin İsmayıllıya verilən vaxt o həbs olunub. Jurnalist isə həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib: “Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini həbs ediblər”.

İslam İsmayılov deyir ki, jurnalist daha öncə fəaliyyəti ilə bağlı xəbərdarlıq alıbmış: “E. İsmayıllı haqqında cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində açılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib, ona 24 günlük cəza verilib. Hazırda cinayət işi ilə bağlı istintaq davam edir. Jurnalist 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Elçin İsmayıllı bundan öncə də jurnalist fəaliyyətinə görə xəbərdarlıq aldığını deyirdi”.

E.İsmayıllı müxtəlif vaxtlarda müxtəlif KİV, o cümlədən “Azadlıq” qəzeti, “Azadlıq” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edib. Son vaxtlar isə özünün təsisçisi olduğu kend.info saytında tənqidi məqalələr dərc edirmiş.

Jurnalist həbsindən iki gün öncə, fevralın 15-də yerli icra hakimiyyəti başçısının İsmayıllı rayonunun ərazisində yerləşən 65 saylı 199 hektar sahəsi olan “Matrax” yay otlaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamı ilə bağlı araşdırma yazısı dərc edib.

Bundan öncə, Elçin İsmayılı yerli sakinlərin problemlərini işıqlandırdığına görə təzyiqlərə məruz qalıb. Ona hücumlar olub, polis tərəfindən saxlanılıb. Tənqidi məqaləsi ilə bağlı bir neçə ay öncə yerli məmur jurnalistin inzibati qaydada cəza alması tələb ilə məhkəməyə müraciət edib.
2013-cü ilin yanvarında İsmayıllı hadisələri zamanı E.İsmayıllı bu hadisələri fəal şəkildə işıqlandırıb. Etiraz aksiyası zamanı onun qardaşı rayonda olmadığını desə də, kütləvi iğtişaşlarda iştiraka görə həbs olunub, iki il həbs həyatı yaşayıb. Elçin İsmayıllı həmçinin AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür.

Həmçinin oxuyun

Bakıda ana azyaşlı oğlunu niyə zəncirləyib? – Şok detallar + FOTO

Bakıda ana azyaşlı oğlunu zəncirləyib.Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad …

Bir cavab yazın