Ana səhifə / Araşdırma / Göytəpə şəhər 1 nömrəli məktəbdən attesat alan şagirdi müəllimlər tanımır

Göytəpə şəhər 1 nömrəli məktəbdən attesat alan şagirdi müəllimlər tanımır

“Uşaq məktəbdə oxumayıb, 5-6 uşaq gətirin, ayağa qaldırın, heç bir müəllim onun üzünü tanımır. Məktəb direktoru böyük saxtakarlığa yol verib. Bu gün də bunun altından çıxmağa çalışır”

“Görüblər ki, işin üstü açılır, təzədən həmin juranalda şagirdin adını pozublar, ağardıcı ilə pozublar, başqa xəttlə yazmağa çalışıblar, o da mümkün olmayıb. Artıq təhsil naziri də həmin məsələni nəzarətə götürüb”

“Azərbaycan təhslində saxtakarlığa göz yummaq həqiqətən dəhşətli bir şeydir. Mən bir ziyalı, müəllim kimi belə saxtakarlıqla heç vaxt barışmayacam, mübarizəmiz sona qədər davam edəcək”

“Hürriyyət”in ötən saylarının birində Cəlilabad şəhər 1 nömrəli məktəbdə baş verən qanunsuzluqlarla bağlı açıqlama vermişdik. Sözügedən məktəbin müəllimləri Murad Hüseynov və İkram Məmmədov bizim məlumatımızı təsdiq edərək, 11-cı sinif şagirdi Siruz Əliyev adlı şagirdi tanımadıqlarını və ona qiymət yazmadıqlarını demişdilər.

Nəzərə çatdıraq ki, bundan öncə, adının açıqlanmasını istəməyən məktəbin müəllimlərindən biri Pedaqoji Şuranın yekun iclasından sonra bu təhsil ocağında böyük korrupsiya faktı aşkarlandığını “Hürriyyət”ə yazmışdı: “11-ci siniflərin birində şagirdlərin siyahısının sonuna Əliyev Siruz adlı daha bir nəfərin adı qeyd olunub və bütün fənnlərdən ona “qiymət” yazılıb. Ən maraqlısı isə odur ki, kimliyi hətta fənn müəllimlərinə bəlli olmayan bu şagirdə onların xəbəri olmadan məktəb direktoru tərəfindən yüksək qiymətlər yazılıb. Dərs ilinin sonunda isə bütün bunlar əsasında həmin şəgirdə attestat da verilib”.

Murad Hüseynovun və İkram Məmmədovun məlumatı təsdiq etməsindən sonra qalmaqalda adı hallanan məktəb direktoru Zaur Ələkbərov “Hürriyyət”ə barəsində səslənən fikirlərin qərəzli olduğunu bildirmişdi: “Birincisi, Murad Hüseynov məktəbdə düzgün davamiyyəti olmayan adamdı. İkram müəllimə də töhmət vermişəm, ona Pedoqoji Şurada xəbərdarlıq olunub. İkisinə də mən töhmət vermişəm”.

Məktəb direktoru Zaur Ələkbərovun “Hürriyyət”ə açıqlamasından hiddətlənən İkram Məmmədov redaksiyamıza məktub unvanlayaraq, onun ittihamlarına etirazını bildirib:

“Mən Məmmədov İkram İbrahim oğlu 1 saylı orta məktəbin direktoru Zaur Ələkbərovun iddialarına cavab olaraq bildirirəm ki, mən hər zaman ona bir məktəb direktoru kimi daim hörmətlə yanaşıb və məktəbdaxili tapşırıqları yerinə yetirmişəm. Lakin sizin dərc etdiyiniz məqalədə Zaur müəllimin məni bu cür ittiham etməsi gülünc doğurur və mənim üçün gözlənilməz oldu. Sizin qəzetinizdən bəlli olur ki, guya məktəbə gəlmədiyimə görə mənə töhmət verilib. Bəs, həftənin bütün günləri saat 08:00-dan məktəbə gəlib çöldə gəzən, dərsə girməyən şagirdləri dərs hissə müdiri ilə dərslərə göndərən mən deyildim? Düzdür, direktor onları görə bilməzdi. Çünki onun dərsə gəlmə vaxtı 09:30 dan tez olmurdu. Qaldı Fiziki tərbiyə müəllimi Murad Hüseynova, onunla mənim heç bir dostluq münasibətim yoxdur. Digər müəllimlər kimi onunla da iş yoldaşıyıq.

Bu qəzet vasitəsi ilə Zaur Müəllimin yadına salmaq istəyirəm ki, 11-ci sinif rəhbəri qeyd olunmuş şagirdin adının jurnalda olması və qiymətləndirilməsi barədə mənə müraciət etdikdə, onu görmədiyimi və tanımadığımı dedim, şagird haqqında hər hansı bir kağızı imzalamaqdan imtina etdim. Həmin gün təqribən saat 13:00 radələrində direktorun mənə gəlmiş zəngini görüb, saat 15:30 radələrində 13 iyul tarixində 20 dəqiqə telefonla danışdıq. O, bildirdi ki, sinif rəhbəri səhlənkarlıq edib şagirdin adın jurnala yazmayıbsa və sonradan dərs dövrü qurtardıqdan sonra jurnala adını yazıb və sizin adınızdan qiymətləndirmə aparıbsa, qoy, o müəllim özü məsulliyət daşısın. Mən onda direktora dedim ki, Zaur müəllim, mən bu saxtakarlığa gedə bilmərəm. Məndən soruşsalar, mən düzünü deyəcəm ki, bu cür şagird görməmişəm və qiymətləndirmə aparmamışam. O da “bəli, o cür də olmalıdı, kimə görəsə məsuliyyəti niyə üzərinə götürüsən” ifadəsini işlətdi”.

İ. Məmmədov məktubda qeyd edib ki, onu məhkəmə ilə hədələməyə ehtiyac yoxdur: “Yəqin ki, “Azercell” operatorlarında bizim danışığın səs yazıları mövcuddur. Mən kimisə şərləmək, böhtan demək istəmirəm. Yəqin ola bilsin ki, Zaur müəllimin mobil telefonunda səs yazma proqramı mövcuddur. Danışığımız yadından çıxıbsa, bizim danışıqlara öz telefonunda qulaq asa bilər. Ona bildirmək istəyirəm ki, 20 ildən artıq Azərbaycan Respublikasının sərhədlərində xidmət etmiş, ehtiyatda olan bir zabit haradasa nəyin düz, nəyin səhv olduğun yaxşı bilir və görür. Ona qarşı hörmətim olduğu üçün yenə mən susma mövqeyindəyən.

Mən həmişə dostumun səhvini üzünə deyirəm. Məktəb rəhbəri 01.07.2019-cu il tarixdən məzuniyyətdə olduğu halda, necə olur ki, şagirdlərə 10 iyul 2019-cu il tarixdə imzalanmış və möhürlənmiş attestat verilir və ya şagird illik qiymətləndirmədə fənn müəllimi tərəfindən 5 qiyməti aldığı halda, attestata illik 3 qiyməti yazılır. Hansı kı, həmin şagird Fizika fənni üzrə zona qalibi olub”.

“Dostum və həmkarım, şər və böhtan heç zaman kimsəyə xeyir verməyib. Şər və böhtan kişi işi deyil. Atalar misalıdır “ən böyük kələk düzlükdür”,- deyə sonda müəllif yazır.

“Bizim məqsədimiz belə bir saxtakar məktəb direktorunu ifşa etməkdi”

Məktəb direktorunun verdiyi informasiyaları faş etmək istəyən Fiziki tərbiyə müəllimi Murad Hüseynov isə “Hürriyyət” açıqladı ki, o, saxta, yalan, həqiqətə uyğun olmayan informasiyalar verib: “Dünən mən “feysbuk”da bir neçə nəfər müəllimlə canlı bağlantıda olmuşam və biz bu məsələni sübutlarla ortaya qoyduq. Məktəb direktorunun yalandan mətbuata açıqlama verməsi birabaşa qərəzdir. O deyir ki, İkram Məmmədova töhmət vermişəm. Ortaya sual çıxır. Pedoqoji Şuranın iclasından sonra hansı müəllimə məzuniyyətdə ola-ola töhmət vermək olar? İkincisi də töhmət vermişdinsə, onu mətbuata təqdim etməliydin, hansı əmrlə, hansı tarixdə olduğu qeyd olunmalıydı. Bundan heç kimin xəbəri yoxdur, nəinki müəllimin. Ondan əlavə, necə olurdu ki, məktəb direktoru sinif rəhbərini qapı-qapı salmışdı? Müəllimlərə izahat yazdırmaq istəyirdi, desinlər ki, bu jurnalı biz yazmışıq, xəbərimiz var. Bunu da heç kim təsdiq etmədi. 10-a yaxın fənn müəllimi var, hamısı bunu təsdiq edər. Yəni burada heç bir qərəz yoxdur. Bizim məqsədimiz belə bir saxtakar məktəb direktorunu ifşa etməkdi”.

“Məktəb direktoru böyük saxtakarlığa yol verib”

“Direktor uşağın davamiyyətinin zəif olduğunu, ancaq summativ qiymətləndirmələrdə iştirak etdiyini deyir”, – bildirdikdə M.Hüseynov belə cavab verdi: “Məktəbin kamera sistemi var. Biz tələb edirik ki, məktəbin bütün kamera sistemləri nəzarətə götürülsün. Görək, hələ bu uşaq məktəbin qapısına ayağını qoyub, qoymayıb? Mən bir müəllim kimi bunu sona kimi subut etməyə hazıram. Bu danışdığım məsuliyyətdir. Uşaq məktəbdə oxumayıb, 5-6 uşaq gətirin, ayağa qaldırın, heç bir müəllim onun üzünü tanımır. Məktəb direktoru böyük saxtakarlığa yol verib. Bu gün də bunun altından çıxmağa çalışır. Hazırda bizim işimiz Təhsil Naizliyinin Daxili Nəzarət şöbəsindədir. Biz Təhsil Naizliyinin Daxili Nəzarət şöbəsinin nəzarətə götürülməsi üçün Baş Prokurora, Prezident Administrasiyasına, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya və bir çox təşkilatlara müraciət etmişik ki, bizim o şikayətlərimiz nazirlik tərəfindən nəzarətə götürülsün. Söz-söhbət gəzir ki, məktəb direktoru bu işi ört-basdır etməyə nazirlik tərəfindən adam axtarır. Eyni zamanda Rayon Təhsil şöbəsində İlkin adlı inspektor var, guya, bütün işləri onun üzərinə qoyub, ona töhmət verməklə məktəb direktorunu burada vəziyyətdən çıxartmağa çalışırlar. Bizim əlimizdə bununla bağlı kifayət qədər informasiyalar var. Məktəb direktoru aşkar bu gün cəmiyyəti inandırmaq istəyir ki, kim hara şikayət eləyir, eləsin, bu, yalandır, böhtandır. Bizdə bu saxtakarlığı sübut etməyə əlimizdə jurnalların kopyaları var. Müəllimlər istintaqa cəlb olunsun. Hətta prokurordan tələb eləmişəm ki, bütün müəllimlər istintaqa cəlb olunmaqla, jurnallar ekspetizadan keçirilsin. Müəllimlərin ifadəsi alınsın və şagirdlər ora düzülsün, görək, hansı müəllim o şagirdi tanıyır. Bizim şagirdin attestat almağı ilə bağlı heç bir narazılığımız yoxdur. Eşitdiyimizə görə savadlı şagirddir, Azərbaycanın gələcəyi ola bilər. Sadəcə, bu gün məktəb direktorunun öz şəxsi maraqları uğurunda qurduğu saxtakarlığı biz ifşa edirik. Həm də belə bir məktəb direktoru ilə işləyə bilmərik”.

“Mən əgər şər-böhtan atıramsa, məsuliyyət daşımağa hazıram”

“Direktor deyir ki, uşağın valieynləri Biləsuvar litseyində ödənişi ödəyə bilmədiyi üçün uşağı fevral ayında bu məktəbə gətirib, sənədləri də qaydasındadır, təqdim edə bilərik”,-deyə qeyd etdikdə M. Hüseynov belə cavab verdi:“Məktəb direktorunun açıqlamasına cavab olaraq mən bildirirəm ki, həmin jurnal bu gün Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsində araşdırmadadır və jurnalın kopyası da məndədir. fotoşəkilini çəkmişəm. O, müsahibədə deyir ki, şagird çox vaxt məktəbə gəlmirdi. Gəlin, baxaq həmin tarixdən şagirdlə bağlı bir dənə qayıb varmı? Ekspertiza edək, görək qiymətləndirmə kimindir? Mən Fiziki tərbiyə müəllimiyəm. Baxın, imza mənim yazdığımla üst-üstə düşür, ya yox? Eyni zamanda məktəb direktoru açıqlama verib ki, müəllimlər dərsə gəlmirdi. Dərsə gəlmirsə, bəs, bu müəllimlərə necə əməkhaqqı verilir? Bəs, siz müəllimlərin məktəbə gəlməməyinə əsaslanıb, bu uşağa necə KSQ, BSQ çıxarda bildiniz? Təhsil işçisi ilə danışanda suallara sualla cavab verilə bilər. Mən heç kimə şər-böhtan atmaram, dediklərim də faktdır. Faktların sübuta yetirilməsi üçün bölmələr üzrə bütün müəllimlər istintaqa cəlb olunur. Mən əgər şər-böhtan atıramsa, məsuliyyət daşımağa hazıram. Müəllimlərin hamısı dursun, görək, orada biri həmin şagirdi tanıyacaq, tanımayacaq? İkincisi də həmin jurnalda yazılanlar ekspertizaya göndərilir. Görək, həqiqətənmi bu müəllimlərin imzasıdır? O yalnız bir adamın imzası ilə yazılıb. Xahiş edirəm juranlı nazirlikdən tələb edin. Görüblər ki, işin üstü açılır, təzədən həmin juranalda şagirdin adını pozublar, ağardıcı ilə pozublar, başqa xəttlə yazmağa çalışıblar, o da mümkün olmayıb. Artıq təhsil naziri də həmin məsələni nəzarətə götürüb.

Sonra da məktəb direktoru Xocalı adından istifadə etməklə istəyir ki, bu məsuliyyətdən yayınsın. Amma siz inanın, bu gün Azərbaycan təhsilinin inkişafına mane olan insanlara biz imkan verməyəcəyik ki, təhsilin başında əyləşsin. Bunun digər nöqsan hallarını, məktəbin müəllimlərinin bülletenə göndərilməsini araşdırmağa çalışacağıq. Bizdə məlumat var. Bunu tam dəqiqliyi ilə sübuta yetirə bilmirik. Biz çalışırıq ki, bunu indi dəqiqləşdirək. Xəstəlik adı ilə bülletənə çıxan müəllimlərin dərsi başqa müəllimlərə verilməlidir. Halbuki, bülletənə çıxan şəxs özü jurnalı yazıb. Bir neçə nəfərdi. Burada da məktəb direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz şəxsi maraqlarına görə maliyyə pozuntusu etmişdi. Bu da böyük bir korrupsiya halıdır. Bunu tam sübuta yetirəndən sonra açıqlama verəcəyik. Biz hazırda bunun üzərində işləyirik. Konkret kimin adına yazılmasını araşdırırıq. Biz bunun araşdırandan sonra konkert hallandıra bilərik ki, məktəb direktoru bu cinayətə yol verib, verməyib? Amma bizdə bu şübhələr var. Çünki məlumat daxil olub. Mən indi bununla bağlı Göytəpə Şəhər Mərkəzi Xəstəxanasına soruğu göndərirəm, hazırda poçtdayam. Biz hələ ki, onu konkret cinayətdə ittiham edə bilmirik”.

Картинки по запросу təhsil nazirliyi

“İnanmıram ki, Təhsil Nazirlyi öz nüfuzuna xələl gətirər”

“Mən baş prokurordan Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin nəzarətə götürülməsini tələb edirəm. Çünki ictimaiyyət arasında söhbət gəzir ki, məktəb direktoru məsələni həll etməyə çalışır. Biz buna inanmırıq. Düşünürük məktəb direktoru cəmiyyətdə başqa fikir formalaşdırmaqla, öz saxta hərəkətlərini başqasının üzərinə sırımaqla, özünü cəmiyyətə təmiz göstərmək istəyir. Bu, təbii məsələdir. Amma inanmıram ki, Təhsil Nazirlyi öz nüfuzuna xələl gətirər. O, sizə açıqlamasında Xocalı adını çəkir. Heç siz orada soruşmamısınız ki, siz Xocalıdansınızmı? Amma açıqlama verib ki, mən Xocalıdanam. O burada özünü Xocalı adı ilə sığortalayır. Mən də şəhid qardaşıyam. Fərqi yoxdur, bizim vətən uğurunda gedib canımızı qurban vermək borcumuzdur. Biz belə məqamlarda istifadə etməməliyik ki, mən Xocalıdanam, ya şəhid qardaşyam. Mənim qardaşımın borcu idi, gedib şəhid olub. Allah onun ruhunu şad eləsin. Sabah o şəhidlik bizə də qismət olsa, biz də gedib şəhid olarıq. Biz bunu əlimizdə bayraq tutub göstərməməliyik. Mən bunu belə qəbul edirəm. Hər kəsin borcu üzərinə düşən öz işini görməkdir. Direktor deyə bilər ki, fevral ayından uşaq məktəbə gəlib. Amma gəlin, baxaq fevral ayında bu uşağa bir qiymət, qayıb düşübmü? Xahiş edirəm, Təhsil Nazirliyindən jurnalı tələb edin”,-deyə Fiziki tərbiyə müəllimi israr etdi.

“Mən bir ziyalı, müəllim kimi belə saxtakarlıqla heç vaxt barışmayacam”

“Təhsil Nazirliyinə bu məsələ ilə bağlı dəfələrlə zəng etmişik, suallar ünvanlamışıq, cavab vermirlər, məsələyə laqeyd yanaşırlar” dedikdə isə M. Hüseynov belə söylədi: “Belə çıxır ki, Təhsil Nazirliyinin də bu saxtakarlıqda əli var. Təhsil Nazirlyinin məsələyə laqeydliyi onu göstərir. Azərbaycan təhslində saxtakarlığa göz yummaq həqiqətən dəhşətli bir şeydir. Mən bir ziyalı, müəllim kimi belə saxtakarlıqla heç vaxt barışmayacam, mübarizəmiz sona qədər davam edəcək”.

“Mən o uşağa heç bir qiymət yazmamışam”

Azərbyacan dili-ədəbiyyatı müəllimi Validə Məmmədova isə dedi ki, o, şagirdi görməyib:“Mən o uşağa heç bir qiymət yazmamışam. Onlar KSQ-lərsiz BSQ-ni çağırıb yazdıra bilərlər. Amma mən KSQ-ləri yazdıranda o uşaq olmayıb. Mən ümumiyyətlə, o uşağı tanımıram”.

“Mən onu 11-ci sinifdə görməmişəm, nə də ona ona qiymət yazmamşam”

Tarix müəllimi İlhamə Əliyeva da adı çəkilən şagirdə qiymət yazmadığını bildirdi: “Mən ümumiyyətlə, 11-sinifdə o uşağı görməmişəm. Uşağı tanıyıram. İbtidai sinifdə mənim oğlumla oxuyub, amma yuxarı sinifdə mən ona dərs deməmişəm. Bildiyimə görə, o uşaq 6-7-ci sinifdə oxuyanda Biləsuvar litseyinə getdi. Ondan sonra, gəlib. Düzü, mən onu 11-ci sinifdə görməmişəm, nə də ona ona qiymət yazmamşam”.

“Mənim orada imzam yoxdur”

“Ancaq həmin şagirdə 11-ci sinifdə illik qiymət yazılıb, attestat verilib” dedikdə isə İ. Əliyeva belə söylədi: “O mənlik deyil, o direktorla sizin aranıza olan işdir. Məndən soruşsanız, mənim orada imzam yoxdur, qiymət yazmamışam”.

“Mən nə bilim ki, filankəsov filankəs kimdir”

“Hürriyyət”in “11-ci sinif şagirdi Siruz Əliyevi tanıyırsınızmı və ona qiymət yazmısınızmı” sualına rus dili müəllim Şəmsəddin Dadaşov isə belə cavab verdi: “Burada nə olub ki, yer-göy, günəş yerini dəyişməyib ki?! Burada nə olub ki, mən başa düşmürəm. Mənim həftədə 1 saat dərsim var. Xəta olmayıb ki, həftədə 1 saat dərsim var. Heç əslində, biz şagirdləri yaxşı tanımırıq. Şagird mənim qarşımda olanda tanıyıram. Mən nə bilim ki, filankəsov filankəs kimdir, adla tanımıram. Yanımda olanda adı ilə qaldırıram, soruşuram. Bilirəm ki, bu, Həsəndir, bu da Hüseyndir. Mən 10 il dərs dediyim uşaqları tanıyıram, amma 3-5 ay əvvəl gələn uşaqları həftədə 1 dəfə görürəm. Bir dəfə o gəlmir, bir dəfə mən gəlmirəm, bir dəfə də uşaq gəlir, onda adını bir az tanıyıram. Burada nə var ki?”

“Proseslər yadımda deyil”

“Heç o şagirdi görmüsünüzmü” deyə təkrar sual etdikdə Ş.Dadaşov dedi: “Görməmiş olmaram, yəqin ki, görərəm. Qiymət yazmaq da mənim yadımda qalmır. Proseslər yadımda deyil. Mənim beynim xəstədir, ürəyimdən də əməliyyat olmuşam. Mən bu sualları artıq hesab edirəm. Özünüzə niyə əziyyət verirsiniz? Burada nə var, axı. Dünya dağılmayıb ki. Elə saxtakarlıqlar var ki, heç ona yaxın gedilmir. Görün, nə boyda saxtakarlıqlar olub. Məktəbdə saxtakarlıq olmaz. Mən bunu saxtakarlıq hesab etmirəm və heç kimi müdafiə etmirəm”.

Hurriyyet.org

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …