Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır” – DGK sədri

“Gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır” – DGK sədri

Dövlət Gömrük Komitəsinin sədri 2017-ci ilin hesabatını verdi: “Büdcə proqnozu 16 faiz artıqlaması ilə yerinə yetirilib”

Yanvarın 19-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə komitə sədri Aydın Əliyev, onun birinci müavini Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışında  bildirdi ki, rəhbərlik etdiyi qurum ötən ili kifayət qədər uğurlarla başa vurub: “Bununla yanaşı az da olsa  həm işimizin təşkilində, həm də iş adamları ilə münasibətdə müəyyən problemlərlə də rastlaşmışıq. Bu iul də qarşımızda yeni məsələlər durur. Cənab prezident tərəfindən qarşımızda qeyri-neft sektorunun inkişafı, sahibkarlara dəstək əsas məqsəd kimi qoyulub. Dünyada baş verən iqtisadi böhran bir qədər səngisədə davam edir, lakin Azərbaycan iqtisadiyyatı üçün bu il çox uğurlu keçib”.

Statistik göstəricilər barədə məlumat verən DGK sədri vurğuladı ki, ötən il ticarət dövriyyəsi 22 milyard manatdan çox olub: “Burada əsas 13 milyard manatdan yuxarı ixrac əməliyyatları, 8 milyarddan yuxarı idxal əməliyyatları həyata keçirilib. Ötən illə müqayisədə idxalda artım cəmi 291 milyon ABŞ dolları olub. İdxalın artmasının səbəbi odur ki, investisiya qoyuşuşu ilə bağlı cənab prezident tərəfindən verilən qərarlar və qəbul olunmuş  qanunvericilik aktlarından irəli gələn məqsədlərlə Azərbaycana investisiya yönümlü avadanlıqların, tikinti materiallarının və sairin gətirilməsi ilə bağlıdır. Xarici ticarətdə 5 milyard manatdan yuxarı  müsbət saldo əldə olunub”.

A.Əliyev onu da bildirdi ki, gömrük orqanları qarşısında duran əsas məsələlərdən biri büdcə proqnozunun yerinə yetirilməsidir: “2017-ci ildə qarşımızda 2 milyard 250 milyon manat proqnoz qoyulmuşdu. İdxal arttıb. sa da, azadlolunmaların sayı da kifayət qədər artıb. Buna baxmayaraq, düzgün aparılmış fiskal siyasətin nəticəsi olaraq büdcə proqnozu 16 faiz artıqlaması ilə yerinə yetirilib  və büdcəyə 2 milyard 608 milyon manatdan artıq vəsait gömrük orqanları tərəfindən toplanaraq  büdcəyə verilib”.

Gömrük qaydalarının pozulması ilə bağlı statistikadan  danışan Komitə sədri diqqətə çatdırdı ki,  ötən il 8819 qanunpozma halları aşkar edilib: “Onlardan 700-dən yuxarısı  cinayət xarakterli olub. Aparılan istintaq və qəbul olunan qərarlar nəticəsində ayrı-ayrı şəxslərin və mütəşəkkil dəstələrin cinayət işləri baxılması üçün aidiyyəti dövlət qurumlarına verilib. Əsas göstəricilərdən biri də, il ərzində qaçaqmalçılıq faktları üzrə 2770 kq-dan artıq narkotik maddələr, onun xammalı və psixotrop maddələr aşkar olunaraq dövriyyədən çıxarılıb. Həmin dövr ərzində valyutanın ölkədən qanunsuz çıxarılması ilə bağlı  1 milyon 600 min manata qədər ABŞ dolları, 22 milyondan artıq rus rublu  və sair valyuta ehtiyatları, eyni zamanda 1 milyon  200  min manatdan yuxarı qızıl, qiymətli daşlar və zinət əşyaları aşkar olunaraq gömrük orqanları tərəfindən götürülüb”.

Sahibkarlığa dəstək məsələsinə gəldikdə isə A.Əliyev vurğuladı ki, qəbul olunmuş qanunvericiliyə əsasən DGK-da ən  müasir elektron bəyanetmə sistemi, eyni zamanda Azexport  portal vasitəsilə gömrük əməliyyatlarının həyata keçirilməsinə şərait yaradılıb: “ASAN xidmət”də də bizim əməkdaşlarımız fəaliyyət göstərir, orada  14 əməliyyat həyata keçirilə bilər. Artıq bugünə 28 yaşıl dəhlizlə bağlı icazələr 25 şirkətə verilib”.

Komitə sədrinin sözlərinə görə, ötən illə bağlı müsbət hallardan  biri də odur ki, Apelyasiya Şurasında gömrüklə bağlı heç bir şikayətə baxılmayıb: “Qeyd etmək istərdim ki, əgər 2015-ci ildə gömrük orqanları ilə bağlı 2500-dən artıq şikayət daxil olmuşdusa , 2016-cı ildə bu rəqəm 2300-dən bir qədər artıq, ötən il isə 700-ə yaxın şikayət daxil olmuşdu. Bu artıq elektron sistemin göstəricidir ki, getdikcə gömrük orqanlarından şikayətlər azalır. Daxil olmuş şikayətlərin 95 faizə yaxını fiziki şəxslər tərəfindən sərhədi keçərkən aksizli malların qanunsuz daşınması ilə bağlıdır. Bu şikayətlərə də qanunvericilik çərçivəsində cavab verilir. Ümumiyyətlə, gömrük orqanlarında çalışan əməkdaşlara qarşı tələbkarlıq da gündən-günə artır. Ötən il ərzində 334 nəfər sistem üzrə gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 17 gömrük əməkdaşı barəsində isə cinayət işi açılıb. 10 nəfəri birbaşa olaraq Prokurorluq orqanlarına göndərilib, bunlar bir neçə istiqamətlər üzrə, o cümlədən qrup şəklində edilmiş cinayətlə bağlı, vəzifə səlahiyyətlərindən istifadə edərək qaçaqmalçılığa dəstək olmaqla bağlı, vəzifədən sui-iustifadə etməklə bağlı olub. 7 nəfər haqqında isə Gömrük Komitəsində fəaliyyət göstərən İstintaq İdarəsində araşdırma aparılmış, onlardan bir neçəsi üzrə materiallar Prokurorluq xidmətinə göndərilib.

Xarici fəaliyyətimizlə bağlı işlərimiz də davam edir. Bildiyiniz kimi ötən il biz siyasi komissiyanın üzvü olmuşuq. Ötən il  iyun ayında bu fəaliyyətimizi də uğurla bitirmişik. Eyni zamanda dərhal Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komissiyasına üzv seçilmişik, indi də orada təmsil olunuruq. Həmişə olduğu kimi kadrların peşəkarlıq səviyyəsinin artırılmasına , akademiyanın fəaliyyət göstərməsinə çalışırıq. Ötən il Qusarda Şahdağ mehmanxanasında keçirmişik, bu il isə Mingəçevirdə keçirməyi planlaşdırırıq. Gömrük sahəsi üzrə  təhsil alan tələbələr üçün beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə yazışmalar gedir”.

DGK sədri Aydın Əliyev mətbuat konfransında  jurnalistlərin Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi ilə bağlı sualına cavab verərkən bildirib ki, hansı şəkildə qərar verəcəklərsə, o şəkildə də fəaliyyət göstərəcəklər.

A.Əliyev bu sahədəki dünya təcrübəsindən danışaraq ayrı-ayrı ölkələrdə bu məsələnin müxtəlif şəkildə həllini tapdığını qeyd etdi: “Dünyada gömrük orqanları müxtəlif variantlarla fəaliyyət göstərir. Azərbaycanda müstəqildir, ABŞ-da Gömrük Komitəsi sərhəd qoşunlarına birləşdirilib. Bəzi dövlətlərdə gəlirlər xidməti yaradılaraq vergi və gömrük xidməti onun tərkibinə verilib. Avropanın bir çox ölkələrində gömrük və ya maliyyə polisi fəaliyyət göstərir. Gömrük oqranlarının fəaliyyəti fiskal siyasət olduğundan bəzi dövlətlərdə Maliyyə Nazirliyinin, bəzilərində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bu elə məsələdir ki, hökumət tərəfindən müzakirə olmalıdır. Ölkəyə hansı şəkildə daha çox faydası olarsa, ona uyğun qərar verilməlidir. Gömrük orqanları icraedici orqandır, gömrük işçiləri də hökumətin əsgərləridir. Hansı şəkildə qərar verəcəklərsə, o cür də fəaliyyət göstərəcəyik”.

İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılması ilə bağlı xəbərlərə isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev qeyd etdi ki, artım Nazirlər Kabinetinin qərarı ilə olub: “Malların 57 faizinin qiyməti dəyişilməyib. Dəyişdirilən rüsumlardan sadəcə 7 faizinin qiyməti qaldırılıb. İşlənmiş təkərlərin rüsumu 3 dollar idi, yanvarın 1-dən 10 dollar olub. Bu da nəqliyyat vasitələrinin və vətəndaşların təhlükəsizliyi üçün hökumət tərəfindən atılan addımdır. Təkərlərin gətirilməsinə heç bir məhdudiyyət yoxdur. Məqsəd budur ki, işlənmiş təkərlər dövriyyədən çıxarılsın, insanlar təhlükəsiz olan yeni təkərlərdən istifadə etsinlər”.

DGK-nin sədri Aydın Əliyev isə artımla bağlı yaranan narazılıqlara münasibət bildirdi: “Mən 40 ildir dövlət qurumlarında işləyirəm və bu sualı gözlədiyim üçün sənədlərlə gəlmişəm. Maraqlıdır ki, noyabrda qərar qəbul edilib, 37 gündən sonra qüvvəyə minib. Noyabrda heç kim etiraz etmirdi, indi Prezident Administrasiyasının qarşısına toplaşıb elə deyirlər ki,  sanki bunu gömrük edib. Bu qərarı hökumət qəbul edib. O adamları da kimlərsə toplayıb ora aparır. Təxminən 100 nəfər də komitənin qabağına toplaşmışdı, onlardan kim olduqlarını soruşduq. Cəmi 11 nəfər sənəd verdi, 89-u qaçdı. Bu aksiyaları ictimai asayişin kobud şəkildə pozulması kimi qiymətləndirirəm”.

Daha sonra jurnalistlər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən aksizsiz siqaretlərin paytaxtda satışının adi hal alması məsələsinə toxundular.

DGK sədri Aydın Əliyev bu istiqamətdə mühüm addımlar atıldığını, hətta qanunvericilikdə dəyişiklik edildiyini diqqətə çatdırdı : “Ötən il 6 milyon qutudan çox siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi əngəllənib. Qanunvericilikdə edilən dəyişikliyə görə,  artıq hər kəs ayda yalnız 3 blok siqareti ölkəyə gətirə bilər. Bəs belə isə, dövriyyədə aksizsiz siqaretlər haradandır? Biz dəfələrlə danışmışıq ki, bu ölkəyə çox böyük ziyandır. Statistik məlumatlara görə, 2016-cı illə müqayisədə siqaretin, spirtli və spirtsiz içkilərin rəsmi idxalı kifayət qədər artıb. Aksizsiz siqaretlərin bazarda mövcudluğuna gəlincə, Nazirlər Kabinetinin kommersiya məqsədi daşımayan malların gətirilməsi ilə bağlı 305 saylı qərarında bildirilirdi ki, hər bir insan sərhədi keçərkən özü ilə 3 blok siqaret gətirə bilər. Burada heç bir vaxt məhdudiyyəti qoyulmurdu. Sonradan biz hökumətə yazdıq, bildirdik, bu qərarın ”ayda 1 dəfə”yə azaldılmasına nail olduq. Ancaq burada da yaş məhdudiyyəti yoxdur, yalnız şəxsi istifadə üçün yazılıb”.

Komitə sədri bildirdi ki, insanlar xaricdən ən çox siqaret gətirməyə çalışır: “Gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır ki, əlimdən siqareti aldılar. Rayonlarda işbazlar var ki, kənd-kənd gəzirlər, insanları yığıb aparırlar, sərhədi o tərəfə keçirlər, əllərində siqaretlə geri qayıdırlar. Biz təkcə əldə deyil, avtomobillərdə də qanunsuz keçirilən siqaretləri müsadirə edirik. Çalışırıq izləyək və əməliyyat aparaq. Onları harada cəmləşdirdiklərini öyrənib müsadirə edir, dövriyyədən çıxarırıq”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …