Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Generallar “Rabitə işi”ndə ifadə verdi – “Vidadi qonşum idi, istəsəydim…”

Generallar “Rabitə işi”ndə ifadə verdi – “Vidadi qonşum idi, istəsəydim…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyev şahid qismində ifadə veriblər.

S.Qurbanov təqsirləndirilən şəxslərdən Vidadi Zeynalovu tanıdığını deyib. O bildirib ki, bu işlə bağlı üstüörtülü bəzi şeyləri bilir: “Vidadi müəllim istintaqa deyib, mən də eşitmişəm. Amma bu, yalandır, mən pul almamışam”.

Fərid Nağıyev deyib ki, S.Qurbanovun sürücüsü ifadə verərək Vidadi Zeynalovdan pul aldığını təsdiqləyib.

S.Qurbanov bunu təsdiqləmədiyini deyib. Prokuror “sürücünüz sizdən xəbərsiz bunu edə bilərdimi”? deyə soruşub, S.Qurbanov isə “hər şey ola bilər” deyib: “Bəzən Vidadi müəllimə tədbirlər üçün hədiyyələrin alınması ilə bağlı müraciət etmişəm”.

Sonra hakim Vidadi Zeynalovdan S.Qurbanovun dediklərinə münasibət bildirməsini istəyib. V.Zeynalov deyib ki, hər ay nazirliyə pul göndərib. V.Zeynalov istintaqa ifadəsini təsdiqlədiyini deyib: “Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Sübahir müəllimə pul verməmişəm. Nazirlikdən hər ay adam gəlirdi, mən də pulu verirdim, aparırdı. İstintaqda o adamın Sübahir müəllimin sürücüsü olduğunu bildim”.

S.Qurbanov məhkəmə zalını ikiqat əyilərək tərk edib. Onun səhhətində problem olduğu barədə istintaqda məsələ qaldırılıb və müayinə zamanı bel yırtığı olduğu müəyyən edilib.

General Teymur Quliyev ifadə verərək deyib ki, təqsirləndirilən şəxslərin çoxunu üzdən tanıyır: “İbtidai istintaqda hər şeyi danışmışam”.

Hakim bildirib ki, açıq məhkəmə prosesində onun ifadə verməsi məcburidir.

Bundan sonra T.Quliyev ona suallar verilməsini və uyğun olaraq da cavab verəcəyini deyib.

Suallara cavab verən MTN generalı T.Quliyev deyib ki, V.Zeynalovdan heç bir məbləğdə pul almayıb: “Belə bir şey olmayıb, yalandır”.

Vidadi Zeynalov T.Quliyevin ifadəsinə münasibət bildirərək deyib ki, onun birbaşa özünə pul verməyib: “Rəhbərliyin tapşırığı ilə bunu etmişəm. Demişdilər ki, dövlət əhəmiyyətli işlər üçün lazımdı. Mən pulu nazirliyə göndərmişəm, konkret kiməsə yox”.

T.Quliyev deyib ki, Vidadi Zeynalovdan pul almayıb: “Sürücü mənə pul verməyib. İstintaqa görə, bu neçə ay olub, özü də. Vidadi müəllim qonşum idi, istəsəydim özüm keçib pul alardım. Vidadi müəllim deyir ki, öz naziri ilə razılığa gəliblər. Mən bilmirəm onun naziri ilə aralarında nə söhbəti olub. Bunun mənə aidiyyatı yoxdur”.

Qeyd edək ki, V.Zeynalov istintaqa ifadəsində deyib ki, keçmiş nazir Əli Abbasovun təklifi ilə MTN generalı Teymur Quliyevə hər ay 50 min manat pul vermək qərarına gəliblər.

İclasda daha sonra digər şahidlər ifadə verib.

Məhkəmə prosesi yanvarın 27-də davam etdiriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın