Ana səhifə / Araşdırma / Generala 350 min dollar verən iş adamı məhkəməyə qandallı gətirildi

Generala 350 min dollar verən iş adamı məhkəməyə qandallı gətirildi

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nəsib Əliyevin epizodu üzrə araşdırma aparılıb.
Günün ikinci yarısında davam edən iclasda zərərçəkmiş şəxs qismində Əliyev Nəsib Yusif oğlu ifadə verib.
Bildirək ki, Nəsib Əliyev “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub və hazırda həbsdədir. O, dələduzluqda təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilib və hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
N.Əliyev ifadəsində Akif Çovdarovun ona hədə-qorxu gələrək ondan 500 min dollar istədiyini və nildiyini, özünün isə 350.000 dollara razılaşdıqlarını deyib.
Zərəçəkmiş 350 min dolları bacanağı Elçindən 100 min, tanışı Yavərdən 150 min, Mübariz Xudayevdən isə 100 min alaraq Çovdarovun otağında ona verdiyini deyib.
N.Əliyev məhkəmədə Çovdarovun otağının harada yerləşməsi barədə suala isə cavab verə bilməyib. A.Çovdarovun vəkilləri isə onun istintaq zamanı verdiyi ifadəsində otağın yerini dəqiq təsvir etdiyini deyiblər və ziddiyyət olduğunu bildiriblər. N.Əliyev isə istintaq zamanı verdiyi ifadəni təsdiq edib.
Həbsdə olan iş adamının oğlu Elton Əliyev isə ifadəsində deyib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində Atatürk prospektində “Texnikabank”ın əsas filialının inzibati binasından işdən çıxarkən mülki geyimli iki nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib, nazirliyə getməli olduğunu deyiblər. Həmin şəxslərdən hansı səbəbdən onlarla getməli olduğunu soruşduqda ona hər şeyin nazirlikdə araşdırılacağı bildirilib.
Istintaqa ifadəsində 2010-cu ildən yaşamaq üçün Moskva şəhərinə getdiyini deyən E.Əliyev bildirib ki, 2013-cü ildə anasının ona zəng edərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarıldığını söyləyib. O, “Badu Kubə” MTK-nın inşa etdiyi Yeni Günəşli qəsəbəsi V massivindəki yaşayış binasında mənzillərin təkrar satışında ittiham edildiyini bildirib.
2015-ci ilin sentyabrın 2-də o, Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq 8 aydan sonra Azərbaycana ekstradisiya edilib. Hazırda barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.
Məhkəmə prosesi fevralın 15-də davam edəcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın